O şagirdlər məktəbə də kəsici alətlər gətirə bilər! - Elmar Nurəliyev

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 2-də keçirdiyi buraxılış imtahanlarına giriş zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici alətlərin aşkarlanması təhsil ictimaiyyətində təəccübə səbəb olub.

Bu hadisə belə bir fikir yürütməyə də əsas verir: yoxlama olan məkanlara yad cisimlərlə gələn yeniyetmələr, heç bir yoxlama keçirilməyən məktəb binasına daha qorxulu əşyalar apara bilər. Bu isə həm o şagirdin özü, həm də ətrafdakı digər uşaqlar və müəllimlərə böyük təhlükədir.

Belə halların qarşısını almaq üçün hansı təhlükəsizlik tədbiri görülməlidir?

Sözgedən mövzuyla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev AzEdu.az-a açıqlama verib.

O, təhlükəsizlik aspektindən problemin həlli yollarının nələr olduğunu izah edib.

Elmar Nurəliyev deyib ki, şagirdlər belə hallara görə daşıdıqları məsuliyyətdən xəbərsizdirlər, ona görə də bu cür davranışlara yol verirlər

“Şagirdlərin üzərində kəsici-deşici alətlər gəzdirməsi, məktəbə belə alətlər gətirməsi qəbulolunmaz haldır. Qəbulolunmaz olduğu qədər də təhlükə ərz edən bir məsələdir. Şagirdlərin bu alətləri məktəbə gətirməsi və hansı məsuliyyəti daşıdıqlarından xəbərsiz olması onların buna davam etməsinə şərait yaradır. Hesab edirəm ki, məktəblərdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır. Bu, təkcə paytaxt məktəblərində deyil, eyni zamanda rayon ərazilərindəki məktəblər üçün diqqət mərkəzində saxlanılmalı olan məsələdir.

Təbii ki, məktəblərdə yoxlama işlərinə nəzarət üçün dövlət və özəl mühafizə xidmətləri ilə müqavilə bağlayan məktəblər də var. Bunların heç biri olmadıqda belə məktəbdə daxili rejim yaradıb inzibati işçilərdən bir nəfər təkim etməklə məktəbin giriş-çıxışını nəzarətdə saxlamaq mümükündür. Əlbəttə, nəzarəti həyata keçirəcək şəxslər yoxlama işlərini həyata keçirməyi bacaran, qaydalara bələd olan işçilər arasından seçilməldir. Bu olmasa belə, həmin şəxslər lazımi kurslara göndərilməlidir. Onlar şagirdlərin, kənar şəxslərin məktəbə  buraxılışı necə həyata keçirilməlidir, yoxlama-buraxılış zamanı şagirdlərlə davranış qaydaları hansılardır və s. bu kimi məsələlərdən xəbərdar olmalıdırlar”. 

Ekspert şagirdlərin qapıdan buraxılışı zamanı texniki yoxlama vasitələrindən istifadə olunmasını tövsiyə edir:

“Üzərində kəsici-deşici alətlərlə keçməyə çalışanları müəyyən etmək üçün bəzi texniki avadanlıqlar var. Məsələn, bir çox yerdə istifadə olunan qapı detektorları bu baxımdan olduqca faydalıdır. Əgər şəxsin üzərində hər hansı bir yad əşya varsa, bu, detektorlar vasitəsilə aşkarlanır. Problemin həlli üçün texnologiyanın funksionallığından yararlanmaq tövsiyə olunur”.

Müsahibimiz bütün bunlarla birgə valideynlərin və psixoloqların diqqətli olmağını da önə çəkib:

“Ancaq hər şeydən əvvəl məsuliyyət valideynin üzərinə düşür. Hazırkı dövrdə baş verən hadisələri göz önünə gətirərək övladlarına ikiqat diqqət göstərməli, onlarla maraqlanmalıdırlar. Digər bir tərəfdən, məktəbdə psixoloqların rolu da olduqca əhəmiyyətlidir. Mütəmadi olaraq şagirdlərlə sözügedən məsələ ilə bağlı söhbətlər aparılmalı, görüşlər keçirilməldir.DİM imtahanına yoxlamaların həyata keçirilməısi zamanı aşkarlanan alətlər bir siqnaldır ki, bu məsələlərə daha çox diqqət yetirək.Valideynin övladına diqqət yetirməsi, məktəb girişindəki qapı detektoru ilə yoxlama, kamera-nəzarət sistemi, mühafizəçi, psixoloq kimi zəruri ehtiyaclar qarşılansa, demək olar ki, bu kimi halların qarşısı alınar".

azedu.az

neymar.az

0.043285131454468