“Küləkli havada açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradan əsas amillərdən biridir”. - Elmar Nurəliyev

Bu sözləri Ölkə.Az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

O bildirib ki, küləkli havada tonqal qalayarkən mütləq şəkildə təhlükəsizlik qaydalarına əməl etmək lazımdır:

“Tonqalın küləyin istiqamətində olmamasına fikir vermək, tonqal yanıb bitdikdən sonra söndüyünə tam əmin olmaq lazımdır. Tonqal asfalt örtüyünün üzərində yox, ayrılmış xüsusi bir yerdə qalanmalıdır. Bundan əlavə, hansısa bir şənlik təşkil olunarsa, tonqaldan tullanmaq və s. zamanı tonqalın ətrafına toplaşan insanların, o cümlədən uşaqların və yaşlıların da təhlükəsizliyi nəzərə alınaraq daha diqqətli davranmaq lazımdır. Havanın küləkli olması, odun yaxınlıqda olan nəqliyyat vasitələrinə, yardımçı tikililərə, elektrik naqillərinə, ətrafdakı alışa bilən materiallara keçməsi üçün təhlükə yaradır. Əlbəttə ki, bu, yanğın təhlükəsinin daha geniş miqyasda yayılması, insanların xəsarət almasına gətirib çıxaran amillərdəndir. 

Küləyin sürəti yüksək olan yerlərdə tonqal qalanmaması lazımdır. Əgər qalanarsa belə, yenə də təhlükəsizlik qaydaları nəzərə alınmalıdır. Tonqalın üzəri sönüb, lakin içərisində közərən od parçasının olması, alovun ətrafa yayılmasına gətirib çıxara bilər. Bu da ətrafdakı nəqliyyat vasitələri üçün yanğın təhlükəsi yaradır. Ona görə də tonqalın tam sönməsinə əmin olduqdan sonra ərazini tərk etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcəyi açıqlanıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, bayram tonqalına və süfrədə yandırılan şamlara görə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edib.

Billurə Yunus

olke.az

neymar.az

 

 

 

  •  

 

0.034773826599121