Bundan əlavə mühafizə işinin təşkili məsələsi də xüsusi əhəmiyyət kəsb edir- Elmar Nurəliyev

"Terror hadisələri, kənar təhdidlər, təzyiqlər, fiziki müdaxilələr və bu kimi bir sıra hallardan heç kəs sığortalanmayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsiz məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Önləyici tədbirlərin rolundan danışan ekspert bildirib ki, sadəcə önləyici tədbirlər görməklə, təhlükə riskini minimuma endirmək mümkündür: "Buna görə də bütün təyinatlı obyektlər, xüsusən də insanların daha çox olduğu ticarət mərkəzləri, bazarlar, əyləncə mərkəzləri, market şəbəkələri və bir sıra digər məkanlarda təhlükəsizlik tədbirlərinə ciddi nəzarət edilməlidir. Bütün təhlükə risklərinə qarşı tədbirlər görməklə təhlükəsizlik konsepsiyası olmalıdır. Sözsüz ki, bu kimi tədbirlər hadisənin öncədən aşkarlanması, hadisə baş verdikdən sonra ilkin müdaxilənin həyata keçirilməsi, insanların minimum zərərlə xilas olmasına şərait yaradır".


Ekspertin sözlərinə görə qiymətli əşyaların və ya digər məhsulların olduğu obyektlərə hücum hallarına dünyanın istənilən ölkəsində rast gəlinir: "Buna qarşı mütləq önləyici tədbirlər görülməlidir. Təbii ki, bu tip hücumçu şəxslər pis niyyətlərini həyata keçirmək üçün mütləq həmin obyekti öncədən araşdırır və öz planlarını həyata keçirmək üçün əlverişli zamanı gözləyir. Bu kimi halların yaşanmamasına görə də həmin şəxslərə əlverişli şəraiti yaratmamaq lazımdır. Kiçik bir boşluq buraxmaq belə böyük nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən təhlükəsizlik məsələlərində maksimum diqqətli olmaq lazımdır. Bundan əlavə mühafizə işinin təşkili məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mühafizə əməkdaşlarının iş prinsiplərinə düzgün yiyələnməsi, təhlükəsizliyi təmin etmə bacarığı, şübhəli şəxsləri analiz etmə qabiliyyəti, fərdi mühafizə vasitələri və s. bu kimi amillər mühüm rol oynayır". E.Nurəliyev həmçinin bildirib ki, bu gün Bakıda baş verən hadisələr terrordur: "Bu hadisələrdən 100 faiz sığortalanmaq mümkün deyil. Lakin önləyici və nəzarət tədbirləri daha da inkişaf edərsə, düşünürəm ki, bu kimi hallar minimuma enəcək".

Aysu
Demokrat.az

neymar.az

0.033220052719116