“İş yerində həyat və sağlamlıq üçün təhlükə varsa, işçi həmin işi görməkdən imtina edə bilər”- Elmar Nurəliyev

Dünyada milyonlarla insan peşə xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə də eyni mənzərənin şahidi oluruq. İstehsalatda hər il yüzlərlə qəza hadisəsi baş verir, onlarla insan xəsarət alır və ya həyatını itirir. Bu qəzaların 80 %-dən çoxu insan amili ilə bağlıdır. Bəs, iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Bu barədə Ednews-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, fəaliyyət sahəsindən asılı olmayaraq bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:

“İş yerlərində işçinin həyat və sağlamlığı üçün hər hansı risk olmalı deyil. Bunu da təbii ki, işəgötürənlər təşkil etməlidirlər. Bütün təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. İş yerlərində həm texniki təhlükəsizlik qaydalarına, həm  əməyin mühafizəsi qaydalarına, sanitar normalara, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. İşçilərin işlətdikləri texniki avadanlıqların, dəzgahların, makinaların, nəqliyyat vasitələrinin və s. təhlükəsiz istismarına dair bilikləri olmalıdır. Burada həm işəgötürən tərəf, həm də işçi məsuliyyət daşıyır.  Lazımi müddətdə bütün avadanlıqlar texniki baxışdan keçirilməlidir”. 

Eskpert Elmar Nurəliyev qeyd edib ki, işçi vəzifəsini yerinə yetirərkən öz həyat və sağlamlığı üçün təhlükəli hal görərsə işi görməkdən imtina edə bilər: 

“Buna görə onu vəzifədən azad etmək, maaşını kəsmək, töhmət vermək və s. cəza tədbirlərinə əl atmaq qadağandır. Mövcud təhlükə riski aradan qaldırıldıqdan sonra işçi öz işini görməyə davam edə bilər. Çox vaxt şahidi oluruq ki, hündürmərtəbəli binaların tikintisində çalışan şəxslər təhlükəsizlik kəməri taxmır, fərdi mühafizə vasitələri ilə təchiz olunmur. Və ya qaynaqçıdır, lakin iş prosesində gözlüyü, əlcəyi, iş forması yoxdur. Bu, yolverilməzdir və işçinin həyatına birbaşa təhlükə yaradır”.      

Törə Zeynallı

ednews.net

neymar.az

0.028233051300049