“Hansı evdə silah varsa..." - Ekspert təhlükəsizlik qaydalarından danışdı

Ötən günlərdə Bakıda 9 yaşlı uşaq atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirib. Təəssüf ki, son zamanlar bu tipli xəbərlərin sayında artım müşahidə olunur.

Azyaşlıların bu formada cinayət hadisələrinə səbəb olmaması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Bununla bağlı Sfera.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib ki, silahların saxlanılmasının xüsusi qaydaları var:

“Hansı evdə silah varsa - təbii ki, rəsmi icazəli vasitələrdən söhbət gedir – onun sahibi məsuliyyəti dərk etməlidir. Bunu nəinki, azyaşlıların, digər şəxslərin də əlinə keçməsinə izin verməməlidir. Silahın evdə saxlanılması üçün xüsusi dəmir seyflər olmalıdır. Həmin seyflərin də normal standartları var – dəmirin qalınlığından tutmuş, yerləşdiyi yerə qədər... Silah sayına görə də seyfin ölçüləri dəyişir. Eyni zamanda bu, silahın növünə əsasən də müəyyən olunur – uzunluğu, ölçüsü, patronlar və.s”.

Müsahibimiz qeyd edib ki, patronlar silahla eyni yerdə saxlanılmamalıdır:

“Onlar üçün seyfin içində ayrıca yer, özlərinəməxsus açarları olur. Ümumiyyətlə, valideyn və ya əşyanın sahibi evdə silahları açıq yerlərə qoymamalıdır. Bu, azyaşlının yaxud digər şəxslərin əlinə keçə, ondan başqa məqsədlər üçün istifadə oluna bilər.  Həmçinin, uşaqlara da bunun nə qədər təhlükəli olduğu başa salınmalıdır. Ola bilsin ki,  valideynin diqqətindən yayınan zaman azyaşlı silahdan istifadəyə cəhd etsin. Belə olanda faciəvi hadisə qaçılmazdır”.

Günay Rəsulqızı

sfera.az

neymar.az

0.0331711769104