Qış mövsümünün bəlası - özümüzü yanğınlardan necə qoruyaq?- Elmar Nurəliyev

Qış mövsümü ilə əlaqədar olaraq son günlərdə az qala hər gün yanğın hadisələri haqda məlumatlar yayılır. Məsələn, iki gün öncə Şəmkirin Düyərli kəndində eyni vaxtda bir-birindən aralı məsafədə yerləşən iki evdə anidən yanğın baş verib. Hər iki evin sahibi Bakı şəhərində yaşadığından hadisə vaxtı evdə heç kim olmayıb.

Ötən gün Balakən rayonunun Gərəkli kəndində isə mal tövləsində yanğın baş verən yanğın zamanı300-dən çox cücə yanaraq tələf olub. Hadisənin baş vermə səbəbi kimi tövlənin elektrik naqillərində baş verən nasazlıq olduğu ehtimal edilir. 

Bir neçə gün öncə Xaçmazın Ərəb kəndində ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Bundan əlavə, tövlənin içərisinə yığılan ot bağlamalarının bir hissəsi yanıb. Bəs bu cür yanğınların baş verməməsi üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Elmar Nurəliyev: Təmizlik işçiləri binanın fiziki göstəricilərinə uyğun  fərdi mühafizə vasitələriylə təchiz olunmalıdır

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev  Musavat.com-a danışıb: “Ümumiyyətlə, payız-qış aylarında istiliyə olan tələbatın artması səbəbindən daha çox elektrik avadanlıqlarına, qızdırıcılara, qaz sobalarına tələbat artır ki, bu da təbii ki, onların  istifadəsi zamanı təhlükəsizlik qaydalarını ön plana çəkir. Yəni, bu cür avadanlıqlardan istifadə edərkən, mütləq şəkildə təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Elektrik avadanlıqları, qızdırıcıları, naqilləri, qaz təsərrüfatına daxil olan qurğular, mexanizmlər, qaz təchizatı aparatları doğru düzgün standartlara uyğun olmazsa, istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl  olunmazsa, normadan artıq yüklənərsə,  əlbəttə ki, qısaqapanma, yanma təhlükəsi yaradır. Bu baxımdan evlərdə mütləq qaydada həm də iş yerlərində, bu fərdi təsərrüfat sahələri də ola bilər,  mütləq qaydada elektrik xətlərinin düzgün norma və standartla uyğun çəkilməsinə diqqət etmək lazımdır. Həmçinin təsərrüfatın tələbatına uyğun elektirkdən istifadəyə çalışmaq lazımıdır. Bəzən elektrik naqillərində yaranmış qısaqapanmalar, elektrik naqillərinin zədəli halda olması və bunu vaxtında aradan qaldırılmaması öz növbəsində yanğın təhlükə riskini qaçılmaz edir. Ona görə də payız-qış aylarında mütləq bütün təhlükəsizlik tədbirləri ildə ən azı bir dəfə keçirilməlidir. Yəni, böyük təsərrüfatlarda, bazarlarda, ticarət  mərkəzlərində, iş yerlərində elektrik xətlərinin sınaq protokolu təyin olunmalı, nöqsanlar varsa aşkar edilməli  və bunların aradan qaldırılması üçün tədbirlər görülməlidir. 

 Nəzərə  almaq lazımdır ki, yanğınların böyük əksəriyyəti elektrik naqillərində qısaqapanma  səbəbindən baş verir. Təbii ki, yanğınların müxtəlif növləri var, o cümlədən bərk materialların, maye  halında olan maddələrin, partlamağa meylli maddələrin alışmasından baş verən, elektrik təsərrüfatında baş verən yanğınlar və sairə. Təcrübələr də onu göstərir ki, məhz elektrik təsərrüfatında baş verən yanğınlar böyük faiz təşkil edir. Ona görə də həm iş yerləri, təsərrüfat, həm də evlərdə elektrik təsərrüfatına aid olan təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır. 

Bəzən olur ki, evdən harasa gedəndə ev isti qalsın deyə müxtəlif qızdırıcı vasitələri, sobaları yanılı vəziyyətdə qoyur, yəni elektrik cərəyanından ayrımadan evi tərk edirlər. Bu qətiyyən yolverilməzdir. Nəinki qızdırıcı maddələr, mobil telefonlar da bəzən nəzarətsiz halda cərəyanda qaldıqda yanğına gətirib çıxara bilir“.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir müddət əvvəl hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Xalidə Gəray
Musavat.com

neymar.az

0.024218082427979