Qarlı hava ilə bağlı XƏBƏRDARLIQ - ZƏRURİ ÇAĞIRIŞ

"Əlverişsiz hava şəraitində - qarlı havada çovğun yolların buz bağlaması və s. hallarda insanların riayət etməli olduğu təhlükəsizlik qaydaları var. Bu qaydalara əməl etmək hər hansı bir bədbəxt hadisə baş verməməsi, insanları xəsarət almaması üçün çox vacibdir".

Bu sözləri Ölkə.Az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O bildirib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitəsi ilə və ya piyada səfər edərkən mütləq əvvəlcədən meteroloji durumu nəzərə alınmalıdır:

 

"Əgər yollar, piyada səkiləri buz bağlayıbsa, mütləq üst geyimləri və ayaqqabılara diqqət etmək lazımdır. Sürüşkən ayaq geyimindən istifadə etməmək, eyni zamanda müvazinətin saxlanmasında çətinlik yarada biləcək əşya və ya çantanın götürülməməsi, varsa belə, təhlükə yaratmayacaq səviyyədə olmasına diqqət yetirmək lazımdır.

358923

Elmar Nurəliyev

Səkilərdə hərəkət edərkən yolun kənarındakı reklam lövhələri, işıq dirəkləri müvəqqəti və köhnə tikililər, dəmir və ya taxta konstruksiyaların ətrafından keçərkən diqqətli olmaq lazımdır. Sürüşmə, dağılma təhlükəsi olar bilər.

Bundan əlavə, buzlu səkilərdə yeriyərkən əllər cibdə olmamalıdır. Bu, müvazinəti saxlamaq və yıxılma anında zədələrin sayını minimuma endirmək üçün çox vacibdir.

İstər çoxmərtəbəli, istərsə də 4-5 mərtəbəli tikilərin altından keçərkən buz topalarının insanların üzərinə düşmə ehtimalı var. Yəni elə məsafədən keçmək lazımdır ki, yuxarıdan hər hansı bir buz parçası qopsa, üzərinizə düşməsin. Nəzərə almaq lazımdır ki, 10 metrdən daha hündür məsafədən düşən buz parçasınən ağırlıq qüvvəsi ağır xəsarət yetirəcək səviyyədə olur".

Mütəxəssis insanlara xüsusilə qarlı və çovğunlu havada uzaq səfərlərdən, ekstrimal şəraitdən uzaq olmağı tövsiyə edib:

"Əgər vacib deyilsə, təxirə salmaq mümkündürsə, səfərlərə getməmək tövsiyə olunur. İnsanların səfərə getməsi mütləqdirsə, həmin yerin hava şəraitinin nəzərə alması mütləqdir.

Gedəcəyiniz yollar buz bağlayıbsa, nəqliyyat vasitələrin hərəkəti üçün çətinlik yaradacaq amillər varsa, avtomobilin saz vəziyyətdə olmasına diqqət yetirmək lazımdır.

Nəqliyyat vasitəsinin mühərikinin və digər konstruksiyalarının qış rejiminə keçirilməsi diqqətdə saxlanılmalıdır. Əgər nəqliyyat vasitəsi saz deyilsə, şinləri qış rejiminə uyğun deyilsə, bu cür maşın həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Xüsusilə gecə vaxtı yola çıxanlar nəzərə almalıdır ki, gedəcəyi yerdə qar uçqunu, çovğun təhlükəsi ola bilər".

Elmar Nurəliyev qarlı havada ekstrimal şəraitdə səfər edənlərin çantasında olması gərəkən vasitələri belə sadalayıb:

"Mütləq şəkildə çantada ilk tibbi yardım üçün zəruri vasitələr olmalıdır. Bu qayda bütün əlverişsiz hava şəraitlərində tətbiq olunmalıdır.

Əgər səfərə tur və ya bələdçilərlə getməmisinizsə, üzərinizdə rabitə vasitələri, mobil telefon, elektrik batareyası, fit, fanar, heç olmasa, quru qidalar olmalıdır. Əgər kimsə bir neçə yaxını ilə birgə səfərə və ya gəzintiyə çıxıbsa, nəzərə almalıdır ki, qar uçqunu, görmə məhdudiyyəti, azma ehtimalı var. Bilməlidir ki, sürüşüb xəsarət aldığı təqdirdə başqalarına məlumat vermək imkanı olmayan bilər. Digər bir məsələ də odur ki, xəsarət alan şəxs kimisə köməyə çağırdığı yeri başqalarını izah edə bilməz. Belə hallar daha çox ekstrimal hərəkətləri sevən insanların başına gəlir. Bu cür səfərə çıxanda aidiyyəti qurumları və bələdçiləri məlumatlandırmaq lazımdır. Üzərinizdə GPS olmalıdır ki, sizi tapıb xilas etmək, tibbi yardım göstərmək mümkün olsun. Qurum və bələdçiləri məlumatlandırmaq dan qarlı havalarda səfərə çıxanda fors-major hallarla rastlaşmaq və bədbəxt hadisələrin baş vermə riski qaçılmaz olur".

Qeyd edək ki, ötən gün paytaxtda qarlı hava şəraitindən dolyı 25 nəfərin yıxılaraq xəsarət aldığı açıqlanmışdı.

Billurə Yunus

olke.az

neymar.az

0.042374134063721