Canımızı alan “gözəgörünməz düşmən” - Nə etməli, necə etməli?- Elmar Nurəliyev

Havaların kəskin soyuması insanların qaza olan tələbatını da artırıb. Əksər vaxt qaz cihazlarından düzgün istifadə olunmaması insanların həyatı bahasına başa gəlir.

Bakıvaxtı.az xəbər verir ki. təkcə yeni ilin ilk 10 günündə dəm qazından zəhərlənərək ölənlərin sayı 10 nəfərə çatıb.

Dəm qazından boğulmaların qarşısını almaq üçün nə etməliyik?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əhali standartlara cavab verməyən qaz sobalarından istifadə etməkdən çəkinməlidir:

"Dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri budur. Qaz cihazlarına vaxtında texniki qulluğun göstərilməsi də vacibdir. Çox vaxt qulluq mütəxəssislər tərəfindən deyil, insanlar tərəfindən həyata keçirilir. Ev sahibləri özləri qaz xətti çəkir, sobanın yerini dəyişir, ya da qaz sobasını müəyyən emalatxanalarda düzəltdirirlər. Bütün bunlar yanma prosesinə təsir edir, nəticədə dəm qazının fəsadları ortaya çıxır. Soba borularının təmizlənməməsi də təhlükəlidir. Belə ki, sobanın içərisinə tullantılar düşür, heyvanlar orda yuva qururlar. Nəticədə həmin boru tutulur, dəm qazı evə dolur”.

Onun sözlərinə görə, ildə ən azı iki dəfə  - qış fəslindən əvvəl və sonra həmin borular təmizlənməlidir. Bunun üçün Mənzil İstismar Sahələri və bu işlə məşğul olan özəl şirkətlər də var: “Elə evlər var ki, aylarla, hətta illərlə sobanın boruları təmizlənmir. Belə olduğu halda həmin borular dolur və problemlər yaranır”.

Ekspert Elmar Nurəliyev bildirib ki, dəm qazının evə dolması ən çox hamam və yataq otaqlarında baş verir: “Çünki payız və qış aylarında insanların istiliyə olan tələbatı artır, qaz cihazlarından istifadə edirlər. Yaz, yay aylarında qapıları, pəncərələri açıq saxlayırlar. Soyuq fəsillərdə isə bunun tam tərsi olur. Təsəvvür edin, evin qapıları bağlıdır və qaz sobası yanır. Elə bu da təhlükəsizlik qaydalarının pozulmasıdır. İnsanlar arasında maarifləndirmə olsa, məlumatlansalar yaxşıdır”.

Elmar Nurəliyevə görə, ən azından evin havasını gündə bir-iki dəfə dəyişmək lazımdır. Hamam otaqlarında nəfəsliklər, qapının aşağısında dəliklər olmalıdır. Əsasən hamam otaqlarında plastik qapılar olur.

Ekspertin dediyinə görə, bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman mütləq nəfəsliklər açıq olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi zaman-zaman dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edir. Nazirlik tərəfindən dəm qazının yaratdığı təhlükənin qarşısını almaq məqsədilə aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, hələ də bu təhlükənin törətdiyi faciəli hallarla bağlı məlumatlar daxil olur.

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

Qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

Aytac Aslan

0.057586908340454