Böyük maddi ziyanla nəticələnən YANĞINLAR: Qarşısını necə almaq olar? - Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Ziyanın miqyasının artmaması üçün yanğınsöndürənlər tərəfindən tədbirlər görülsə də, sahibkarlar maddi itkiyə məruz qalıb. Eyni zamanda bir neçə nəfər yanğınla əlaqədar xəstəxanaya yerləşdirilib.

Demək olar ki, son illər iri ictimai iaşə obyektlərində ardıcıl yanğınların olmasına şahidlik edirik. Səbəblər müxtəlif olsa da, bəxbəxt hadisənin nəticəsi eynidir - maddi və mənəvi ziyan...

Maraqlıdır, bu cür hadisələrin baş verməsinin əsas səbəbi nədir? Sahibkarlar hansı məsələlərdə diqqətli olmalıdırlar?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğın təhlükəsizliyi ilə bağlı məlumatlılığın olmasının zəruriliyini vurğulayıb.

Müsahibimizin sözlərinə görə, ictimai iaşə obyektlərində yanğın təhlükəsi ilə bağlı əvvəlcədən müəyyən tədbirlər görülməlidir:


"Fövqəladə hadisələrdən heç kim sığortalanmayıb. Önləyici tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə baş verəcək hadisələrin zərərini minimuma endirmək olar. Bunun üçün mütləq təyinatlı obyektlər yanğına qarşı davamlı olan avadanlıqla təchiz edilməlidir. Obyektlərdə ilkin yanğınsöndürmə vasitələrinin, su dirəklərinin, yanğın siqnalizasiya vasitələrinin olması yanğının qarşısını vaxtında almağa kömək edir. Bundan başqa işçilərdə yanğın təhlükəsizliyi ilə bağlı bilgilərin olması, təxliyə planları ilə bağlı məlumatlılıq mühümdür. 

Digər məsələ isə bu cür hadisələrin baş verməməsi üçün görülə biləcək tədbirlərlə bağlıdır. Belə ki, ilkin olaraq obyektlərdə yanğın təhlükəsizliyinə daxil olan risklər nəzərə alınmalıdır. Yəni obyektdə elektrik xətlərinin düzgün çəkilməsi, izolyasiyası, yanma riski yüksək olan avadanlıqların düzgün yerləşdirilməsi, saxlanılması vacibdir. Bundan əlavə işçilərdə yanğın təhlükəsi ilə bağlı əvvəlcədən məlumatlar olmalıdır. Yəni açıq alova qarşı diqqətli olmalı, kibrit, alışqan kimi vasitələrdən diqqətsiz şəkildə istifadə edilməməlidir". 

Ekspert Elmar Nurəliyev iş yerlərini tərk edərkən diqqət yetirməli olduğumuz məqamlardan da danışıb:

"Bəzən təmir işləri aparılanda qaynaq işlərində təhlükəsizlik məsələləri nəzərə alınmır və beləliklə yanğın hadisələri baş verir. Bunlar hamısı kompleks şəkildə görülməli olan işlərdir və bu işlər görülməyəndə bədbəxt hadisənin qarşısını almaq mümkün olmur.  

Bəzən görürük ki, elektrik xətlərinin altında yanma riski olan maddələr yığılıb və buna diqqət edilmir. Bunlar yanğın təhlükəsini yaradan əsas amillərdən biridir. Bundan başqa qış mövsümü ilə əlaqədar istiliyə olan tələbat artıb. Bu mənada istilik sistemlərini işdən çıxarkən söndürmürlər və nəticədə yanğın qaçılmaz olur. Yaxud adicə çay, kofe aparatlarının cərəyanda uzun müddət qalması risk yaradan amildir. Ona görə mütləq şəkildə elektrik naqillərinə diqqət yetirmək lazımdır". 

Əzizə Zeynal

sfera.az

neymar.az

0.028420925140381