“Zəlzələ anında Bakıdakı bu binalara güvənmək olmaz” – Elmar Nurəliyev

“Bakıda tikilən binalar minimal olaraq 8 balllıq zəlzələyə davamlı tikilib. Lakin köhnə tikililər üçün təhlükə daha realdır”.

Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib. Ekspert insanları zəlzələ kimi təbiət hadisələrindən itkisiz çıxmaq üçün bəzi bilgilərə sahib olmağa səsləyib:

“10 il öncə tikilən bəzi keyfiyyətsiz binalara etibar etmək olmaz. Lakin hazırda tikilən binalar bir-bir yoxlanışdan keçir. Hətta hər mərtəbə qalxdıqca binalarda yoxlama olur. Ümumiyyətlə, insanlarda fövqəladə vəziyyət, təbiət hadisələrinə qarşı ilkin biliklərin olması lazımdır. Zəlzələ anında çöldə olan hər hansı reklam lövhəsi, köməkçi tikililərdə və s. dağılma, aşma təhlükəsi olur və bu da insanların həyat və sağlamlığı üçün təhlükə yaradır. Ona görə insanlara bu cür hadisələrlə bağlı məlumatlar verilməlidir”.

Elmar Nurəliyev ev əşyalarının belə, zəlzələ gözə alınmaqla düzülməsinin vacibliyini vurğulayıb:

“Evlərdə zəlzələ anından qorunmaq üçün təhlükəsizlik konsepsiyasının qurulmasına ehtiyac var. Bura əşyaların düzülməsindən tutmuş, bir sıra digər məsələlər aiddir. Evdə mütləq hər kəsdə xüsusi hallar üçün içərisində su, qida ehtiyatı və fanar olan çanta olmalıdır. Bu çanta isə mütləq evin çıxış qapısının yanında yerləşdirilməlidir. Hər yerin coğrafi mövqeyinə uyğun təhlükəsizlik tədbirləri görülməlidir. Məsələn, çay, dəniz kənarında yaşayan şəxslərin evində su basma halları yaşana bilər. Buna müvafiq olaraq həmin şəxslərdə davranış və təxliyə ilə bağlı ilkin bilgilər olmalıdır”.

Əzizə Zeynal

sfera.az

neymar.az

0.036480903625488