Uşaq oyun və əyləncə mərkəzlərində təhlükəsizliyə ciddi nəzarət olunmalıdır - Ekspert Elmar Nurəliyev

Bakı. Trend:

Uşaqlar üçün oyun və əyləncə mərkəzlərində təhlükəsizliyə ciddi nəzarət olunmalıdır.

Bunu Trend-ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, belə obyektlərin layihələndirilməsi zamanı bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır:

"İlk növbədə uşaqlar üçün yaradılan oyun və əyləncə mərkəzlərinin döşəmə hissəsi sürüşkən, qığılcım yaratmayan materiallardan olmalı, tavan hissəsi yanmayan, arakəsmə divarlar və qapılar isə yanmaya davamlı olmalıdır. Əyləncə mərkəzində olan inventarlar, uşaqlar üçün nəzərdə tutulan attraksionlar və digər qurğular tez alışan materiallardan hazırlanmamalıdır. Bu qurğuların mütləq təhlükəsizlik sertfikatı olmalıdır. Qurğular hər altı aydan bir texniki baxışdan keçməlidir. Əyləncə mərkəzlərinin havalandırma, yanğın təhlükəsizliyi sistemi, nəzarət müşahidə kameraları, ehtiyat çıxışı, ehtiyat işıq generatorları və ehtiyat su çəni olmalıdır".

Ekspert əlavə edib ki, əyləncə mərkəzlərində çalışan işçilərin hər biri yanğın və digər xoşagəlməz hallarda necə davranacağını mütləq bilməlidir.

"Ticarət və əyləncə mərkəzlərində işçilərin sayı çox olarsa, könüllü yanğınsöndürmə dəstəsi olmalıdır. Bu qanunla təsbit olunur. Həmin işçilərin bilik və bacarıqları hər ay yoxlanılmalıdır. Buradakı avadanlıqlar, qurğuların istismarına cavabdeh şəxslər olmalıdır. Əyləncə mərkəzlərində yaxşı olardı ki, fövqəladə vəziyyətlərdə uşaqların necə davranacağı barədə maarifləndirmə aparılsın",- deyə Elmar Nurəliyev bildirib.

0.064001798629761