Bakıda qaz balonları ilə bağlı TƏHLÜKƏ daha da artdı: "Heç bir qurumun səlahiyyəti yoxdur"- Elmar Nurəliyev

Gecə klubunda baş verən partlayış hadisəsi propan qaz balonlarının təhlükəsi ilə bağlı məsələni gündəmə gətirdi. Bu hadisədən sonra ictimai-iaşə obyektlərində, kafə və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirdilər, sahibkarlara qaz balonlarının obyektlərdən kənarlaşdırılması barədə xəbərdarlıq edildi.
 
Bəs, qaz balonlarını kimlər və necə kənarlaşdıracaq?
 
Bununla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, heç bir dövlət qurumuna belə səlahiyyət verilməyib. Onun sözlərinə görə, nə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, nə "Azərqaz"ın, nə də Energetika nazirliyinin bununla bağlı səlahiyyəti var:
 
"Bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun səlahiyyəti olmalıdır. Daşınması üçün xüsusi maşınlarda və bununla bağlı ayrılmış xüsusi yerə, poliqona aparılmalıdır. Orada istifasəsi yararsız olan bu qaz balonlarının utilizasiyası reallaşdırılmalıdır. Ancaq indiki halda bu qaz balonlarının obyektdən aparmaq üçün heç bir qurumun səlahiyyəti yoxdur. Qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə hansı qurum nəzarət edir? İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu balonları doldurur və şəxsi maşınla daşıyır. Hansısa qurum obyektlərdən yığışdırıb aparsa belə, bu qaz balonlarını hara aparacaq, necə utilizasiya edəcək?”.
 
Müsahibimiz bildirib ki, bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var:
 
"Qanun layihəsində bu işləri görəcək qurum göstərilməlidir. Bu gün isə, qaz balonlarını obyektdən kənarlaşdırmaq vətəndaşın ixtiyarına qalıb. Vətəndaş da qaz balonunu öz şəxsi maşınına qoyub aparır, ya evində, həyətində ya da, obyektin çölündə saxlayır. Belə olan halda, təhlükə yenə də qalmaqda davam edir. Yenidən istifadəsi aşkar olunarsa, cəmi 30 manat cərimə olunmaqla canlarını qurtaracaqlar”.
 
Günay Rəsulqızı
Sfera.az
neymar.az
0.026427984237671