Yanğından necə sığortalanmaq olar?- Elmar Nurəliyev

Dünən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı"nın ərazisində anbar yanıb. Bu hadisə bir daha yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Trend-in sualına cavabında bildirib ki, anbarların təhlükəsizlik məsələsi onların təyinatından aslıdır: "Bunlara misal olaraq qida məhsulları, qarışıq mallar, kimyəvi tərkibli, xammal və.s məhsulların saxlandığı anbarları göstərmək olar. Ümumiyyətlə, anbarların təhlükəsizlik məsələsi onun yerləşdiyi yerdən, istifadə qaydalarından, təyinatından çox asılıdır. Anbarlarda, birinci növbədə, yanğın qaydalarına ciddi riayət olunmalıdır. Anbarlar tikilərkən yanğın təhlükəsizliyi tədbirləri görülməlidir. Əgər anbarda kimyəvi tərkibli məhsullar saxlanılırsa, mütləq qaydada avtomatik yanğınsöndürmə olmalıdır ki, baş verən qığılcımı, yanğını anında söndürsün. Belə təhlükə riski olan anbarlarda müasir texnologiyalardan faydalanıb, avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmalıdır. Bundan başqa, anbarların təhlükəsizliyinə görə ehtiyat su çəni, yanğın hidrotları, yanğın dolabı, ilkin yanğınsöndürmə vasitələri, siqnalizasiya mütləq olmalıdır. Bütün bunlar olmalıdır ki, baş verəcək təhlükəyə müdaxilə anında olsun. Anbarlarda çalışan işçilər yanğın qaydalarına mütləq şəkildə əməl etməlidirlər".

Ekspert əlavə edib ki, ümumiyyətlə, hər malın kimyəvi xassələrinə görə öz saxlama qaydası var: "Bəzən şahidi oluruq ki, anbarlarda bu qaydalara riayət edilmədikdə yanğın qaçılmaz olur. Anbarlarda tullantılar üçün xüsusi poliqonlar olur. Müəssislərdə kimyəvi tərkibli tullantılar, məişət və xammal tullantıları eyni yerə atılmamalıdır. Bunların daşınması xüsusi qaydada həyata keçirilməlidir.Yanğınların əmələ gəlməsində oksigen, yanar maddə, istilik elementləri yer tutur. Bunlar bir yerdə olarsa, yanğının baş verməsi qaçılmazdır".

Qeyd edək ki, dünən axşam saatlarından Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində başlayan yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

neymar.az / Elmar Nurəliyev

0.028739929199219