Dəm qazı qurbanı olmamaq üçün nə etməli? - Ekspert Elmar Nurəliyev

Demək olar, hər gün dəm qazından zəhərlənmə halları baş verir. Əksər vaxt da bu zəhərlənmələr ölümlə nəticələnir.

Bəs dəm qazı nədən yaranır? Nələrə diqqət etməliyik?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, dəm qazı natamam yanma məhsuludur: “Natamam yanma qaz cihazlarına kənar müdaxilələr, kustar üsulla hazırlanan, standartlara cavab verməyən qaz cihazlarından istifadə, tüstü bacalarını vaxtında təmizləməmək, tüstü bacalarında nasazlıq (çat, dəlik, deşik) dəm qazını yaradan əsas amillərdir. Dəm qazı natamam yanma nəticəsində əmələ gəlir”.

Onun sözlərinə görə, bu gün hansısa standartlara cavab verməyən qaz sobalarından istifadə olunarsa, təbii ki, dəm qazının yaranması qaçılmaz olacaq: “Birinci növbədə insanlar qaz cihazı alarkən standartlara cavab verən cihaz almalıdırlar. Amma bəzən insanlar qiyməti ucuz olan, bəzəkli görünən, satış şərtləri daha sərfəli olan, standartlara uyğun gəlməyən qaz sobaları alırlar. Bu isə olduqca təhlükəlidir”.

E.Nurəliyev deyir ki, dəm qazından zəhərlənmə halları, əsasən, hamam otaqlarında yaranır: “Hamam otaqlarında qaz təchizatı olur. Ancaq, ümumiyyətlə, hamam otaqlarında qaz cihazı olmalı deyil. Xüsusilə də, standartlara cavab verməyən cihaz olduqda, təbii ki, dəm qazının yaranması qaçılmaz olacaq. Əgər qaz cihazını hamam otağından çıxarmaq mümkün deyilsə, heç olmasa qapısının aşağısından bir neçə dəlik açılmalıdır. Fəsildən, havanın temperaturundan asılı olmayaraq, nəfəslik açıq qalmalıdır. Həmçinin, ventilyasiya sistemi daim açıq olmalıdır. Belə olan halda, dəm qazı otağa dolsa da, zəhərlənmə olmayacaq, bədbəxt hadisələrə gətirib çıxarmayacaq”.

Ekspertin dediyinə görə, dəm qazını aşkar edən dedektorlardan da istifadə olunsa, yaxşı olar: “Dedektorlar dəm qazını ilk sızma anından açkar edən kimi avtomatik elektron maneə şüaları ötürür və qaz təchizatı dayanır. Ev yiyəsi də siqnal vasitəsilə evdə dəm qazı olduğunu bilir. Evdə dəm qazı təhlükəsi yaradacaq qaz təchizatı varsa, dedektorlar ən unikal vasitədir”.

Bundan başqa, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir: “Elə tüstü bacaları var ki, illərlə təmizlənmir. Bu isə havalandırmaya maneə olur, nəticədə, yanma prosesi düzgün getmir və dəm qazı yaranır”.

Aytac Aslan

0.037641048431396