Ərdoğandan təsirli sözlər: “Şuşanın başının üzərindəki duman artıq dərdli deyil”
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Bakıdakı Zəfər paradında çıxışı zamanı təsirli fikirləri ilə diqqəti çəkib.
O, Azərbaycan bayatısı söyləməsi ilə yadda qalıb:
“Artıq Azərbaycan torpaqları illərcə həsrət qaldığı Tərtərçaya qovuşmuşdur. Şuşanın başının üzərindəki duman artıq dərdli deyil. Xarı bülbül artıq azaddır və daha parlaq açacaq.
Köndələnçay artıq daha gur axacaq. Araz türküsünü daha güclü çağıracaq, “Qarabağ Şikəstəsi”ni oxuyan nəfəs daha bərk çıxacaq.
Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar...
Ay Laçın, can Laçın, mən sənə qurban Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.
Bu gün Azərbaycan şairi, milli mücahid Əhməd Cavadın ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, İslam Qars Ordusunun əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür.
Bu gün hamımız, bütün türk dünyası üçün böyük qürur günüdür. Rəbbimə bizlərə bu günü yaşatdığı üçün sonsuz həmd diləyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, 30 illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdiyi müddətdə bütün çətinlikləri birgə aşmağa davam edəcək”.
oxu.az
neymar.az