Kimlərə ümumiyyətlə mühafizəçi işləmək olmaz?- Elmar Nurəliyev

Son.az bildirir ki, metbuat.az bu kimi suallara cavab tapmaq üçün təhlükəsizlik üzrə tanınmış ekspert Elmar Nurəliyev ilə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:
Özəl mühafizə fəaliyyəti nədən ibarətdir?
Özəl mühafizə işinin fəaliyyəti fiziki və ya hüquqi şəxslərin, sahibkarların mülkiyyətini, daşınan və yaxud daşınmaz əmlakını hüquqa zidd qəsdlərdən qorumasını təmin etməkdir. Bunun üçün onlar özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərə müraciət edərək müqavilə bağlayır və bundan sonra həmin obyektdə mühafizənin təşkil edilməsini mühafizə şirkəti həyata keçirir. Təbii ki, müqavilədə tərəflərin məsuliyyəti və öhdəlikləri hamısı öz əksini tapır. Mühafizəyə götürülən obyektin fiziki olaraq qorunması, daşınan və daşınmaz əmlakının qorunması, obyekt daxili rejimin tətbiq olunması və buraxılış rejiminin qurulmasını həyata keçirərək obyektin mühafizəsini təşkil edir.
Mühafizə şirkətlərinin işi hansı qanunla tənzimlənir?
Qeyri-dövlət özəl mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu var və buradamühafizəçilərin vəzifəsi, onlara olan qadağalar müəyyən edilib. Bu, iş zamanı yaranan problemlərin qanun çərçivəsində həllini təmin edir. Bu qanun Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən 10 aprel 2007-ci ildə qəbul edilib.
Kimlər mühafizəçi işləyə bilər və kimlərə ümumiyyətlə mühafizəçi işləmək olmaz?
Həqiqi hərbi xidmətini qüsursuz başa vurmuş (qadınlara aid deyil), fiziki olaraq sağlam olan, alkoqolizm və narkomaniya xəstəsi olmayan və məhkumluğu olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı özəl mühafizə fəaliyyəti göstərən şirkətlərdə mühafizəçi işləyə bilər. Kimlər mühafizəçi işləyə bilməz sualına gəlincə, qəsdən adam öldürmədə ittiham olunan və qəsdən adam öldürdüyünə görə məhkum olunmuş şəxslər ,psixoloji və fiziki olaraq sağlam olmayan, alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslər mühafizəçi işləyə bilməzlər.
Mühafizəçinin işi, yəni vəzifəsi nədən ibarətdir?
Mühafizəçi təyin olunduğu obyektdə təlimata uyğun mühafizəni təşkil etməli, ayıq-sayıq olmalı, baş verə biləcək cinayət tərkibli və ya bədbəxt hadisələrin riskləri nəzərə alınmaqla işini təşkil etməli, obyektin normal iş ahənginin pozulmasına yönələcək hərəkətlər etməməklə işini görməlidir. Təbii ki, burada qeyd etməliyəm ki, mühafizəçi etik davranış kodeksindən kənara çıxmamalı, nəzakətli olmalı, səbrli və təmkinli olmaqla yaranan problemin həllinin tapılması üçün ən əlverişli yoldan istifadə etməlidir.
