Yüzlərlə insan dəm qazından həyatını itirir- Elmar Nurəliyev

Qaz cihazlarına baxış keçirən “Azəriqaz” əməkdaşlarına qarşı zorakılıq, kobud rəftar yolverilməzdir

“Evə baxış keçirən şəxsin məqsədi əhalinin təhlükəsizliyini qorumaq, vətəndaşların başına gələcək hər hansı bir təhlükə barədə əvvəlcədən xəbərdarlıq etməkdir. Xarici ölkələrdə bu cür xidmətlər ödənişlidir”

 
 
  "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı döyülüb. Bu barədə İB-nin baş direktoru Ruslan Əliyev məlumat paylaşıb. O bildirib ki, "Azəriqaz" İB-nin əməkdaşı (BRQSD-nın nəzarətçisi) Nəsimi rayonu, M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən (“Rifah MTK”) bina 7 mənzil 13 ünvanına texniki müayinə ilə bağlı baxış keçirmək istəyib: "Ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə mənzilə daxil olan əməkdaşımız texniki baxış keçirən zaman ev sahibinin oğlu tərəfindən fiziki şiddətə məruz qalıb. Nəticədə, əməkdaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
  Açıqlamada qeyd olunub ki, faktla bağlı hadisə yerindən həm təcili tibbi yardıma, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Hadisəni törədən şəxs polis bölməsinə aparılıb.
  R.Əliyev abonentlərə səslənərək bildirib ki, bu kimi hallara yol verməsinlər.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, əhalinin dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür münasibət sərgiləməsi mənfi tendensiyadır: “Qaz cihazlarına baxış keçirən “Azəriqaz” əməkdaşlarına qarşı zorakılıq, kobud rəftar, qapı açmamaq kimi hallarla tez- tez rastlaşırıq. Evə baxış keçirən şəxsin məqsədi əhalinin təhlükəsizliyi, vətəndaşların başına gələcək hər hansı bir təhlükə barədə əvvəlcədən xəbərdarlıq etməkdir”. Xarici ölkələrdə bu cür xidmətlərin ödənişli olduğunu vurğulayan E.Nurəliyev deyib ki, qaz cihazlarının təhlükəsizliyindən əmin olmaq istəyən vətəndaşlar ixtisaslaşmış müəssisələrə müraciət edirlər ki, müəyyən vəsait qarşılığında evlərində qaz sızma olub-olmadığını, tüstü bacalarının standartlara uyğun olduğunu yoxlasınlar və baş verə biləcək hər hansı bir təhlükəyə qarşı profilaktik tədbir görsün, ailəyə qaz təhlükəsizliyi ilə bağlı maarifləndirmə xarakterli izahat versin: “Bizdə isə dövlət qurumu bu xidməti təmənnasız etdiyi halda insanlarımız həddindən artıq aqressiv münasibət sərgiləyir. Yüzlərlə insan dəm qazından həyatını itirir, zaman- zaman evlərdə qazsızma nəticəsində yaranan partlayışlar, yanğınlar barədə xoşagəlməz hadisələrə şahid oluruq. Bütün bunlar da zamanında təhlükəsizlik tədbirlərinin görülməməsinin nəticəsidir. Əvvəllər evlərdəki qaz cihazlarına nəzarət dövlət qurumlarının vəzifəsi deyildi. Qazla bağlı təhlükəsizlik məsələlərinə sayğaca qədər “Azəriqaz” məsuliyyət daşıyır, sayğacdan sonra məsuliyyət vətəndaşların üzərinə düşürdü. İndi isə qurum sayğaca yox, qaz cihazlarına qədər məsuliyyət daşıyır. Mənzillərdəki qaz avadanlıqlarında təhlükəsizlik qaydalarının gözlənilməsinə də ciddi nəzarət olunur. Lakin bəzi vətəndaşlarımız qurum əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törədir. Halbuki bu məsələ qanunla tənzimlənir. Məişət qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanının nümayəndələri texniki baxış keçirməli, quraşdırılan hər bir məişət qızdırıcısının standarta uyğun olub-olmadığını yoxlamalıdır. Bütün mənzillərdə təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istismarı zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Payız-qış mövsümündə mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlılığı yoxlanılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır. Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz.
Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
  Dəfələrlə deyilib ki, dəm qazı təhlükəlidir, metan qazı partlayış törədə bilər. Lakin insanlar yenə də etinatsız olurlar, harda gəldi qaz sobalarını quraşdırırlar. Sobaların, su qızdırıcılarının tüstü bacaları mütləq olmalıdır. Bu tüstü baca ilə də dəm qazı çölə ötürülməlidir. Mütləq evlərdə ventilyasiya kanalları olmalıdır. Ventilyasiya vasitəsilə otaqların havası dəyişdirilməlidir. Evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Elədikləri qanunsuzluqlar üzə çıxmasın deyə də qurum əməkdaşlarını evə buraxmır, üzə çıxanda isə ona qarşı zorakılıq edirlər”.
sherg.az
neymar.az
0.019896030426025