Evdə qaz peçi və "pitminutka" işlədənlərin nəzərinə: bu üsullardan istifadə edin- Elmar Nurəliyev
Soyuq aylarda xüsusi aktuallıq kəsb edən məsələlərdən biri də evlərdə qaz sobalarından düzgün istifadə etməkdir. Lakin bəzən məsuliyyətsizlik, bəzən qaz sobaları və su qızdırıcıları haqqında məlumatsızlıq, bəzən isə texniki problemlər xoşagəlməz sonluqlara səbəb olur. Təsadüfi deyil ki, hər qış dəm qazından həyatını itirənlərin sayı yay aylarına nisbətən daha çox olur. Bəs faciəvi halların baş verməməsi üçün nələrə diqqət edilməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, standartlara cavab verən, müəssisələr tərəfindən rəsmi akkreditasiyadan keçən və sertifikasiyası olan qızdırıcı cihazlardan istifadə etmək lazımdır.
O, bu cihazların quraşdırılmasını isə həmin müəssisələrdən olan peşəkar işçilərə əmanət edilməsinin vacibliyini vurğulayıb:
“Qızdırıcıların quraşdırılması zamanı müəyyən təhlükəsizlik qaydalarına riayət edilməlidir. Məsələn, otağın həcmi nəzərə alınmalı, qaz sobası yerləşdirilən otaqda havalandırma olmalı, qaz cihazları otağa qeyri-metal borularla çəkilməməli, bir otaqdan digərinə hər hansı bir vasitə ilə ötürülməməlidir. Bundan əlavə, qızdırıcı çən və “pitminutka”ların bacası tez-tez təmizlənməlidir. Küləkli havada çirkli borulardan çıxan qazlar həmin tüstü bacası vasitəsilə içəriyə sovrulur. Bu da yanma prosesini pozur və nəticədə dəm qazının yaranmasına gətirib çıxarır”.
E.Nurəliyev qeyd edib ki, hamam otaqlarının içərisində qızdırıcı çən və “pitminutka” kimi su qızdırıcıları yerləşdirilməməlidir. O, həmin cihazların hamam otaqlarında yerləşdiriləcəyi təqdirdə onların həcminin nəzərə alınmasının vacib olduğunu bildirib:
“Əfsuslar olsun ki, bəzi evlərin 1,5-2 kvadtrametrlik hamam otaqlarında qızıdırcı çən və yaxud da “pitminutka” olduqda və havalandırma, nəfəslik olmadıqda bu, təhlükə yaradır. Bu halda yanma prosesi düzgün getmir, nəticədə dəm qazından boğulma riski ortaya çıxır. Hamam otaqlarında nəfəslik daim açıq olmalıdır. Bundan əlavə, qapının aşağısında xırda dəliklər olmalıdır ki, hava içəridə dövr etsin. Ancaq əfsuslar olsun ki, bəzən hamam otaqlarına kənarları rezin olan və içəri hava ötürməyən plastik qapılar qoyulur. Dəm qazından zəhərlənmədən yayınmanın digər yolu evlərdə dəm qazı əleyhinə detektorlardan istifadə edilməsidir. Qaz sızıntısı olan an həmin cihazın siqnalizasiyasının işə düşməsilə istifadəçiyə məlumat verilir və mümkün riskin qarşısı alınmış olur”.
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə əsasən qapalı mühitdə qaz cihazı işləndiyi hallarda yaranır.
Onun sözlərinə görə, zəhərlənmə halları həssas adamlarda özünü daha ağır formada göstərir: “Qapalı mühitdə qaz cihazı işlədikdə tez bir vaxtda oksigen çatışmazlığı yaranır. Nəticədə dəm qazı parçalanır və zəhərlənmə halları meydana çıxır. Dəm qazının qoxusu və rəngi olmadığı üçün həssas adamlar onu hiss edə bilmirlər. Dəm qazından zəhərlənmədən qorunmaq üçün mütləq şəkildə havalandırmadan istifadə etmək lazımdır”.
Toksikoloq dəm qazından zəhərlənmənin iki növünün olduğunu qeyd edib: “Huşun itirilməsi ilə özünü büruzə verən zəhərlənmə daha ağır, huşun itirilməməsi halı ilə müşahidə olunduqda isə nisbətən yüngül zəhərlənmə hesab edilir. Hər iki halda zəhərlənən şəxsi təcili olaraq təmiz havaya çıxarmaq və ona isti maye qəbul etdirmək, daha sonra isə xəstəxanaya müraciət etmək lazımdır”.
İqtisadiyyat.az
Sadiq Cavadov
neymar.az