Neft bu dəfə can aldı – köhnə quyulara nəzarət edilirmi? - Elmar Nurəliyev

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlının istifadəsiz qalmış neft quyusuna düşərək həyatını itirməsi belə quyular olan ərazidə məskunlaşan sakinlərin təhlükəsizliyi mövzusunu gündəmə gətirib.

Məsələ ilə bağlı Ednews-a açıqlama verən geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın neft-qaz institutunun icraçı direktoru professor Vaqif Qurbanov bildirib ki, sözügedən quyular köhnə, qədimdən qazılmış quyulardır. Çox vaxt aidiyyatı qurumların belə quyulardan xəbəri olmur:

“Bəlkə də Hacı Zeynalabdin Tağıyevin dövründən qalmış quyulardır. Yəqin ki, istifadəsiz qalıb uzun müddət, sonradan ağzı açılıb. Araşdırsaq, heç bir qurumun balansında da deyil. İstifadəsiz qalan quyuların ətrafında qanunsuz evlər tikib yaşayırlar. Neft sahəsində ümumiyyətlə məskunlaşmaq olmaz. Orada radiasiya yüksəkdir, yaşamaq üçün sanitar normalara cavab vermir. Yer səthində aşınma getdikcə həmin quyular üzə çıxır. Üzərindən bir əsr yarım vaxt keçib. Qədim quyular dayaz amma geniş olub, əllə qazılırdı o vaxt, nefti də mexaniki üsulla çıxarırdılar”.

V.Qurbanov qeyd edib ki, 20-ci əsrdə qazılan quyular təhlükəsizlik şərtlərinə cavab verir. Belə ki, 30-cu illərdən sonra qazılan quyuların hamısının texniki pasportu var:

“Müasir quyuların diametri çox kiçik olur, içinə ancaq daş atmaq olar. Bibiheybət, Balaxanı, Maştağa, Hövsan tərəflərdə olan quyuların diametri heç 20 sm deyil, nasos işləyən, neft gələn quyuların da diametri elə böyük olmur. Bakı Ali Neft məktəbinin yaxınlığında tələbələrin ekskursiya etməsi üçün nəzərdə tutulmuş mexaniki yolla qazılan ilk neft quyusu saxlanılır, onun da kənarları haşiyəyə alınıb ki, heç kim yaxınlaşmasın”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə bədbəxt hadisəyə səbəb kimi həm aidiyyatı qurumların, həm də valideynlərin məsuliyyətsizliyini əsas gətirib:

“Əgər quyu istifadəsizdirsə, üzərində hər hansı bir örtük yoxdursa, açıq vəziyyətdədirsə və həmin ərazi məişət tullantıları ilə doludursa, ot basıbsa nəinki uşaqlar, böyüklər də o quyunu görməyə bilər. Günün qaranlıq vaxtı bu daha da təhlükə yaradır. Bu neft quyusu yox, yol çöküntüsü, aşma təhlükəsi olan işıq dirəyi, kanalizasiya quyusu da ola bilər. Bəlkə də həmin ərazidə təhlükəli hal aylardır, illərdir davam edir. Hadisə isə bir dəfə olur. Hər bir müəssisə, qurum, şirkət və ya icra hakimiyyəti, bələdiyyələr balansında olan ərazinin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır, əvvəlcədən tədbirlər görülməli idi. Valideynlər də uşaqlarının oynadığı, gəzdiyi yerlərə baxmalıdır, təhlükəli bir vəziyyət varsa, uşağını həmin əraziyə buraxmamalıdır. Çox güman orada yaşayan sakinlər belə ağzı açıq quyuların olduğunu bilirdi, amma özləri də səhlənkarlıq edib, uşaqları nəzarətsiz qoyublar, səlahiyyətli şəxslərə məsələni bildirməyiblər. “Mənə heç nə olmaz” deyib, biganə yanaşıblar. Nəticədə isə iki azyaşlı həyatını itirib”.

Törə Zeynal 

ednews.net

neymar.az

0.029313087463379