Dəm qazı təhlükəsindən qorunmaq üçün bunu etmək VACİBDİR - Ekspert Elmar Nurəliyev

“Havalar soyuduqca insanların qaz cihazlarına, istiliyə olan təlabatı artır. Evləri qızdırmaq üçün mərkəzi istilik sistemi olmayan evlərdə qaz cihazları və avadanlıqları, eyni zamanda hamam otaqları da işə düşür. Hamam otaqlarında qışda havalar soyuq olduğu üçün nəfəsliyi bağlı saxlanılması və qapının aşağı hissəsində dəliklərin olmaması da dəm qazından zəhərlənmə hallarını qaçılmaz edir”.

Sulh.info.az xəbər verir ki, bu sözləri dəm qazı zəhərlənmələri və ondan qorunmaq yolları haqqında saytımıza açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib:

“Təəssüflər olsun ki, hər il qış aylarında dəm qazından boğulma halları ilə bağlı xəbərlər eşidirik. Nə qədər maarifləndirilmə aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşaraq qaz ilə bağlı təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşırlar. Dəm qazının qurbanına çevrilməmək üçün standartlara cavab verən qaz cihazlarını istifadə etmək, evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək, tüstü bacalarını ildə iki dəfə təmizləmək, evin havasını gün ərzində bir neçə dəfə dəyişmək, hamam otaqlarında nəfəslik və ventiliyasiya olmasını təmin etmək lazımdır.

Yəni standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Ancaq hələdə bəzi insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı belə olmayan bu qaz cihazlarını alır və istifadə edirlər. Bu potensial təhlükə riskidir ki, insanlar bunu nəzərə almırlar”.

Ekspert Elmar Nurəliyev bildirib ki, dəm qazı iysiz olduğu üçün onu hiss etmək mümkün olmur:

“Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. Dəm qazı zəhərlənməsi zamanı insanda baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi əlamətlər özünü göstərir. Dəm qazını, yəni karbon-monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Natamam yanma nəticəsində ayrılan qaz dəm qazına çevrilir. Yanma düzgün gedərsə ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidirlər ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Yəni ki, soba norma və standartlara uyğun deyil, qazı tam yandırmır. Əgər tüstü borularında deşik-çat olarsa belə, yenə də yanma prosesi düzgün getməyəcək. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü boruları yamaq, kəsik-deşik olmamalıdır.Tüstü boruları zədəli olarsa dəm qazının yaranması qaçılmaz olar. Gəlin baxaq. Dəm qazından zəhərlənmə halları əsasən evin hansı sahəsində baş verir? Yataq otağı və hamam otağında. Ən çox hamam otağında dəm qazından zəhərlənmə halları olur. Hamam otaqlarında, ümumiyyətlə, qaz cihazı olmalı deyil. İndi "kombi" kimi istilik sistemləri varki, hamam otaqlarında və digər otaqlarda qaz cihazlarına ehtiyyac olmur”.

Dəm qazı zəhərlənməsinin ən çox hamam otaqlarında qeydə alındığını vurğulayan ekspert bildirib ki, onun baş verməsinin digər səbəbi isə hamam otaqlarının normalara uyğun olmamasıdır

“Digər səbəb isə hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları minimum 7 kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da varki, orada kustar üsulla hazırlanan, yaxud da “su çəni”, “ pitiminutka” deyilən qaz cihazı qoyulub. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan 7 dəqiqədən artıq tənəfüs etdikdə ölüm təhlükəsi ola bilər. Otaqda olan hava kütləsinin 0.1% dəm qazı belə bəs edir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bu qaydalara məsuliyyətlə yanaşmaq lazımdır.

Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxartmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyyac olarsa süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay verməklə təcili tibbi yardım çağırmaq lazımdır”.

Onun sözlərinə görə, dəm qazı zəhərlənməsi baş verməsinin qarşısını almaq üçün eyni zamanda evdə də təhlükəsizlik qaydalarına əməl etmək lazımdır:

“Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları var ki, bədbəxt hadisələr ilə qarşılaşmamaq üçün onlara əməl etmək lazımdır. Qaz cihazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq, sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. Buna çöldən evə girəndə də mütləq əməl etmək lazımdır. Bizdə belə bir adət var ki, evə girən kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin, siz evdə olmayan zaman qaz sızması olsun. Nəticədə, siz işığı yandırdığınız zaman partlayış baş verəcək. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmadığına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək , elektrik cihazlarından istifadə etməmək və aidiyyatı üzrə müvafiq quruma məlumat vermək lazımdır.

Ümumiyyətlə, payız-qış aylarında insanların təbii qaza, istiliyə olan təlabatı da artır. Havaların soyuması ilə əlaqədar olaraq insanlar evlərində qapı-pəncərələri, hamam otaqlarında nəfəslikləri bağlı saxlayırlar. Ancaq gün ərzində üç dəfə beş dəqiqəlik də olsa evin havası dəyişilməlidir. Mətbəxt otağında qaz cihazı olmasını nəzərə alıb nəfəslik və ventiliyasiya yerləşdirilməlidir”.

Fidan Ali / Sulh.info.az

neymar.az

0.03397011756897