İstehsalat müəssisələrində təhlükəsizlik necə təmin olunmalıdır?- Elmar Nurəliyev

Bir neçə gün əvvəl Bakıdakı çörək zavodlarından birində fəhlə qadının facivi şəkildə həlak olması müzakirə mövzusudur. Baş verən bu hadisə istehsalat sahələrində təhlükəsizlik məsələsini gündəmə gətirib.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, istehsalatda işəgötürənlər tərəfindən mütləq qaydada təhlükəsiz şərait yaradılmalıdır: “İşə götürən buna borcludur. İstehsalat sahəsi dedikdə təkcə çörək, şirniyyat, kolbasa sexi nəzərdə tutulmur, tikinti də istehsalat sahəsidir. İstehsalat sahəsində işçilər mütləq əmək müqaviləsi ilə işlədilməlidir. İşçilərin əmək müqaviləsində bütün təhlükə riskləri göstərilir”.

Onun sözlərinə görə, işçilər mütləq təlimat verildikdən sonra işə başlamalıdırlar. Bütün istehsalat sahəsində işləyən işçilərin ayrı-ayrı təlimatları olmalıdır: “Yəni xadimənin, mühafizənin, sürücünün, fəhlənin və digər texniki heyətin ayrıca öz təlimatı olmalıdır. Və hər gün səhər işçilərə təlimat verildikdən sonra onlar işə buraxılmalıdırlar. Bu işlər istehsalat müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilməlidir. Daha sonra, üç aydan gec olmamaq şərtilə, ayda bir dəfə mütləq təkrar təlimatlandırma olmalıdır”.

Elmar Nurəliyev

Elmar Nurəliyev deyir ki,  istehsalat sahəsində texniki təhlükəsizliyə, əməyin mühafizəsinə və yanğın təhlükəsizliyinə cavabdeh şəxslər olmalıdır: “Bu şəxslər hər hansı təhlükə riskinin qarşısını almaq üçün istehsalat prosesinə nəzarət edir. İstehsalat prosesində təhlükə yaradacaq nəsə olarsa, o şəxs öncədən həmin yerdə olur və bütün təhlükə risklərini qiymətləndirib təhlükəsiz əmək şəraitinin olduğundan əmin olduqdan sonra komanda verir və işin icrası həyata keçirilir”.

Ekspert onu da vurğulayıb ki, işin təşkil olunmasında nöqsanlar olmazsa, təbii ki, bədbəxt hadisələrin də baş vermə riski minimuma enər: “Nəzərə almaq lazımdır ki, istehsalat sahəsində avadanlıq, dəzgah və mexanizmlər və s. bunların hamısı təhlükəsizlik qaydasına riyaət etmədikdə insanların həyat və sağlamlığı üçün təhlükə riski daşıyan amillərdir. Ona görə, mütləq texniki, sanitar və yanğın təhlükəsizlik qaydalarına ciddi riyaət olunmalıdır. Buna nəzarət edən şəxslərə mütləq şərait yaratmaq lazımdır ki, işlərini lazımi səviyyədə, keyfiyyətli formada həyata keçirsinlər. Təbii ki, bunu da işə götürən şəxs təşkil etməlidir. Amma, təəssüflər olsun ki, bizdə təhlükəsizliyə yanaşmada biganəlik var. Təhlükəsizlik ən sonda yada düşür. Ancaq burda söhbət insanların həyat və sağlamlığından gedir. Yaxşı olar ki, bu sahəyə ciddi yanaşsınlar”.

Aytac Aslan/ bakivaxti.az

neymar.az

0.034759044647217