İstehsalat müəssisələrində TƏHLÜKƏSİZLİK - Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, yanvar ayının 7-də çörək zavodunda fəhlə işləyən qadın Mətanət Həsənova qurğuya düşərək həyatını itirib.

Bu hadisə ilə bağlı müxtəlif versiyalar səslənsə də, istehsalatda arzuolunmaz qəzaların baş verməməsi üçün tədbirli davranılmasının önəmi bir daha gündəmdə öz yerini almış oldu.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Metbuat.az-a özəl olaraq bildirdi ki, hər bir istehsalat sahəsində baş verəcək təhlükə riskləri öncədən qiymətləndirilib, təhlükəsizlik konsepsiyası formalaşdırılmalıdır. Ekspert deyir ki, iş yerində sağlam, təhlükəsiz əmək şəraiti yaradılmalıdır ki, orada çalışanların sağlamlığı üçün hər hansı bir təhlükə yaradacaq amil olmasın.

“İstehsalat sahəsində işçilər mütəmadi olaraq təlimlərdən keçirilməlidir. Hətta işçilərə müsahibəyə gəldikdə belə girişdəcə müəyyən təhlükəsizlik tələbləri başa salınmalıdır. Daha sonra işə götürərkən işçi ilə əmək müqaviləsi bağlayıb sığortalamaq lazımdır ki, təhlükə potensialı riskini aşağı salsın. Bununla yanaşı işçi işə qəbul olunduğu andan istehsalat yerinə daxil olmamışdan qabaq ona “giriş təlimatı”, sahə rəhbəri tərəfindən “ilkin təlimat” verilməsi vacibdir. İşçiyə təhlükəsizlik qaydalarının izah olunmasında məqsəd ondan ibarətdir ki, hadisə baş verəcəyi təqdirdə operativ davranıb vəziyyətdən çıxış yolu tapa bilsin. Şəxs işə qəbul edildikdən sonra isə, hər gün ona özünün və iş yoldaşlarının təhlükəsizliyi üçün müəyyən təhlükəsizlik qaydaları başa salınmalı, işçilər təkrar və növbədənkənar təlimlərə cəlb edilməlidir. Adətən bütün bunlar müəssisəyə yeni avadanlıqların gətirilməsi, və ya köhələrinin dəyişdirilməsi, hər hansı istehsalat sahəsində dəyişiklik baş verdikdə dərhal icra edilir”.

Müsahibimiz bildirdi ki, iş yerlərində təmizlik prosesi iş başlamamışdan öncə, makina və dəzgahların işlək olmadığı vaxtlarda həyata keçirilməlidir. Əgər fors-major hal yaranarsa, onu təmizləmək üçün istehsalat rəisi, mühəndisin müşayəti ilə bu işlər görülməlidir.

“Ümumiyyətlə makinaların yanında fəhlə, xadimələrin, sürücülərin olması yolverilməzdir. Onların orada hər hansı bir əməliyyat aparmasına imkan verilməməlidir. Həmin dəzgahların təmiri və təmizlənməsinə yalnız o işə təhkim olunmuş şəxslər cavabdehdir. Əgər bütün istehsalat müəssisələrində təhlükəsizlik tədbirlərinə maksimum səviyyədə əməl edilərsə, o zaman arzuolunmaz bədbəxt hadisələrin baş verməsinə şərait yaranmayacaqdır”.

Ekspert onu da qeyd etdi ki, hazırda bütün dünyada istehsalatda baş verən qəzalara qarşı mübarizə aparılır.

“Təqribi hesablamalara görə dünyada istehsalatda 300 milyondan çox qəza hadisəsi baş verib. Hazırda 160 milyondan insan istehsalatda baş verən peşə qəzalar səbəbindən əziyyət çəkir. Hər il dünyada 2.5 milyon insan isə istehsalat qəzalarına görə həyatını itirir. Azərbaycanda isə bu hadisələr yüzlərlədir. Ona görə də bu məsələ daima diqqətdə saxlanılmalıdır. İşçilər təhlükəsizlik tədbirləri baxımından mütəmadi olaraq atesstasiyadan keçirilməlidir. Sığorta və təhlükəsizlik qaydalarına riayət etməklə hadisələrin sayını minumuma endirmək olar”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

neymar.az

0.033134937286377