Yanğından necə sığortalanaq? - Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev

Yanğının qarşısını profilaktik tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməklə almaq olar

 

2018-ci il mart ayının 2-də Bakıdakı Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə nəticələnən yanğının olması yanğın bütün idarə və müəssələrin təhlükəsizliyi qaydalarını gündəmə gətirir.

Əhali ilə işləyən dövlət qurumlarının, xüsusən Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və “Bakı Metropoliteni” QSC-nin tabeliyində olan obyektlərin, binaların və qurğuların təhlükəsiz fəaliyyəti, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunması, insanların həyatının və sağlamlığının mühafizəsinin təmin edilməsi istiqamətində gördüyü işlər ictimaiyyət üçün maraqlıdır.

İnterAz-ın məlumatına görə, "Bizimyol.net" adıçəkilən dövlət qurumlarına yanğından mühafizənin necə təşkil olunması ilə bağlı informasiya sorğusu göndərib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bu qurumda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.



“Bizdə bu işlər Metropoliteninin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Strateji obyekt olduğu üçün ciddi nəzarət altındadır. FHN-nin Bakı Metropolitenində daim vəziyyətə nəzarət edən əməkdaşları var. Metropolitenin özünün yanğından mühafizə üzrə xüsusi strukturu var. Bundan başqa FHN ilə metropolitenin yanğından mühafizə strukturunun daimi əməkdaşlığı var. Belə ki, FHN-nin əməkdaşları mütəmadi təlimlər keçirirlər. Eyni zamanda Bakı metrosunda bu cür hallarda hazırlığı artırmaq üçün mütəmadi məşqlər, məşğələlər, təlimlər keçirilir”.

Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Təhsil Nazirliyindən sorğuya cavab almaq mümkün olmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartları “Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlənir.



“Bu qanunda göstərilib ki bütün idarə və müəssələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyeklərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmalıdır. Yanğın təhlükəsizliyini təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərsə necə davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. Daha sonra iş yerlərində “yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqaladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar. İdarələrdə yanğından mühafizə üçün yanğın datçikləri, yanğın hidranları, yanğın şitləri tam komplekt (yanğınsöndürən balon, lapatka, balta, lom, qum, vedrə), yanğınsöndürən balonlar, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə yanğının qarşısını almaq üçün vasitələrdir”, - Elmar Nurəliyev vurğulayıb.

Bəs yanğın baş verməsin deyə nə etmək lazımdır?

Ekspert bildirib ki, fövqaladə vəziyyətlərdən yüz faiz sığortalanmaq deyə bir anlayış yoxdur: “Ancaq bu o demək deyil ki hadisədir də, onsuz da olsa olacaq. Lakin onun qarşısını profilaktik tədbirlər görməklə, yanğın təhlükəsizliyi qaydalarına riayyət edilməklə almaq olar. Bunun üçün idarələrdə açıq oddan (zərurət deyilsə) istifadə etməmək, siqareti yanlız təyin olunmuş yerdə çəkmək, idarədə təmir, yenidən qurma işləri aparılarsa yanğın təhlükəsiziliyi qaydalarına riayət etməklə aparmaq, yanğınsöndürməyə qarşı olan bütün vasitə və avadanlıqların işlək olmasını nəzərətdə saxlamaq, yanğın qrupları ilə mütəmadi təlimlər keçmək, təzə işçi işə götürüləndə, yaxud idarəyə kənar şəxs (qonaq) gələndə ona yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlandırmaq lazımdır.

Yanğınların növləri: bərk materialların alışıb yanmasından baş verən yanğın, qaz halında olan maddələrin alışmasındanbaş verən yanğın, maye halında olan maddələrin alışmasından baş verən yanğın, partlamaya meyilli maddərin alışmasından baş verən yanğın və elektrik qısaqapanmasından baş verən yanğın. Bunların hərəsinin özünə uyğun yanğın söndürmə vasitələri və qaydaları vardır. Ona görə idarələrdə texniki təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizlik qaydalarına riayət olunmalıdır ki, bədbəxt hadisələr baş verməsin .

Yaxşı olar ki iş yerlərində, məktəblərdə, metrolarda yanğına qarşı praktik təlimlər keçirilsin və insanlarda fövqaladə vəziyyətdə necə davranmalı olmaları barədə maariflənmə olsun. Bakıda hündürmərtəbəli xeyli sayda binalar vardır. Onlarda yanğın olarsa necə davranmaq lazım olmaları barədə məlumatları olmasa fövqaladə veziyyətdə liftə minəcək, təbii ki işıqları kesirlər həmin vaxtı və bu da bədbəxt hadisəyə gətirib çıxaracaq. Yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə özünüzü və ətrafdakı insanları da təhlükədən qorumuş olursuz”.

0.013993978500366