Dənizdə boğulmamaq üçün nələrə diqqət etməliyik? - Ekspert Elmar Nurəliyev

"Əfsuslar olsun ki, hər yay fəslində çimərlikdə boğulma halları yaşanır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dənizdə boğulma halı yaşayıb xilas olanlar da, həyatını itirənlər də olur:

"Ona görə də çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almaq lazımdır. Əgər hava şəraiti əlverişli deyilsə, küləyin sürəti saniyədə 10-12 kilometri keçirsə çimərliyə getmək olmaz. Üstəlik, əlverişsiz hava şəraitində sualtı cərəyanların əmələ gəlmə riski 95 faizə bərabərdir. Həmçinin, dalğaların hündürlüyü 1-1,5 metrdən yuxarı olanda da çimərliyə getməmək lazımdır".

Ekspert qeyd edib ki, nəzarətsiz çimərliklərə getmək olduqca təhlükəlidir:

"Nəzarətsiz çimərliklərə getməmək tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, nəzarət olan çimərlikdə xilasedicilər olur, orada aidiyyatı qurumlar tərəfindən yoxlamalar aparılır. Eyni zamanda, nəzarət olunan çimərliklərdə sualtı axınların istiqamətinə baxılır və suyun altında müşahidələr aparılır".

353010

Həmsöhbətimiz vurğulayıb ki, dünya üzrə dənizlərdə boğulma hallarının 95 faizdən çoxu nəzarətsiz çimərliklərdə baş verir:

"Hər il dünyada 400 minə yaxın insan çimərlikdə boğularaq həyatını itirir. Bu da sözügedən çimərliklərdə boğulma riskinin 95 faiz daha çox olduğunu göstərir. Ona görə də çimərliyi doğru seçmək də olduqca mühümdür. Ümumiyyətlə, çimərlikdə boğulma qlobal bir problem olduğu üçün bütün dünya bununla mübarizə aparır".

Mütəxəssis onu da diqqətə çatdırıb ki, suda saatlarla vaxt keçirmək yolverilməzdir:

"Araşdırmalara görə suda 15-20 dəqiqədən artıq vaxt keçirmək boğulma riskini artırır. Həmçinin, suda sahilə paralel şəkildə üzmək lazımdır. Üzməyi yaxşı bacaran şəxslər belə suda boğula bilir. Bütün bu faktorlara görə çimərliklərə bağlı məsələlərə ciddi yanaşmaq lazımdır".

Pərviz

hit.az

neymar.az

0.021981954574585