Dənizdə boğulma təhlükəsini yaradan nüanslar hansılardır? - Elmar Nurəliyev

Bakıda bir nəfər dənizdə batan şəxsin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.                                     
Qeyd edək ki, vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb.
Çimərlik mövsümü hələ açıq elan olunmasa da insanlar dənizə axışırlar. Bu da son günlər müşahidə edilən isti hava ilə əlaqədardır.                                                                                                                                    
Bəs, bu kimi bədbəxt hadisələrin yaşanmaması üçün çimərlikdə hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
 
 Məsələni dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, düzgün çimərlik ərazisi seçmək lazımdır:
"Hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, həmin məkanlara getməliyik. Unutmamalıyıq ki, nəzarətsiz yerlərdə boğulma riski daha yüksəkdir. Ümumi dünya üzrə statistikada sularda boğulma hadisələrinin 95 faizdən çoxu nəzarət olunmayan ərazilərin payına düşür. Hər il dünyada 3 minə yaxın insan suda boğularaq həyatını itirir. Fəaliyyətinə icazə verilən su hövzələrində çimərlik mövsümündən öncə müvafiq dövlət qrumları tərəfindən baxış keçirilir. Burada suyun dibinin öyrənilməsi üçün kimyəvi, fiziki, bioloji, sanitar normaları yoxlanılır. Orada insanların həyat-fəaliyyətinə təhlükə riski olmadığı təqdirdə isə həmin çimərliyin fəaliyyətinə icazə verilir və ora xilasetmə xidmətləri cəlb olunur. Bu il Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu üçün istifadəyə yararlı sayılıb. Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin isə müvəqqəti olaraq tövsiyə edilmədiyi barədə qərar qəbul olunub".
 
Ekspert vurğulayıb ki, vətəndaşlar çimərliyə yollanarkən hava şəraitini nəzərə almalıdırlar:
"Belə ki, küləyin sürəti 10-12 km-i  keçərsə, suya girmək qadağandır. İnsanlar özləri ilə kiçik həcmli gəmilər, qayıq kimi vasitələr aparmamalıdır. Çimərliyi yarış meydançasına çevirmək yolverilməzdir. Təyin olunan, nişanlanmış xətləri keçməmək lazımdır. Spirtli içki qəbul edib günün qaranlıq vaxtı çimərliyə getmək olmaz. Ən əsası isə valideynlər azyaşlı uşaqlarını nəzarətsiz buraxmamalıdırlar. Çimərlikdə sahilə paralel üzmək lazımdır. Daha dərin ərazidə üzmək, suda lüzumsüz hərəkətlər etmək, qaya və ya dəmir konstruksiyanın üzərindən suya baş vurmaq boğulma təhlükəsini yaradan əsas nüanslardır".
sherg.az
neymar.az
0.030361890792847