Hər il dünyada 370 mindən çox insan suda boğulur. Çimərlikdə təhlükəsizlik qaydaları- Elmar Nurəliyev

"Hər il dünyada 370 mindən çox insan suda boğulur. Ümumi bədbəxt hadisələrin statistikasında bu, 3-cü yerdə gəlir". 

Qızmar yay günlərində istirahətimizin bir parçası olan çimərliklər, təəssüf ki, bəzi hallarda bədbəxt hadisələrlə yadda qalır.

Hər il Fövqəladə Hallar Nazirliyi vətəndaşlara xəbərdarlıq etsə də, bəziləri buna məhəl qoymayaraq qadağan olunan ərazilərə üz tutur, çimərlikdə təhlükəsizlik qaydalarına əməl etmirlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev çimərliyə üz tutmadan əvvəl bilməli olduğumuz məqamlar barədə Ednews-a açıqlamasında məlumat verib.

O qeyd edib ki, çimərliyə getməmişdən öncə ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Belə ki, boğulma hallarının əksəriyyəti hava şəraitinin nəzərə alınmaması səbəbilə baş verir.

"Havanın küləkli olması artıq riskdir. Küləyin sürəti saniyədə 10-12 metrdən çox olmamalıdır. Əlverişsiz hava şəraitində sualtı cərəyanların əmələ gəlmə ehtimalı 70 faizdən çoxdur. Tək külək deyil, günün qaranlıq vaxtı, dumanlı, çiskinli havalar da əlverişsiz sayılır. Çimərlik seçərkən məkana diqqət etmək lazımdır. Fəaliyyəti qadağan olunan çimərliklərə, üzmək qadağan olunan ərazilərə getmək olmaz. Mövsüm başlamamışdan əvvəl aidiyyatı qurumlar tərəfindən çimərliklər yoxlanılır. Suyun dibinin relyefindən əlavə sanitar normalar, baktereoloji vəziyyət sudan nümunələr götürülməklə təhlil edilir. Suyun çirklilik səviyyəsindən başqa, sualtı axınların, yarğanların əmələ gəlməsi, sualtı cərəyanların olması və suyun dibinin relyefi çimmək üçün əlverişli deyil, qadağa səbəbi də budur. Ən əsası həmin yerlərdə xilasedicilər olmur. Bu da bədbəxt hadisələri qaçılmaz edir".

Ekspert Elmar Nurəliyev açıqlayıb ki, Fövqəladə Hallar Nazirliyinin statistikasına əsasən onların xilasedicilərinin olduğu ərazilərdə ölüm halları baş vermir.

"Bu çox müsbət haldır. 70 sm-1 metr məsafədən daha dərinə getməmək üçün qadağan nişanları qoyulub. Həddi keçən şəxsin geri qayıtması üçün xəbərdarlıq edilir. Belə olan halda insan özünü təhlükəsizlikdə hiss edir. Şarlar, kiçik həcmli qayıqlar aparmaq və suda onlardan istifadə etmək olmaz. Dənizdə uşaqlara diqqət artırılmalıdır. Dəfələrlə bunun şahidi olmuşuq. Uşaqları buraxırlar, sonra başlayırlar axtarmağa. Hətta valideyninin yanında olan uşaq da ani diqqətsizlikdən bədəxt hadisənin qurbanı ola bilər".

E.Nurəliyev vurğulayıb ki, suda kobud hərəkətlər yolverilməzdir. Bundan başqa içkili halda suya girmək də qadağandır. 

"Suda kobud hərəkətlər edirlər, zarafatlaşırlar. Deyirlər ki, istirahət edirik, əylənirik. Qətiyyən yolverilməzdir. Başa düşmürlər ki, suda kobud hərəkətlər nəzarətçilərin diqqətini yayındırır. Bəzən görürsən ki, 3-5 nəfərlik bir qrupdur, gəlirlər, suya baş vururlar, bir-birinin ayağından çəkirlər. Özüm şahidi olmuşam. Yaxınlarının bir metr məsafəsində adam boğulub, heç kim də fərqinə varmayıb, elə biliblər ki, zarafat edir. Çimərliyi yarış meydançasına çevirmək olmaz. Sahilə paralel üzmək lazımdır, perpendikulyar üzüb bəhsə girmək yox. Ən yaxşı üzən adam belə batma təhlükəsilə üzləşə bilər. Sərxoş vəziyyətdə suya girmək olmaz. Çimərlikdə spirtli içki qəbulu məsləhət görülmür. Bu, boğulma təhlükəsini 3 dəfə artırır".

Ekspert onu da bildirib ki, dənizin bəzi hissələri üzmək üçün uyğun deyil.

"Çimərlikdə qayalıqlara, dəmir konstruksiyalara rast gəlmək olur. Həmin yüksəklikdən suya baş vurmaq və ya o ətraflarda üzmək olmaz. Elə qayalıq var ki, baxanda dibi görünür, amma sonunda böyük bir axıntı var. Belə qayalıqlarda çox insan həyatını itirib. Üzdən yarım-bir metr hündürlüyündə görünür, amma dibində ik metrlik çuxur ola bilər Sudakı axıntılara da diqqət etmək lazımdır. Suyun normalda rəngi mavi, yaşıl tonlarda olur. Hansı hissə ki, rəngi ağdır, düz xətt üzrə ağ köpüklər əmələ gəlib, həmin hissələrdən uzaqlaşmaq lazımdır. Bu, sualtı axınlar və cərəyanların əlamətləridir".

E.Nurəliyev son olaraq statistik məlumatlar da bölüşüb. Onun sözlərinə görə, dünyada dənizdə batma halları tək nəzarətsiz yerlərdə deyil, nəzarətin olduğu ərazilərdə də baş verir.

"Hər il dünyada 370 mindən çox insan suda boğulur.Tək dəniz deyil, bütün su hövzələri – çaylar, göllər, kanallar da bura daxildir daxildir. Ümumi bədbəxt hadisələrin statistikasında bu, 3-cü yerdə gəlir. Rusiyada hər il 900-dən çox, Türkiyədə 1000-ə yaxın, ABŞ-da 8 mindən çox insan suda boğularaq həyatını itirir. Dünyada hətta nəzarət olunan çimərliklərdə belə batma halları olur. Məsələn, Rusiyada nəzarət olunan çimərliklərdə bu göstərici 5, Türkiyədə 5-6, ABŞ-da isə 4 faizdən çoxdur. 95 faiz hadisə bu yerlərdə, qalan 5 faiz isə nəzarət olunan yerlərdə baş verir.

Bütün dəniz sahilinə nəzarət etmək praktik olaraq mümkün deyil. Bu, bütün dünyada belədir.  Xəzərin o baş, bu başı 900 km-lik bir ərazini əhatə edir.  Hər yerə nəzarət qoyula bilməz. Türkiyənin özündə nə qədər nəzarətsiz sahillər var.Çıxış yolu sadədir – nəzarətiz, xilasedicilərin olmadığı ərazilərə, qadağan edilmiş çimərliklərə getməmək və çimərlikdə olarkən təhlükəsizlik qaydalarına əməl etmək".

Ednews.az

Törə Zeynal

0.02527904510498