Ekspert: “İstər çoxmənzilli, istər fərdi yaşayış evləri, istərsə də müxtəlif təyinat obyektləri olsun, standartlara uyğun layihə əsasında inşa edilməlidir”

Ekspert: “İstər çoxmənzilli, istər fərdi yaşayış evləri, istərsə də müxtəlif təyinat obyektləri olsun, standartlara uyğun layihə əsasında inşa edilməlidir”

Xəbər verildiyi kimi, Bərdənin Yenidaşkənd kəndindəki yas mərasimi zamanı evin ikinci mərtəbəsində döşəmə çöküb. Nəticədə bir nəfər dünyasını dəyişib, yaralananlar var.

“Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini ölüb”.

Bu barədə RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirov bildirib.

İcra nümayəndəsi özünün də yas yerində olduğunu bildirib və hadisənin bəzi təfərrüatlarını danışıb: “Ev sahibi Əliyev Əliyar Əliş oğlunun yasına yığışmışdıq. 65 yaşı var idi. Evin yuxarı mərtəbəsində 30 nəfərə yaxın qadın əyləşmişdi. Say çox olduğundan, döşəmə çöküb. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir və hündürlüyü iki metrdən yüksəkdir. Aşağı mərtəbədə heç kim olmayıb. Bizdə olan məlumata görə, xəsarət alanların arasında vəziyyəti ciddi olan yoxdur. Sadəcə, mərasimdə iştirak edən qadınların bir çoxu qorxudan huşunu itirib, bəziləri isə xəstəxanaya yerləşdiriliblər. Yas mərasimində iştirak edənlərin hamısı kənd sakinləridir”.

İcra nümayəndəsi evin köhnə tikili olmadığını da vurğulayıb: “Ev yeni tikilib, köhnə deyil. Sadəcə döşəmənin yükü çox olub, ona görə çöküb. Ev sakinləri xəsarət almayıblar”.

Liftdən istifadə qaydalarına əməl edilməlidir - Elmar Nurəliyev

Elmar Nurəliyev 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, istər çoxmənzilli, istər fərdi yaşayış evləri, istərsə də müxtəlif təyinat obyektləri olsun, standartlara uyğun layihə əsasında inşa edilməlidir. Ekspert bildirdi ki, layihədə istifadə olunan materiallar, onların növü, keyfiyyəti, elektrik xətləri, torpağın təyinatı, mərtəbə sayı, ölçülər, günəş şüasının düşmə bucaqları və s. göstərilir: “Fərdi evlərin tikintisi akkreditasiyadan keçmiş müəssisələr tərəfindən layihələndirilir.  Əfsuslar olsun ki, bəzən insanlar fərdi evlərin inşasını qohuma, tanışa həvalə edirlər. Bu cür fərqi yaşayış evinin dayanıqlılığından söhbət gedə bilməz. Bu kimi hallar əsasən Bakıətrafı ərazilərdə və rayonlarda baş verir. Bir çox halda torpağın təyinatı araşdırılmadan tikintikiyə başlanır. Rayonlarda çay yatağının yaxınlığında, sürüşmə zonasında kimi təhlükəli ərazilərdə evlər tikilir. Elə ərazilər var ki, orada tikinti aparılması qadağandır. Digər məsələ tikintidən sonra dövri qulluqla bağlıdır. Elə evlər var ki, on ilər ərzində heç bir qulluq göstərilmir. Müxtəlif təbii hadisələr nəticəsində tikintidə istifadə oluna materiallar korroziyaya uğraya bilər.  Bu halda həddən artıq yüklənmə olduqda uçma, dağılma təhlükəsi yaranır”.

Ekspert vətəndaşlara tövsiyyələrini verdi: “İstər yeni evin tikintisi zamanı, istərsə də evlərə dövri qulluğun edilməsinə diqqət etmək lazımdır. Torpağın təyinatını da öncədən müəyyən etmək məqsədəuyğun olar. Bu, həm sənədləşdirilmə zamanı çətinlik yaradır, həm də gələcəkdə təhlükə riski yaradır”.

ecc2b526-6734-4aa9-a364-890b4ea65187.jpg (74 KB)

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkili və təhlükəsizliyi işlərinə nəzarət şöbəsinin müdiri Meybulla Babayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə ilə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, hadisə istismarda olan fərdi yaşayış evində baş verib. Qurumun rəsmisi qeyd etdi ki, normadan artıq yüklənmə, tikinti qüsuru və ya digər səbəbin müəyyən edilməsi yalnız müvafiq araşdırma aparıldıqdan sonra qeyd edilə bilər: “Öncə qeyd etmək lazımdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Sifarişçi tikintiyə başlamazdan öncə tikinti niyyəti barədə müvafiq (yerli) icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və sənədlərin surətini təqdim edir. Normativ hüquqi aktlara istinad olunmaqla 10 gün ərzində layihəyə baxılır və irad olduğu təqdirdə sifarişçiyə (vətəndaşa) bu barədə bildirilir. Seysmologiya ilə bağlı məlumatların nəzərə alınıb alınmadığı səlahiyyətlərimizə aid olmadığından bu barədə tərəfimizdən hər hansı məlumatın təqdim edilməsi mümkün deyil. Sual layihəyə münasibət bildirən quruma (yerli icra) verilsə daha məqsədəuyğun olar. Barəsində məlumatlandırma icraatı tətbiq edilən obyektlər haqqında müvafiq qurum tərəfindən 3 iş günü ərzində nəzarətin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə məlumat verilməlidir. Qeyd olunan müddətdə məlumat təqdim edilmədiyi halda nəzarətin həyata keçirilməsi və müvafiq tədbirlərin görülməsi mümkünsüz olur. Yerli icra hakimiyyəti və ya müvafiq qurum tərəfindən məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti barədə məlumat FHN-ə təqdim edildiyi zaman tərəfimizdən tikinti layihəsinin (fərdi ev) memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölməsinə uyğun tikilməsinə nəzarət tərəfimizdən həyata keçirilir. Hər hansı pozuntu aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tikinti işlərinin dayandırılması barədə Qərar və inzibati xəta tərkibi yarandığı təqdirdə isə inzibati xəta haqqında protokol tərtib edilir”.

Qeyd edək ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində döşəmənin çökməsi nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 33 nəfərdən 27-si tibbi xidmət göstərildikdən sonra evə buraxılıb. “Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən şəxslərdən xəsarətlərindən ağırlıq dərəcəsinə uyğun olaraq 5 nəfəri palataya yerləşdirilib. Vəziyyəti nisbətən ağır olan bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

neymar.az

0.024396896362305