Elektrik cihazları bu halda öldürə bilər - Elmar Nurəliyev

Evlərdə, ofislərdə baş verən yanğınlar əsasən məişət təchizatındakı nasazlıqla bağlı olur

Xəbər verildiyi kimi, Kürdəmir rayonunda ər və arvadın ölümü ilə nəticələnən partlayış baş verib. Belə ki, rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri (telefon yükləyicisini) elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, faciəyə konkret hansı səhvin səbəb olduğu haqda heç nə deyilmir.

Bir neçə gün öncə isə Rusiyanın paytaxtı Moskvada da bu cür bədbəxt hadisə baş verib. Belə ki, ata və qızı adapterin tüstüsündən zəhərlənib. Onların həyatını xilas etmək mümkün olmayıb. Hər ikisi hadisə yerində zəhərlənərək ölüb. Polisin araşdırması nəticəsində məlum olub ki, Çin istehsalı olan adapter enerjinin gücünə tab gətirə bilməyib, bu zaman yanğın və tüstülənmə başlayıb.

Bəs özümüzü bu cür təhlükədən necə qorumalıyıq?

Bakupost.az - İrəliyə doğru dal-dala: "Qəza riski artır" - Elmar  Nurəliyev

Elmar Nurəliyev 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, evlərdə, iş yerlərində səfərlərə gedərkən, istirahət yerləri və sairə, təhlükəsizlik məsələləri öndə olmalıdır. Yəni işlər görəndə getdiyin yerdə təhlükə risklərini minimuma endirmək lazımdır. Söhbət insanları gözləyən potensial təhlükədən gedir.

Evlərdə bütün təhlükə risklərinə qarşı ilkin məlumat olmalı və önləyici, profilaktik tədbirləri almalı və bunu təşkil etməlidirlər.

Evdə hansı təhlükə riskləri ola bilər? Evdə qaz, su, işıq təchizatı varsa, onların təhlükəsiz istismarı lazımdır. Evin eyvanı varsa, hündürmərtəbəli binada yerləşirsə, demək ki, burada yıxılma təhlükəsi var. Evdə saxlanılan əşyalar, əşyaların dağılma təhlükəsi var, kimsə xəsarət ala bilər. Həmçinin dərman vasitələri varsa, zəhərlənmə riski var. Həmçinin evdə kimyəvi tərkibli yuyucu məhsulların hər birinin təhlükə riski var. Yəni diqqət edəndə görürük ki, yaşadığımız yerdə nə qədər çox təhlükə riski var və bunların hər birinə qarşı önləyici tədbirlər olmalıdır ki, bədbəxt hadisə baş verməsin, kimsənin həyatına, sağlamlığına təhlükə olmasın. Bu məsələlər ciddiyə alınmazsa, ani diqqətsizlik, məsuliyyətsizlik əlbəttə ki, bədbəxt hadisəni qaçılmaz edir".

Ekspert təhlükəsizliklə bağlı bir sıra tövsiyələrini də bildirib: “Evə daxil olarkən ilk öncə elektrik cihazlarını işə salmazdan əvvəl evdə qaz qoxusunun olub-olmamasına mütləq diqqət etmək, daha sonra işığı yandırmaq lazımdır.

Ümumiyyətlə, yaxşı olardı ki, evə daxil olarkən ilk öncə evin havası dəyişilsin.

Xüsusən də evdən çıxarkən qaz təchizatına ciddi diqqət etməli, onu söndürüb çıxmaq lazımdır. Əgər qaz kustar üsulu ilə çəkilibsə, bu hər zaman təhlükə riskinin olması deməkdir.

Diqqət edəndə görürük ki, evlərdə, ofislərdə baş verən yanğınlar əsasən elektrik təchizatındakı nasazlıqla bağlı olur. Elektrik təchizatları daim saz vəziyyətdə olmalıdır. Ola bilər ki, ev yeni alınanda və yaxud təmir olunanda elektrik təchizatına diqqət edilməyib və ya zədələnib, elektrik naqilinin gücü düzgün hesablanmayıb, əlavə qurğular quraşdırılıb ki, bu da naqildə yüklənməyə, qısaqapanmaya, qızmağa, yanğına səbəb olur. Ona görə də bu cür risklər əvvəldən gözə alınmalı, önləyici tədbirlər görmək lazımdır. Təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Çünki hər şeydən qiymətli insanların sağlam həyatıdır".

Fövqəladə Hallar Nazirliyi məişətdə istifadə olunan elektrik cihazlarından istifadə zamanı hər hansı bədbəxt hadisəyə yol verməmək üçün aşağıdakı əsas təhlükəsizlik qaydalarına əməl olunmasını tövsiyə edir:

- Soyuducunu və ya digər məişət elektrik cihazını yuduqda, qoruyucunu, lampanı dəyişdikdə mənzilə gələn elektrik cərəyanını lövhədən ayırın;

- rozetkanı su və ya nəm çəkə biləcək yerlərdən mümkün qədər kənar yerləşdirin (hamam otağı və s.);

- hamamda çimərkən elektrik cihazlarını cərəyana qoşulu saxlamayın, onlar suya düşdükdə ağır nəticələrə səbəb ola bilər;

- əgər saç qurudan (fen), yaxud elektrik üzqırxanı islanıbsa və onların cərəyan keçirən yerləri varsa, o halda bu cihazlardan istifadə etməyin;

- elektrik cihazının vilkası sındıqda, onu təmir etməkdənsə yenisi ilə əvəz edin;

- yaş əllə ütünü götürüb və ayaqyalın vəziyyətdə döşəmədə duraraq paltar ütüləməyin;

- ütü cərəyana qoşulu vəziyyətdə olduqda onu nəzarətsiz qoymayın;

- ütünün buxar yerinə su tökməzdən əvvəl onu xətdən ayırın;

- elektrik uzadıcısından istifadə etdikdən sonra onu rozetkadan ayırıb yığın;

- cihazlarda soyulmuş və ya zədələnmiş yerlər müəyyən etdikdə onları dərhal təmir edin; naqilləri müvəqqəti birləşdirmək olmaz, bu işləri mütəxəssisə həvalə edin;

- naqillərin dolaşmasına, qapı arasında qalıb əzilməsinə diqqət edin; onları qaz və su xəttinə, qızdırıcı batareyalara yaxın qoymayın.

Elektrik cərəyanı vurmuş şəx   sə ilk yardım zamanı dərhal xətti ayırın. Bunu cərəyanı elektrik lövhəsindən və ya elektrik açarı vasitəsilə ayırmaqla edin, mümkün olmadıqda, xəttin naqillərini ayrı-ayrılıqda xüsusi izolyasiyalı qayçı ilə kəsin.

Tez bir zamanda xətti kəsməyə müvəffəq olmadıqda, dərhal zərərçəkmişin bir qolunu quru materiala (parçaya və s.) bükməklə onu təhlükəli zonadan qırağa çəkin və ya kəsilmiş naqil hissəsini quru taxtayla ondan kənara atın və “təcili yardım” çağırın.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

neymar.az

0.02236008644104