APA TV: Gizli kamera satanları və işlədənləri həbs cəzası gözləyir- Elmar Nurəliyev

Bu şəxs və ya şəxslərin ölkəmizdə qadağan olunan gizli kameraları necə əldə etdiyi də müəmmalıdır. Təəssüfləndirici məqam isə ondan ibarətdir ki, gizli kameralara insanlar tərəfindən maraq var. Alıcıların da məqsədinin nə olduğu aydın məsələdir: Şantaj, hədə-qorxu ilə pul tələb etmə və sairə. Bu yanaşma isə daha ağır cinayətlərə, qətllərə, intiharlara belə səbəb ola bilər. Bu cür kameralar insanların istirahət üçün getdiyi məkanlarda, hotellərdə olduqda daha təhlükəli hal alır. Adının açıqlanmasını istəməyən keçmiş hotel işçisi də əvvəllər işlədiyi məkanlarda gizli kameraların olduğunu təsdiqləyir. Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirir ki, müşahidə kameraları yalnız təhlükəsizlik məqsədilə, baş verə biləcək hansısa cinayətin aşkarlanması, yaxud qarşısının alınması üçün quraşdırıla bilər. Təhlükəsizlik məqsədilə müşahidə kameraları quraşdırılarkən belə ərazidə çəkilişin aparılması ilə bağlı xəbərdaredici lövhənin olması mütləqdir. Müşahidə kameraları cinayətin qarşısının alınması məqsədilə qurulur, ancaq gizli kameralar cinayətə zəmin yaradır. Gizli kameralar vasitəsilə icazəsiz çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir və yolverilməzdir. Hüquqşünas Emil Aslanov qeyd edir ki, gizli kameralar gizli informasiyanın əldə edilməsində texniki vasitə hesab olunur. Sözügedən kameraların dövriyyəsi Azərbaycanla qanunla qadağandır. Gizli kameralardan qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız xüsusi xidmət orqanlarının əməkdaşları istifadə edə bilər. Hüquqşünas bildirir ki, kimsə gizli kamera vasitəsilə məlumat əldə edib, şantaja əl atırsa, ona 3 ildən 17 ilə qədər həbs cəzası verilə bilər. Bəli, başqalarının həyatına gizli kamera ilə baxmaq istəyənlər unutmamalıdırlar ki, bu əməl onları həyata dəmir barmaqlıqlar arxasındakı kameradan baxmağa qədər apara bilər.

APA TV

neymar.az

0.074424982070923