"X-Ray" rentgen-nəzarət qurğusu həqiqətən təhlükəsizliyimizi qoruyur?- Elmar Nurəliyev

Son günlər baş verən bir sıra hadisələr təhlükəsizliyin təmin olunması ilə bağlı insanlarda ciddi narahatlığa səbəb olub. Maraqlıdır ki, ölkədə insanların çox toplaşdığı yerlərdə neqativ halların baş verməməsi üçün təhlükəsizliyi necə təmin edə bilərik? Bu məsələdə "X-Ray" aparatları nə dərəcədə funksionaldır?

“İri ticarət mərkəzləri, o cümlədən bazarlar, ofis binaları kimi insanların daha çox toplaşdığı yerlərdə "X-Ray" aparatlarının funksionallığı olduqca mükəmməldir. Onlar çantalarda içəri keçirilməsi qadağan olunan əşyaların aşkarlanmasında mühüm rol oynayırlar”.

Bu sözləri mövzu ilə bağlı AzNews.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib.

Ekspert Elmar Nurəliyev deyib ki, bu aparatların digər müəssisələrdə də olması arzuolunandır:

"Əlavə olaraq qapı detektorları və təhlükəsizliklə bağlı bütün parametrləri özündə əks etdirən müasir avadanlıqlar var ki, onlar obyektlərin təhlükəsizliyinin təmin edilməsində olduqca böyük rol oynayır. Bu vasitələr içəriyə ötürülən istənilən kəsici alətlərin aşkara çıxarılmasına yardımçı olur”.

Elmar  Nurəliyev qeyd edib ki, bütün təyinatlı müəssisələrin öz təhlükəsizlik məsələlərini bir daha nəzərdən keçirməsi yaxşı olar:

“Harada təhlükənin baş vermə ehtimalı yüksəkdirsə, orada müəyyən tədbirlər görülməlidir".

Ekspert sonda məsələnin bununla da bitmədiyini, müəssisələrin peşəkar mühafizə xidmətindən yararlanmalı olduqlarını vurğulayıb:

"Təhlükəsizliyin təmin olunması məsələsində bu avadanlıqların olması da kifayət deyil. Sözügedən aparatlara nəzarət edə bilən şəxslər bu məsələdə əhəmiyyətli yer tuturlar. Bunun üçün şirkətlər mütləq şəkildə peşəkar lisenziyalı mühafizə xidmətlərindən faydalanmalıdırlar. Çünki mühafizə xidmətində işləyən şəxslər keçirilməsi qadağan olunan əşyaları aşkar etdikdən sonra onları necə zərərləşdirəcəklərini, bu barədə kimə məlumat verəcəklərini, silahsız necə davranacaqlarını bilməlidirlər”.

Ayan Rzayeva,

AzNews.az

neymar.az

0.033384799957275