Məktəblərin təhlükəsizliyi - Elmar Nurəliyev

Məktəblərin təhlükəsizlik məsələsinə həmişə həssas yanaşılmalıdır. Son günlər Bakıda baş verən silahlı insidentlərdən sonra bəzi valideynlər təhlükəsizlik üçün hətta övladlarını məktəbə getməyə belə qoymadılar. Bəs qorxu-təlaşa ehtiyac varmı? Ümumiyyətlə, məktəblərimizin təhlükəsizliyi necə qorunur?

Elmar Nurəliyev, Təhlükəsizlik məsələləri üzrə ekspert

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təkcə son zamanlar baş verən hadisələrə görə yox, ümumiyyətlə, məktəblərdə təhlükəsizlik məsələsinə çox həssas yanaşılmalıdır: “Nəzərə almaq lazımdır ki, məktəbdə təhsil alan şagirdlərimiz yaşlarına görə hadisələrə müxtəlif reaksiyalar verə bilərlər. Ona görə də, təhlükəsizlik məsələsi elə səviyyədə qurulmalıdır ki, hər hansı təhlükə anında minimal zərərlə qurtulmaq olsun. Ona görə, məktəbin pedaqoji heyətinin də təhlükə anında nə etməli, necə davranmalı olduqları barədə ilkin biliklərinin olması vacibdir. Məktəblərə nəzarət edən mühafizə xidmətləri də təhlükəni necə hiss etməli və bu zaman nə etməli olduğunu bilməlidir. Bunları bildikdə hadisənin mahiyyəti kiçilir və insanlar daha az zərərlə qurtururlar. Təbii ki, hadisədən 100% sığortalanmaq deyə bir anlayış yoxdur, ancaq önləyici tədbirlər görmək, mühafizə sistemini gücləndirmək, onların bilik və bacarıqlarını artırmaqla bu kimi hadisələrdən minimal zərərlə qurtulmaq olur”.

Ekspertə görə, yaxşı olar ki, Bakı şəhəri ilə birlikdə rayonlarda da direktorlar məktəblərdə bu cür hadisələrin baş verməməsi üçün önləyici tədbirlər almaqda maraqlı olsunlar. Onun sözlərinə görə, ən ucqar kəndlərdəki məktəblərdə də təhlükəsizlik məsələləri hər zaman ön planda olsa, yaxşı olar: “Şagirdlərə əmək və idman dərslərində bu cür təhlükəsizlik tədbirləri əyləncəli formada öyrədilə bilər. Onların bu cür biliklərinin olması təhlükə anlarında mühafizəçilərə də kömək olacaq”.

Kamran Əsədov, Təhsil eksperti

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəblər var: “Bu məktəblərin 320-si paytaxtın payına düşür. Çox təəssüflər olsun ki, məktəblərin heç də hamısının mühafizə xidmətləri ilə bağlı ürəkaçan fikir deyə bilmərik”.

Bu gün, xüsusilə bölgələrdə məktəblərin mühafizəsi ilə bağlı ciddi problemlər olduğunu deyən K.Əsədov məktəblərdə ayrıca mühafizə xidmətinə ciddi şəkildə ehtiyac duyulduğunu vurğulayıb. Ekspert qeyd edib ki, şagirdlər hər hansı özünü müdafiə etmə bacarığına malik deyillər: “Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti yoxdur. Ölkədə özəl mühafizə xidmətləri var. Həmçinin, ödənişli əsaslarla da mühafizə xidmətləri həyata keçirilə bilir. Ölkədəki kriminaloji durum, bütün məsələlər hüquq- mühafizə orqanlarının daim nəzarətində olsa da, təəssüf ki, bəzi hallarda diqqətdən yayınan məqamlar olur”.

Həmsöhbətimiz  bildirib ki, məktəblərdə idman və hərbi hazırlıq dərslərinin keyfiyyəti qaldırılmalıdır ki, ən azından şagirdlər minimum özünü müdafiə etmə bacarığına malik olsunlar: “Digər tərəfdən, Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanları ilə müqavilə imzalamalıdır. Hər bir təhsil müəssisəsinin ən azı yaxınlığında mütəmadi olaraq post-patrul xidmətlər reyd aparmalı, mahafizıə xidməti həyata keçirilməlidir”.

Onun sözlərinə görə, ancaq biz bununla bağlı heç də ürəkaçan məqam görə bilmirik: “Bəzi məktəblər özəl mühafizə xidməti ilə müqavilə əsasında fəaliyyət göstərsə də, bir çoxlarında yaşlı insanlar qapıda durur. Onlar da özünü müdafiə etmək qabiliyyətinə malik deyillər”.

Aytac Aslan

bakivaxti.az

neymar.az

0.050825119018555