Ekspert Azərbaycanda tikilən binaların əsas problemindən DANIŞDI

“Təbiət hadisələrindən sığortalanmaq olmur. Ancaq önləyici tədbirlər görməklə, hadisələrdən minimal zərərlə qutarmaq olar”

Bu sözləri Medianews.az-a açıqlamasında Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.

Elmar Nurəliyev Azərbaycanda tikilən binaların təhlükəsizlik problemindən danışıb:

”Risk faktorları qiymətləndirilməlidir. Hər bir ərazinin öz təhlükəsizlik konsepsiyasi olur. O ərazidə tikiləcək bütün infrastruktur – binalar, yaşayış yerləri, çoxmənzilli binalar, hava limanları təhlükə risklərinə uyğun olaraq layihələndirilib. Ərazinin təhlükəsizlik riskinin qiymətləndirilməsi seysmoloqların, elmi- tədqiqat müəssələrinin, geoloq, ekoloqların elmi araşdırması nəticəsində əldə olunan, bütün rəsmi sənədlərə uyğun qiymətləndirilməlidir. Yəni tikiləcək hər hansı bir layihənin əvvəlcədən təhlükəsizlik riskləri hesablanır. Bütün bunlar dəqiq nəzərdən keçirilərsə, hər hansı bir riskdən minimal dağıntı ilə xilas olmaq mümkündür.

Yaponiya ərazisində tikilən binalarda bütün qaydalar nəzərdən keçirilir, sonra tikilir. Yəni o, layihədən kənara çıxmaq olmaz. Çünki onlar seysmik zonada yerləşir. Öz tədbirlərini öncədən nəzərdən keçirərək tikintiyə icazə verilir”.

Elmar Nurəliyev daha sonra bildirib ki, bizdə də eyni bu yanaşma olmalıdır:

“Bütün təhlükə riskilərini qiymətləndirmək lazımdır. Seysmik aktivlik nə qədərdir? Hansı təhlükə riskləri var? Sürüşmə təhlükəsi nə qədərdir? Dənizdən hansı təhlükələr ola bilər? Vulkanik ərazilərimiz var. Hansı təhlükələr ola bilər? Bütün bu təhlükə risklərini qiymətləndirmək lazımdır. Bu zaman ciddi fəsadların olması, insanların zərər çəkməsi kimi hallar da minimuma enər.

Bizdə tikilən binaların əsas problemi layihədən kənara çıxmalardır. Binalar tikilir, təhvil verilir. Artıq o binanı tikən müəssisə tərəfindən layihədən çıxma halları, binanın sütünlarının yerdəyişmə prosesləri təhlükə hiss etdirən məsələdir.

Əsas məsələ, layihədən kənara çıxmamaqdır- yəni tikinti aparan müəssisə tərəfindən nəzarətin olması və yoxlamaya gələn qurum tərəfindən aşkar etdiyi nöqsanlara qarşı qabaqlayıcı tədbirlərin görülməsidir.
Tikinti sahəsi çox gəlirli, eyni zamanda problemli sahədir. İnsan faktoru varsa , nəfsin qurbanı olub , qeyri- qanuni yollara əl atmaq olmaz. Bu yol verilməzdir. Təzə tikilən binalarda xüsusi ilə diqqət ediləsi məqamlar var. Hər bina, mərtəbə tikildikcə rəy vermək mütləqdir”.

Ekspert onu da bildirib ki, bu gün tikilən binalarda Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlamalar aparılır:

“Hər mərtəbə qalxdıqca rəy verilib, sonra qalxır. Armaturdan, betondan nümunələr götürülür. Proses belə aparılır. Tikintidə bütün binalarlın davamlılığı 7,8 bal gücü ilə ölçülür. Əgər binaların tikilişi zamanı bütün normativlər gözlənilərsə, daha təhlükəsiz binalar əldə etmiş olarıq. Digər məsələ, istismar müddətini başa vurmuş binaların təhlükəli olması, əsas ciddi məsələlərdən biridir. Belə binalar hər hansı bir hadisə qarşısında tab gətirə bilməz və sonda təhlükə ilə üz-üzə qalmaq ehtimalı daha çox ola bilər”.

Mehin Mehmanqızı
Medianews.az

neymar.az

0.029772996902466