Liftdən istifadə qaydalarına əməl edilməlidir - Elmar Nurəliyev

İyulun 4-ü Bakıda yaşayış binasının lifti qırılıb. Hadisə paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi 6A ünvanındakı binada baş verib. Axşam saat 19:30 radələrində yaşayış binasının lifti hərəkətdə olarkən qırılıb. Hadisə nəticəsində liftdə olan bir nəfər xəsarət alıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, liftlərdə qəzalar əsasən, normadan çox yüklənmə olduqda, elektrik sistemində nasazlıq yarandıqda, quraşdırıması zamanı düzgün montaj edilmədikdə, istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında dəyişdirilməməsi səbəbindən baş verə bilir:
 
 
"Liftlərin istismarı təhlükə potensialı olan obyektlər siyahısındadır. Orada texniki baxışın göstərilməsini, servis xidmətini xüsusi icazə verilmiş, sertifikasiyalaşmış müəssisələr həyata keçirir. 
 
Yəni istər binalarda, istər obyektlərdə liftlərin istismarı texniki təhlükəsizlik üzrə dövlət standartları, əmək mühafizə qaydaları, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji, sanitar-epidemioloji, fövqəladə hallardan müdafiə normalarına uyğun olmalıdır. 
 
Təəssüf ki, bəzi yaşayış binalarında, obyektlərdə liftlərin texniki xidmətinə nəzarət yoxdur. Liftlər müntəzəm olaraq, yoxlanılmalı, istismar müddətini bitirmiş avadanlıqlar, detallar, mexanizmlərinin, reys, əyləc sistemi, troslar, elektrik, mühərrik sistemlərinin dəyişdirilməsi məsələləri diqqətdə saxlanılmalıdır.
 
 Təbii ki, vaxtında təmir işləri görülmədikdə arzuolunmaz hadisələrin baş verməsi qaçılmazdır. Köhnə liftlərdə vəziyyət heç də ürəkaçan deyil. Liftin qırılıb, şaxtaya düşməsi isə artıq onun tamamilə sıradan çıxması deməkdir. Liftə həm qaldırıcı, həm də qoruyucu troslar qoyulur. 
 
Onlardan biri qırılırsa, digəri avtomatik olaraq, kabinanı saxlayır. Bu, daha çox köhnə binaların liftlərində rastlanan durumdur. Amma yeni model liftlərdə isə sürət artan kimi əyləc sistemi dərhal işə düşür və tam təhlükəsiz dayanır".
 
Ekspert vurğulayıb ki, liftdən istifadə qaydalarına əməl edilməlidir:
 
"Kabinasında lüzumsuz, yersiz hərəkətlər, bir neçə düyməni eyni anda basmaq, tavana, qapılara toxunmaq, divara söykənmək kimi hərəkətlər yolverilməzdir. Uşaqları daim diqqətdə saxlamaq lazımdır. 
 
Əgər liftin düymələri nasaz və ya qopubsa, işıqları yanmırsa, üzərində elektrik qısa qapanması varsa, nəinki o düymələrə əl vurmaq, hətta o liftə minmək də olmaz. Əksər liftdə güzgü mövcuddur. 
 
Güzgünün də müəyyən qədər təhlükəsizlik şəraiti yaratmaq funksiyası var. Lift çağırılan mərtəbədə qapı açılarkən insan güzgüdə özünü görürsə, deməli, lift həmin mərtəbədədir. 
 
Bəzən lift qapısı açıq qalır və şaxtaya gəlmir. Belə olduqda, insan elə bilir ki, lift şaxtada dayanıb. Bu baxımdan insan həyatı üçün güzgülər böyük əhəmiyyət daşıyır".
sherg.az
neymar.az
0.039928913116455