Gecə klubunda qaz balonunun partlaması gözlənilən idi - Ekspertlər danışır

Gecə klubunda propan qaz balonunun partlaması təbii yox, gözlənilən hadisə idi. Azərbaycanda balon qazlarından istifadəyə nəzarət edilmədikcə bu hadisələr artacaq. Bunu Anews.az-a açıqlamasında Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov bildirib.


Bu gün, Bakıda gecə klubunda partlayış olub. Partlayışa səbəb maye qaz balonun olduğu deyilir. Bəs Bakının mərkəzində niyə qaz balonu istifadə edilir? 

Nüsrət Qasımovun sözlərinə görə, təhlükəsizlik qaydalarına görə kommersiya obyektlərində təbii qazın istifadəsi  qadağandır. 

"Bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində, həmin zirzəmilərdə yerləşən ictimai iaşə müəssisələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır. Mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar balona üstünlük verirlər. Təcrübə göstərir ki, qaz balonun partlayışı daha ağır nəticələnir. Metan qazının istilik yaratma qabiliyyəti 8500 kilo kaloridirsə, bu qazlarda 324 min kilo kaloridir. Metan qazının aşağı partlama həddi 4,5 faizdirsə, bu qazların partlama həddi 2,5 faizdir. Yəni bu qazlar bir yerə 2,5 faiz yığılarsa, partlama baş verə bilər. Bu zaman partlayışın zərbə qüvvəsi 1 kvadratda 100 tona bərabərdir. Qaz balonu potensial mina deməkdir. Kim harda istəyir - yaşayış yerlərində, zirzəmilərdə - bu qaz balonlarını gətirib quraşdırırlar. Quraşdırılmasına isə nəzarət olunmur. Balon qazı ildə 1 dəfə yoxlanışdan keçirilməlidir. Müəssisə rəhbərinə göstərişlər verilməlidir, xüsusi bir qurum mütəmadi olaraq nəzarət etməlidir. Çünki orada işləyən aşbaz, ofisiant yaranan problemi anlamaya və cavabdeh olmaya bilər. Bu, təbii yox, hər kəsin gözlədiyi fəlakət idi", - Qasımov söylədi.

Ekspert bildirir ki, illərdir bu problem var və həlli üçün çalışan qurum yoxdur.

"SSRİ dönəmində balon qazından istifadəyə nəzarət edirdilər. Həmin dönəmdə belə hadisələr demək olar ki, yox səviyyəsində indi. Hazırda isə özbaşınalıqdır. Nəzarət edilmir. Köhnə qaz balonlarını rəngləyib təzə adı ilə satırlar. Nə yoxlanış var, nə nəzarət Belə şey olmaz axı... 30 ilə yaxındır ki, danışıram, ancaq qulaq ardına vururlar", - kommunal xidmətlər üzrə mütəxəssis söylədi.

Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. vəziyyəti stabildir. Ölən şəxs gecə klubunun əməkdaşı 43 yaşlı Maya Axundovadır. Yaralananlar arasında da müəssisə əməkdaşları var.
 
Mühafizə qaydaları üzrə təlimçi, ekspert Elmar Nurəliyev bildirib ki, işəgötürən hadisədə birbaşa məsuliyyət daşıyır. Müəssisə rəhbəri əməkdaşların təhlükəsizliyi üçün düzgün şərait qurmalı idi. 

"Həmin obyektdə balon qazından istifadə etmək qanunsuzdur. Əgər elə müəssisə açmaq istəyirlərsə, başqa məkan seçə bilərdilər. Mütləqdirmi bu qədər insanın həyatını təhlükəyə ataraq zirzəmi seçmək və orada proben qazı istifadə etmək?! Zərərçəkənlərin hüquqları qorunmalı, cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır. Həmçinin, hadisədən sonrakı müddətdə digər əməkdaşlar da işdən ayrıla bilər, bununla bağlı onlara hər hansı irad tutulmamalıdır. Həmçinin, Fövqalədə Hallar Nazirliyi (FHN) məsələ ilə bağlı araşdırma aparıb, açıqlama verməlidir", Nurəliyev vurğuladı.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, indiyə kimi baş verən oxşar hadisələrin heç birində sahibkarlar zərər ödəməyib. 
 
"Bu hadisədə birmənalı olaraq sahibkar cavabdehdir. Obyekti sataraq və necə olur olsun dəyən maddi zərəri ödəməlidir. Təəssüf ki, illərdir istehlakçıların hüququnu qorumağıma rəğmən sahibkarlara cəza verildiyini görməmişəm. Bu və ya digər formada məsuliyyətdən azad edilirlər. Həmçinin, dövlət qurumları da məsələdə cavabdehdir. Mən özüm evimin altındakı zirzəmiyə tez-tez monitorinqlər edirəm. Məkanın necə istifadə olunmasına nəzarət edirəm. Bakıda da bir çox zirzəmilər zəbt olunub. Onların hamısı yoxlanılmaldır. Nəzarət mütləqdir", Hüseynov dedi. 
 
Sözügedən hadisə bu gün, aprelin 3-də saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib.
 
"Azəriqaz" İstehsalat Birliyi  məsələsi bağlı açıqlama yayıb.
 
"Böyük ehtimal olunur ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş vermişdir.Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılmışdır. Hadisə yerinə işçilərimiz tərəfindən baxış keçirilərkən obyektdən 3 ədəd propan qaz balonu aşkar edilmişdir, 1 ədədi partlamış vəziyyətdə. Sözü gedən obyekt Azəriqaz abonenti deyil, eyni zamanda yeraltı qaz kəməridə mövcud deyildir", açıqlamada deyilir.

 FHN-dən bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub. 
 
"Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. Proses araşdırılıb, detallı məlumat veriləcək. Nazir Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib", - nazirlikdən bildirilib. 
 
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən açıqlamaya görə, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

"Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.", - Baş Prokurorluqdan deyilib. 
 
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində tibb müəssisələrinə 37-yə yaxın xəsarət almış şəxs daxil olub.

Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.

"Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib", - Vüqar Qurbanov deyib.
 
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də hadisə barədə birgə məlumat yayıb.
 
Məlumata görə, Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir. Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıb. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.
İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
 
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
 
Hadisə baş verən gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur. Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib. "Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi.
 
anews.az
Ləman Qasımova
neymar.az
0.013020038604736