Azərbaycanda tarixi memarlıq abidələrinin təhlükəsizliyi necə təmin olunur? – Elmar Nurəliyev

Bəzi tikililər tarixi əhəmiyyətinə və memarlıq üslubuna görə fərqləndiyi üçün dövlətlərin xüsusi siyahısına salınır, muzeyə çevrilərək turistlərin marağına səbəb olur. Ona görə də bu cür binalar tarixi və memarlıq abidəsi adı altında xüsusi olaraq mühafizə olunur. Buna baxmayaraq bəzi hallarda tarixi binaların müxtəlif səbəblərdən zərər gördüyünü bilirik. Ölkələr arasında gedən müharibələr, təbii fəlakətlərlə yanaşı yanğın nəticəsində məhv olan abidələr də mövcuddur.

Yaxın keçmişdə, 2019-cu ildə Paris şəhərinin mərkəzində yerləşən, Fransa paytaxtının simvolu olan Notr Dam Kilsəsində yanğın baş verdi. Yanğın nəticəsində kilsənin bir hissəsi məhv olub. 

Azərbaycanda da çox sayda mühafizə olunan tarixi və mədəniyyət abidələri var. Bəzi mədəniyyət abidələri erməni işğalı nəticəsində dağıdılıb, işğaldan sonra yenidən abidələrin bərpasına başlanılıb. Lakin bəzən də tarixiliyinə görə qorunan tikililərin yanğın nəticəsində zərər görməsinə şahid oluruq.

Ötən gün, iyunun 19-da Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində, 5 saylı Doğum Evinin binası yaxınlığında baş verən yanğın zamanı doğum evinin binasına ziyan dəyib. Mədəniyyət Nazirliyinin açıqlamasına görə, 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsidir.

Bəs memarlıq abidələrinin təhlükəsizliyi necə təmin olunmalıdır? Həmin binalar yanğından necə mühafizə olunmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, bütün tikililər yanğın təhlükəsinə dair təlimat və qaydalara ciddi riayət etməlidir:

“Bu, qanunvericiliklə təsbit olunub. Bütün təyinatlı obyektlər, inzibati binalar, bazarlar, ticarət mərkəzləri, yaşayış binaları və s. yanğın təhlükəsizliyinə qarşı təchizatla təmin edilməli, normativ qaydalara ciddi əməl etməli, obyektin spesifikasına uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, yanğın hidratları, ehtiyat su hovuzu, yanğın xəbərdaredici vasitələri, yanğın şitləri olmalıdır.

Burada obyektin təxliyyə yolları, obyektdə təhlükəsiz toplanış yeri, obyektdə yanğın təhlükəsizliyə dair rejimin yaradılması, cavabdeh şəxslərin olması, yanma riski yüksək olan materialların düzgün saxlanılması, daşınması bunların hər biri kompleks görünən tədbirlər planıdır”.

Ekspert Elmar Nurəliyev bildirib ki, bütün obyektlərdə bu sistem qurulmalı və buna cavabdeh şəxslər müəyyən edilməlidir:

“Ümumiyyətlə isə yanğın və hansısa fövqaladə hadisələrdə 100 faiz sığortalanma yanaşması doğru deyil. Ancaq önləyici tədbirləri görməklə, baş verə biləcək qəza risklərini azaltmaqla, yanğın təhlükə risklərini minimuma endirməklə, yanma, partlama riski yüksək olan materalları düzgün saxlanılması, istsmarı, daşınması həyata keçirməklə, yanma qabiliyyəti yüksək olan materiallarla düzgün davranış sərgiləməklə yanğın hadisələrindən müəyyən qədər qorunmaq olur. Bu, təchizata bağlıdır.

Obyektlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Burada həm söhbət insanların həaytından, həm də dövlət əmlakından gedir.

Həmçinin, yanğın hadisələrinin təbiətə, ekologiyaya nə qədər ziyanı var. Ona görə də bunlara ciddi riayət etmək lazımdır ki, yanğın baş verməsin. Versə belə fəsadlar ciddi itkilər olmadan aradan qaldırıla bilsin”.

Günay Şahmar, Bizim.Media 

neymar.az

0.019186973571777