Çimərlik - ÖLÜM yoxsa ƏYLƏNCƏ- Elmar Nurəliyev

Son günlər dənizdə boğulan insanların sayında artım müşahidə olunur. Boğulma hallarının artmasının əsas səbəblərindən biri də vətəndaşların ehtiyatsızlığıdır. Çünki boğulmalar adətən dənizdə baş verən hansısa xüsusi vəziyyətə və ya vətəndaşın səhhətindəki problemə bağlı olaraq baş vermir. Həmçinin çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb. Bunu statistikadan da aydın görürük.
Mütəxəssislər boğulmaların səbəbini, əsasən, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər, bəzi şəxslərin suda bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.
 
Mövzu ilə bağlı News24.az-a açıqlama verən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirdi ki, ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər salsaq, bu hadisələrin Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələrindən kifayət qədər uzaq məsafələrdə, nəzarətsiz çimərliklərdə, o cümlədən çimərlik kimi təyinatı nəzərdə tutulmayan suvarma kanalları, arxlar, süni göl və digər su hövzələrində baş verdiyinin şahidi olarıq:
“FHN  tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, xüsusən uşaq və yeniyetmələr çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə çimirlər. Bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına qeyri müəyyən dərinliyə məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərinə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır”.
 
A.Əlili onu da qeyd etdi ki, hər il çimərlik mövsümünə başlamazdan əvvəl FHN-nin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən yerli icra nümayəndələri ilə birlikdə sahilboyu ərazilərdə monitorinqlər keçirilir. Monitorinqlər zamanı  çimərlik üçün əlverişsiz ərazilər, o cümlədən çimərlik operatorlarına, yəni daha açıq formada desək, çimərlik sahibkarlarına, özəl çimərlik sahibkarlara çimərlikdə təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim olunub:

“Bununla yanaşı, Xidmətin nəzarətində olan çimərliklərdə və İdeya İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Sabunçu, Xəzər, Binəqədi, Səbail və Qaradağ rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb, hansı ki, bu nişanlar həmin nişana qədər üzmə mesajını verir. Bu nişanlar da bir metr 75 sm quraşdırılır və bundan uzağa üzmək qadağan edilir. Çimərlik ərazilərində vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi məlumatverici lövhələr yerləşdirilib. İngilis və Azərbaycan dillərində tərtib olunmuş 11 adda maarifləndirici lövhələr yerləşdirilib. Xidmətin balansında olan xilasetmə, texnika və vasitələr axtarış xilasetmə tədbirləri zamanı istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib və xidmət iyun ayının on beşindən, bu günə qədər, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

A.Əlilinin sözlərinə görə, məhz bu təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, 2023-cü il ərzində 119 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 127 nəfər sulardan xilas olunub və FHN-nin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən  təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, çimərlikdə təhlükəsizlik həssas məsələdir:
“Xüsusən diqqət yetirməli olan məqamlar var. İlk çimərliyə gedərkən planlı şəkildə getmək lazımdır. Yəni hansı çimərliklərdən, istifadə etmək olar, hansından yox. Fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Hər il dünyada 400 minə yaxın insan çimərlikdə boğularaq həyatını itirir. Yəni bu kifayət qədər ciddi rəqəmdir və bunların içərisində 95 faiz dən çoxu, məhz qeyri-çimərlik ərazisində baş ver. Bu bir daha onu göstərir ki, qeyri-çimərlik ərazilərinə getmək insanların həyatı üçün təhlükəlidir. Əlverişsiz hava şəraitində də çimərliyə getmək olmaz. Ümumi dünya üzrə boğulanların 70 faizdən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlər təşkil edir. Əgər  küləyin sürəti saniyədə 12 metrdən yuxarı və dalğaların gücü üç baldan yuxarı olarsa dənizə girmək təhlükəlidir. Suda maksimum 30 -40 dəqiqədən çox üzmək olmaz. Dənizdən çıxdıqdan sonra azı bir saat kölgədə istirahət etmək lazımdır”.

Ekspert qeyd etdi ki, mütləq şəkildə xilasedicilərin olduğu çimərliklərdən istifadə etmək lazımdır. Çimərlikdən istirahət məqsədi üçün istifadə etmək lazımdır. Bəzi insanlar bunu yarışa çevirir və sonu faciə ilə bitir.
 
Aydan Beydullayeva 

news24.az

neymar.az

0.036953926086426