Azyaşlıları heç bir halda evdə tək qoymaq olmaz - Elmar Nurəliyev

Son vaxtlar azyaşlıların köməksiz vəziyyətdə qalmasına dair xəbərlər artıb
 
Valideynlərin məsuliyyət hissi olmalıdır ki, ömrü boyu peşmançılıq çəkməsin
 
"İnsanlar arasında sosiallaşmanın, ünsiyyətin, mehribanlığın itməsi bədbəxt hadisələrin sayını da artırır"
 
Fövqəladə Hallar Nazirliyi azyaşlıların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd edilir ki, FHN-in “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmasına dair mütəmadi məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır. Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğu nəzərə alınaraq, valideynlər uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməmək tövsiyə edilir. 
Müraciətlə bağlı “Şərq”ə fikirlərini bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, bu müraciət valideynlərə ünvanlanıb: 
 
- FHN-in müraciətində qeyd olunanlar ümumən cəmiyyət üçün xarakterik hallardır. Uşaqların mənzildə köməksiz qalması, FHN xilasedicilərinin köməyə gəlməsi xəbərlərini tez-tez eşidirik. Belə hallar, son illərdə təəssüf ki, intensiv xarakter alıb. Əsas səbəb də valideyn məsuliyyətsizliyidir. Valideynlər öz hərəkətlərinə əsas tapmağa çalışır, müxtəlif səbəblər göstərirlər. “Uşağı tapşıracaq kimsə yoxdur”, “işləyirəm, vaxtım azdı”, “5 dəqiqəlik marketə getdim” və sair. Amma bəzən faciələr elə bu 5 dəqiqədə, hətta nəinki 5 dəqiqədə, 1 dəqiqənin içində, anidən baş verə bilir. Uşağın eyvandan, yaxud pəncərədən boylandığı zaman yıxılması, mənzildə hansısa əşyanın uşağın üzərinə aşması 1 dəqiqənin içində baş verə bilər. Yaxud kəsici alətlə, yaxud kibritlə, “oynayıb”, özünə xəsarət yetirməsi üçün 1-2 dəqiqə yetərli olur. Bu cür faciələr baş verdikdə, valideynlər ömrü boyu mənəvi əzab içində yaşayır. Özlərini günahlandırmaqdan başqa əllərindən bir şey gəlmir, ömür boyu əzab çəkirlər. Bunlar baş verməsin, nə uşaqlar fəlakətlə üzləşsin, nə də valideynlər ömrü boyu tənəli qalsın deyə, məsuliyyət hissi əsas olmalıdır. 
 
Elmar Nurəliyev qeyd etdi ki, azyaşlıları heç bir halda evdə tək qoymaq olmaz: 
 
- Mənzildə tək qalmaq uşaqda psixoloji sarsıntı yarada bilər. Uşaq hansısa yad səsdən qorxar, qarabasma olar. Uşaqlar çox zaman evə yad adamların daxil ola biləcəyindən, onlara xəsarət yetirə biləcəyindən qorxurlar. Mənzildə tək qalan uşaqda bu qorxu hissi daha da artır. Görür ki, anası, atası yanında deyil, özünü tək, köməksiz hiss edir. Bu cür hallar uşaqlarda erkən yaşda psixoloji travmaların əmələ gəlməsinə, uşağın xəstələnməsinə səbəb olur. Təhlükə baxımından da uşağın evdə tək, nəzarətsiz qalması düzgün deyil. 
 
Elmar Nurəliyev qonşular arasındakı bağların zəif olmasına toxundu: 
 
- Əvvəllər valideyn uşağı həyətdə oynamağa göndərirdi və arxayın olurdu ki, uşaq digər uşaqların əhatəsindədir, qonşular da nəzarət edir. Ana təcili harasa getməli olanda uşağı yaxın qonşuya həvalə edirdi. Artıq çoxdandır bu ənənələr itib. Nəinki çoxmənzilli binalarda, artıq həyət evlərində də əksəriyyət dəmir qapı qoydurub, qapıları da kip bağlayır. Evlər arasında hündür, qalın hasar çəkirlər ki, kimsə bir-birini görməsin. 
 
Eyni blokda yaşayan sakinlər bir-birini tanımır. Kimsə kimsənin qapısını döymür. Sosiallaşma sıfra enib. Bu səbəbdən də valideynin vacib bir işi olanda məcbur qalıb uşağı mənzildə tənha qoyub gedir, qapını da arxadan bağlayır. 
 
Uşaqlar da çox zaman qapı kilidi ilə oynayır, bəlkə də içəri tərəfdən açmağa çalışırlar, bu zaman da açar kilidə düşür. Valideyn evə qayıdanda qapını aça bilmir, FHN-ə zəng edir. Uşağın mənzildə tək olduğundan bəzən qonşuların heç xəbəri də olmur. 
 
Ya gərək mənzildən uşağın ağlamaq səsi gəlsin, ya bir səs olsun ki, mənzildə kiminsə bağlı qalması aydınlaşsın. Bir-birindən xəbərsiz qonşular bunu hardan biləcək? İnsanlar arasında sosiallaşmanın, ünsiyyətin, mehribanlığın itməsi bədbəxt hadisələrin sayını da artırır. 
 
sherg.az
neymar.az
0.032086849212646