Elektrik cərəyanından necə qorunmalı?- Elmar Nurəliyev

Ekspert təhlükəsizlik qaydalarının vacibliyindən danışdı: ”Vətəndaşların məlumatsızlığı bədbəxt hadisələrin baş verməsi risqini qaçılmaz edir”.

Şəmkirdə 1994-cü il təvəllüdlü N. Aslanov elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb. Hadisə onun yaşadığı evdə, təmir işləri görən zaman baş verib. N.Aslanov xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Son zamanlar bu cür bədbəxt hadisələrin sayı artıb. İl ərzində yüzlərlə belə ciddi xəsarət və ölüm halları ilə nəticələnən qəzalar qeydə alınır.
Bəs, belə halların qarşısının alınması üçün hansı tədbirlər görülür? Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev danışdı:

“Ümumiyyətlə, bədbəxt hadisələrdən, fövqəladə hadisələrdən, təbiət hadisələrindən kimsə sığortalanmayıb. Qabaqlayıcı tədbirlər görməklə baş verə biləcək hadisələrin qarşısını almaq, yaranacaq hadisələrin fəsadlarını minimuma endirmək olar. Beləliklə, insanların daha az zərərlə hadisədən qurtulmasını təmin edə bilərik. Təkcə istehsalat sahələri, iş yerləri, xidmət sahələrində yox, evlərdə ictimai yerlərdə, iaşə müəssisələrində, yəni insan faktoru olan bütün yerlərdə təhlükəsiz mühit olmalıdır”.

Ekspert elektrik xətlərinin keyfiyyətinin vacibliyini vurğulayıb:

“EIektrik təhlükəsizliyi ilə bağlı bütün istehsalat müəssisələrində- iş yerləri, zavodlar, fabriklər, eləcə də, fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binalarında elektrik təsərrüfatının sazlığına əmin olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, yanğınların da böyük əksəriyyəti məhz elektrik qısaqapanmasından beş verən yanğınlardır. Ev yeni alınıbsa, yaxud təmir olunursa, mütləq keyfiyyətli elektrik naqillərindən istifadə etmək lazımdır. Köhnə evlərdə isə hökmən əvvəlki xətlər yoxlanılmalı, sınaq protoklu tərtib olunmalıdır ki, gərginliyə görə gələcəkdə fəsad yaranmasın. Elektrik gərginliyinin normativləri düzgün hesablanmalı və evdəki, yaxud iş yerində istifadə olunan, elektriklə çalışan avadanlıqların həcminə uyğunlaşdırılmalıdır. Həddən artıq yüklənmə naqillərdə qızmaya, alışmaya və qısaqapanmaya gətirib çıxarır”.

Elmar Nurəliyev əhalinin təhlükəsizlik təlimatından məlumatlı olmasının zəruriliyini qeyd edib:

“İnsanlar elektrik gərginliyi ilə bağlı olan təhlükəsizlik təlimatlarından məlumatlı olmalıdılar. Elektrik gərginliyi ilə təmasdan yarana biləcək fəsadların nəticələri barədə ən azı ilkin bilgiyə sahib olmaları mütləqdir. Ümumiyyətlə, elektrik paylayıcılarında hansısa avadanlığı, qurğunu işlək vəziyyətdə qoyub otağı tərk etmək yolverilməzdir. Elektrik xətlərinin mütləq qoruyucu örtüyü, izolyasiyası olmalıdır. Baxımsız və nasaz vəziyyətdə olan elektrik xətləri vaxtında aşkar olunub təmir edilməlidir”.

Ekspert hadisələrin əsasən səhlənkar yanaşmadan qaynaqlandığını da istisna etməyib:

“Baxırıq ki, idarələrdə, təşkilatlarda yaxud evlərdə elektrik xəttində nasazlıq baş verir, aylarla nəzarətdənkənar, açıq vəziyyətdə qalır. Təbii ki, məlumatsız bir adamın onunla təması bədbəxt hadisəni qaçılmaz edir. Uşaqlar elektrik qurğularının nə qədər təhlükəli olduğunu dərk etmirlər və bilmədən toxunmaqları xoşagəlməz hadisələrin yaşanması ilə nəticələnir. Buna görə mütləq qaydada təhlükəsizlik təlimatlarını uşaqlara da aşılamaq və onları nəzarətsiz qoymamaq lazımdır.”

Həmsöhbətimiz, həmçinin elektrik xətlərinin vaxtında yoxlanılması, yenilənməsi məsələsinə də toxunub:

“Nəzərə almaq lazımdır ki, elektrik cərəyanı ilə vurulmalara gərginlik altına düşmə, cərəyandan düzgün istifadə olunmadıqda və yaxud elektrik cərəyanında təmir işləri həyata keçirilərkən baş vermiş hadisələr aiddir ki, onların sonu çox acınacaqlı ola bilir. Unutmaq olmaz ki, elektrik cərəyanı insan həyatı üçün olduqca böyük risk daşıyır. Hesab edirəm ki, bütün idarə və müəssisələrdə elektrik xətləri bir ildən gec olmayaraq yoxlanılmalı və nasazlıq varsa, dərhal aradan qaldırılmalıdır. Bəzən elektrik şitlərində yaxud transformatorlarda qoruyucu çəpərlənmə olmur, qapısı açıq vəziyyətdə qalır. İnsanlar bilməyərək içəri daxil olur, azyaşlı uşaqlar əyləncə üçün girirlər və sonu xoşagəlməz hallarla nəticələnir. Ona görə bu cür gərginlikli ərazilərə kənar şəxslərin girişi qadağandır. Hətta elektriklər belə ora daxil ola bilməzlər. Bu cür təhlükəli yerlərə yalnız rəsmi akredasiyadan keçmiş, icazəli şəxslərin girişi təmin olunur. Bəzən orada hansısa yanğın hadisəsi baş verəndə onu qeyri – peşəkar şəxslər söndürməyə cəhd edirlər və bu yolverilməzdir. Belə yüksək gərginlikli transformatorlarda baş verən yanğının söndürülməsi yalnız peşəkar yanğınsöndürmə qruplarına həvalə olunmalıdır. Buna görə də gərginliklə və elektrik qurğuları ilə bağlı həm idarə və müəssisələrdə, həm də fərdi yaşayış evlərində böyüklər və uşaqların müəyyən biliklərə malik olması gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını ala və ya minimuma endirə bilər”.

Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi

27sentyabr.az

neymar.az

 

0.034332990646362