Mülki müdafiə planı hansı hallarda işə düşür? - Elmar Nurəliyev

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın yaradılması haqqında" sərəncamında Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması əksini tapıb.
Ölkəmizin ərazisində mülki müdafiənin tətbiqi müharibə, hərbi qarşıdurma başlandığı və ya hərbi vəziyyətin tətbiq edildiyi andan, habelə müxtəlif xarakterli fövqəladə vəziyyətlərdə başlayır.
Sputnik Azərbaycan mülki müdafiə planının əhəmiyyəti, ölkəmizdə bu plana uyğun olaraq görülməli olan işləri araşdırıb.
Ehtiyatda olan polkovnik leytenant, Memarlıq və İnşaat Universitetinin Mülki-müdafiə qərargahının rəisi Əhməd Abdullayev bildirib ki, bütün əmr və sərəncamların icrası üçün planlar olmalıdır. O qeyd edib ki, bütün müəssisə və təşkilatlarda mülki-müdafiə qurumu var:
"Bu qurumun fəaliyyəti hadisə baş verdiyi andan avtomatik rejimə keçir. Obyektin bütün ərazisi əvvəlcədən planlaşdırılır və insanların təxliyəsi üçün müvafiq planlar işə düşür. Hər bir hadisə baş verməzdən əvvəl onun qabaqlayıcı tədbirlər planı olur".
Əhməd Abdullayev vurğulayıb ki, hər hansı bir hadisənin olacağından kimsə sığortalanmadığı üçün mülki müdafiə planlarının hazır vəziyyətdə olması önəmlidir:
"Bu gün tikilən bütün binaların altında qaraj kimi istifadə edilən yerlər də əslində insanların mümkün hadisələr zamanı təxliyə edilməsi üçün nəzərdə tutulub. Düşünürəm ki, azad edilmiş şəhərlərdə də bu məsələlər nəzərə alınır. Bu sahədə maarifləndirmə işləri də plana uyğun aparılır. Xaosun yaranmaması üçün bu cür addımlar atılır".
Mövzu ilə bağlı danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mülki müdafiə planının mövcud olmasının ancaq faydası ola bilər. Ekspert qeyd edib ki, hər bir ərazinin yerləşdiyi relyefə uyğun olaraq təhlükəsizlik planı olmalıdır:
"Bu təhlükəsizlik konsepsiyası həmin ərazidəki təhlükə riskləri qiymətləndirilməklə formalaşır. Su kənarı, sürüşmə riski olan, meşəlik ərazilərdə yaşayan mülki vətəndaşların baş verə biləcək hər hansı təbii fəlakət qarşısında təxliyə edilməsi ilə bağlı lazımi addımların atılması həmin planlarda müvafiq olaraq əksini tapır".
Nurəliyevin fikrincə, bu konsepsiyalar önləyici tədbirlərin görülməsini nəzərdə tutur. Bu isə hadisələrin baş vermə risklərini azaltmaqla yanaşı, baş verə biləcək hadisələrdə ziyanın azaldılması məqsədini daşıyır.
"Mülki müdafiə planı ölkə ərazisinin hər yerində mövcud olmalıdır. Bunların olması sahibkarlıq subyektləri, müvafiq dövlət strukturları və vətəndaşlar üçün vacibdir və onların işlərinin də asanlaşmasına kömək edir. Belə olduqda, müvafiq qurumlar da, insanlar da nə etməli olduqlarını bilirlər. Eyni zamanda, bu cür planlar hazırlandıqdan sonra mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. Bu planlar insanları da daha məsuliyyətli olmağı vadar edir", - deyə o, əlavə edib.

sputnik.az

neymar.az

0.027902126312256