Tikintidə həyatını itirənlər: təhlükəsizliyə kim cavabdehdir?

Dünyada milyonlarla insan istehsalatda təhlükəsizlik tədbirlərinin düzgün formada həyata keçirilməməsi səbəbindən dünyasını dəyişir və yaxud sağlamlığını itirərək əlil olur.

“Report” xəbər verir ki, paytaxtın "28 may" metro stansiyası yaxınlığında, “Yeni Ailə” Mənzil Tikinti Kooperativinə məxsus çoxmərtəbəli binanın tikintisində qoruyucu vasitələrdən düzgün istifadə edilmədiyi müşahidə edilib.

Bəs işçilərin həyatını təhlükəyə atan bu vəziyyətə cavabdeh kimlərdir, onları hansısa cəza gözləyirmi?

Hüquqşünas Sahib Məmmədov bildirir ki, sahibkar mütləq şəkildə işçini təhlükəsizlik vasitələri ilə təmin etməli və bunlardan istifadəni tələb etməlidir:

“Əgər işçi qoyulan tələblə razılaşmırsa, işəgötürənin hüququ var ki, işçini azad etsin, hətta günahının dərəcəsindən aslı olaraq əmək müqaviləsinə belə xitam versin. Amma 2015-ci ildən sonra Əmək Müfəttişliyinə, bir sıra yoxlayıcı orqanlara sahibkarlıq subyektində yoxlama aparılmasına moratorium qoyulub. Moratorium qoyulmadan əvvəl onlar yoxlama üçün Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçməli idi. Məsələn, işəgötürən bilirdi ki, 5 ay sonra yoxlama gələcək, əvvəlcədən hazırlıq görürdü, işçinin sayını azaldırdı, təhlükəsizlik vasitələri ilə təmin edirdi. Amma qəflətən yoxlamaq hüququ yox idi, ona görə də iş yerlərində özbaşınalıq davam edirdi”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, işəgötürən tərəf işçinin təhlükəsizliyinə birbaşa cavabdehdir: "Buna görə də iş yerində təhlükəsiz şərait yaratmalıdır. Bu gün qəzalar ən çox tikinti sahəsində baş verir. Qəza və ölüm hallarının baş verməməsi üçün işəgötürən işçinin təhlükəsizliyini nəzarətə götürməlidir. Ümumiyyətlə, sözügedən iş yerlərində əməyin mühafizəsini təmin edən müfəttiş olmalıdır. Həmin müfəttiş də qəza və ölüm hallarını yaradacaq vəziyyətə göz yummamalı və təhlükəsizliyə nəzarət etməlidir”.

 
report.az
neymar.az
0.037471055984497