Elmar Nurəliyev: Təmizlik işçiləri binanın fiziki göstəricilərinə uyğun fərdi mühafizə vasitələriylə təchiz olunmalıdır

“Şüşələrin təmizlənməsi sahəsində fəaliyyət göstərən şirkətlər, işləri həyata keçirən şəxslər  mütləq sənaye alpinizminə dair kursu bitirməlidir”
 
Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nəsimi Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adıçəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynli Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürmərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb. 
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan təhlükəsizlik məsələləri üsrə ekspert Elmar Nurəliyev bildirib ki, şüşələrin təmizlənməsi sahəsində fəaliyyət göstərən şirkətlər, işləri həyata keçirən şəxslər  mütləq sənaye alpinizminə dair kursu bitirməlidir:
 
"Həmin şəxslər fərdi qaydada sığortalanırlar. Bu , bədbəxt hadisə baş verəndə hüquqi məsələlərin qarşısını almaq üçün lazımdır. İşçilər təhlükə risklərinə aid hər şeyi nəzərdən keçirməlidir.Texniki təhlükəsizlik əməyin mühafizəsi qaydasına dair yoxlanış üçün   - “yoxlama buraxılış jurnalı” imzalanmalıdır".
 
Ekspertin sözlərinə görə, təmizlik işçiləri binanın fiziki göstəricilərinə uyğun  fərdi mühafizə vasitələriylə təchiz olunmalıdır:
 
"Sənaye alpinizmində istifadə edilən avadanlıqlar belə sertifikasiyadan keçməlidir. Əgər nərdivanda işləyəcəksə, onu şüşəyə, pəncərəyə dayamaq olmaz. Günün qaranlıq vaxtı işlərin görülməsi yolverilməzdir. Şüşələri təmizləyən əməkdaşlar  kursu bitirmiş, sertifikasiyalı şəxslər seçilməlidir. Əsas təhlükəsizlik amili hava şəraitidir. Şüşənin qalınlığı  da nəzərə alınmalıdır. Zədələnmiş şüşələrə xüsusi diqqət yetirilməlidir”.
sherg.az
neymar.az
0.02878999710083