“Yanğın təhlükəsizliyi ilə bağlı yeni konsepsiya hazırlanmalıdır”- Elmar Nurəliyev

Ekspert: “Yanğın təhlükəsizliyi ilə bağlı yeni konsepsiya hazırlanmalıdır”

Ötən həftənin sonu Nərimanov rayonundakı ticarət obyektlərində baş verən yanğın yenidən təhlükəsizlik problemlərini gündəmə gətirib. Artıq son dövrlərdə bu cür yanğın hadisələri tez-tez baş verir. Bəs bu yanğınlara səbəb olan nədir? Ehtiyatsızlıq, məsuliyyətsizlik, yoxsa yanğın qaydalarına düzgün əməl  edilməməsi? Hər dəfə yanğın təhlükəsizliyi məsələləri gündəmə gəlsə də, bununla bağlı hər hansı gözəçarpan dəyişikliyin olduğunu müşahidə etmirik. Bununla belə, artıq  neçənci dəfədir ki, ticarət obyektlərinin yandığının da şahidi oluruq. Baş verən bu yanğınların qəsdən törədilməsi ilə bağlı iddialar da səngimək bilmir... 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Bununla bağlı birmənalı fikir söyləmək olmaz. Hər bir fakt üzrə müvafiq araşdırma aparılır. Bütün bu araşdırma nəticəsində o əməlin, o faktın, o yanğının qəsdən, yoxsa ehtiyatsızlıqdan törədilməsi yalnız araşdırmanın nəticəsində məlum olur. Ümumən, sosial şəbəkələrdə, hansısa obyektin, ictimai iaşə obyektinin qəsdən yandırılması ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb. Bütün hallarda araşdırmalar davam etdirilir”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə bizimlə söhbətdə bildirib ki,  Azərbaycanda 2020-ci ildə 2 mindən yuxarı yanğın hadisəsi baş verib: “Onlarla insan həlak olub. Yüzdən çox insan xəsarət alıb. Bu az rəqəm deyil, narahat olmağa əsas verir. Ümumiyyətlə, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır ki, həm insanlar xəsarət almasın, həm öz əmlaklarına zərər dəyməsin, iqtisadiyyata, ekologiyaya zərər dəyməsin. Yanğın təhlükəsizliyi haqqında qanunda da göstərilib ki, bütün idarə və müəssisələr, dövlət və özəl təşkilatlar, sahibkarlıq subyektləri, ümumiyyətlə, bütün obyektlərdə yanğın təhlükəsizliyi haqqında təlimatlara,  yanğın təhlükəsizliyi haqqında qaydalara mütləq riayət olunmalıdır. Xarakteristikasından və təyinatından asılı olaraq obyektlərdə yanğın təhlükəsizlik avadanlıqları və qurğuları quraşdırılmalıdır. Eyni zamanda bunların daim işlək və saz vəziyyətdə olması təyin olunmalıdır.

Mühafizə sistemi haqqında nə bilirik? - Elmar Nurəliyev - MÜSAHİBƏ

 Elmar Nurəliyev 

Bu qaydalara riayət edən yerlər var, ancaq bir çox yerlərdə nəinki bu qaydalara riayət olunub, heç  o cür avadanlıq və qurğular yoxdur. Yanğın təhlükəsizliyinə aid olan ehtiyat su çəni, təhlükəsiz toplanış şeyləri, yanğın hadisəsi baş verərsə, yanğını söndürməyə gələn maşınların əraziyə rahat daxil olması üçün yol belə yoxdur. Görün bu hadisə baş verərsə, hadisənin miqyası nə qədər genişləndirə bilər. İnsanlar az zərərlə qurtulmalı olduğu halda, daha çox zərər çəkirlər. Ona görə avadanlıq və qurğuların mütləq saz vəziyyətdə olmasına nəzarət olunmalıdır. İnsanlar daim maarifləndirilməlidir ki, istər çoxmənzilli yaşayış binalarında, istər iş yerlərində, istehsalatda, sənayedə, ticarət obyektlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət olunsun.Yanğın baş verərsə, necə davranılsın, əmlakını, özünü necə qorusun, digər şəxslərə necə kömək etsin. Bunlara dair ilkin biliklər olmalıdır”.

Ekspert qeyd edib ki, çoxmənzilli yaşayış binalarının əksəriyyətində nə binanın həyətinə maşınla daxil olmaq olur, nə ehtiyat su çəni var, nə də siqnalizasiya qurğuları var: “Varsa da, işlək vəziyyətdə deyil. Çoxmənzilli yaşayış binasının liftində belə generator yoxdur. Məlum məsələdir ki, fövqəladə vəziyyətdə birinci yanğın hadisəsi baş verərsə, işıq kəsilib bu liftin içində qalan şəxs nə etsin?  Kimsə gəlib onu xilas edənə qədər tüstüdən zəhərlənə bilər. Binanın necə generatoru olmaya bilər?! Yanğın söndürməyə gələn maşın əraziyə belə girə bilmir. Dəfələrlə bu barədə kütləvi informasiya vasitələrində məlumatlar gedib. Sakinlərin məsuliyyətsiz yanaşmalarını bildik. Axı onları da qınamaq olmur. Adam buradan ev alıbsa, avtomobilini harada gedib saxlamalıdır. Alternativlər olmalıdır. Ona görə yanğın təhlükəsinə aid olan məsələlərə kompleks yanaşılmalıdır. Təbii ki, o cür obyektləri istismar edən rəhbər şəxsin, şirkətin, idarəçinin məsuliyyəti var, onlar da bilməlidirlər ki, bu cür binanı tikmək, təhlükə riski ola-ola işlətmək doğru deyil. Aidiyyəti qurumların da məsuliyyəti olmalıdır. Onlar da buna nəzarət etməlidirlər. Yanğın təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunmur. Ona görə bu məsələdə sakinlər, şirkətlər və aidiyyəti qurumların birgə nəzarət edəcəyi kompleks yanaşma tələb olunur. Buna aid yeni konsepsiya hazırlanmalıdır.  Bu konsepsiyaya uyğun olaraq təhlükə riskləri  qiymətləndirilməlidir, buna uyğun olaraq təhlükəsizlik təlimatları, insanların davranışını əks etdirən təxliyyə planları, daha sonra təhlükəsizlik avadanlıqlarının mexanizmlərinin, qurğularının vaxtında yoxlanması, aşkarlanan nöqsanların aradan qaldırılması üçün bir nəzarət planı hazırlanmalıdır ki, daim bunlar nəzarətdə saxlansın”.

Elmar Nurəliyev əlavə edib ki, iki mindən yuxarı yanğın hadisəsinin qeydə alınması, onlarla insanın həlak olması  məsələyə ciddi yanaşmanın lazım olduğunu göstərən rəqəmlərdir: “Ona görə mütləq bu məsələlərə ciddi yanaşılmasına ehtiyac var. Yaşayış binalarında, iş yerlərinin çoxunda təhlükəsiz toplanış yerləri olmalıdır. Təhlükəsizlik toplanış şeyləri bu gün varmı? Bir binada yaşayan sakinlərin bir hadisə baş verərsə, istər yanğın hadisəsi, istər digər fövqəladə hadisələr- təbii, texnogen, təbiət hadisələri, zəlzələ, sürüşmə zamanı nə edəcəyi, necə davranacağı, nə etmək lazım olduğuna dair mütləq maarifləndirilməsi lazımdır.  Ancaq bu gün bir istehsalatda, bir iş yerində bir qəza olanda insanlar harada gəldi, necə gəldi toplanırlar. Bu, həm xilasetməyə gələnlərin, həm də yanğınsöndürənlərin işini çətinləşdirir. Həm də ki, özlərini riskə atırlar. Ona görə mütləq bu məsələyə kompleks yanaşılmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

neymar.az

0.026134014129639