Elmar Nurəliyev - Valideynlər qapısında nəzarətçi belə olmayan məktəblərə görə narahatdılar

Sabahdan ali və orta təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək. Yeni dərs ili özü ilə bərabər müəyyən məsələlərin də müzakirəsini açıq elan edib. Bunlarda biri də, təhsil müəssisələrinin mühafizəsidir. Bu yaxınlarda Rusiyada universitetlərin birinə edilən silahlı hücum isə, təhlükəsizlik problemini bir daha gündəmə gətirib. Düzdür, hadisə qonşu ölkədə gerçəkləşib,  buna baxmayaraq valideynlərin narahatlığı da başadüşüləndir.
 
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, məktəblərdə təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır:
 
"Heç kim, heç bir yer terror hadisəsindən sığortalanmayıb. Əlimizi-qolumuzu sallayıb "hadisə olsa, onsuz da qabağını ala bilməyəcəyik” deyə bilmərik. Kompleks təhlükəsizlik tədbirlər planı görmək, binanın fiziki olaraq qorunmasını təşkil etmək lazımdır.  Qapıda bir nəzarətçinin qoyulması o demək deyil ki, mühafizə etibarlı təşkil edilib. O nəzarətçi əlində silah ilə gələn terrorçunun qabağına necə çıxa bilər? İndi texnologiya dövrüdür - elektron informasiya sistemlərinin, nəzarət müşahidə avadanlıqlarının, siqnalizasıya vasitələrinin köməkliyi ilə təhlükəsizlik tədbirləri görülməlidir. Təbii ki, cinayəti planlayan şəxs birbaşa obyektə gəlmir - günlərlə, aylarla ölçüb biçir, plan cızır, nəyi necə etməyi, boşluqları müəyyən edir. Ona görə təhlükəsizlik məsələsinə daha geniş formada yanaşmaq lazımdır”.
 
Müsahibimiz qeyd edib ki, qapısında nəzarətçi belə olmayan məktəblər var:
 
"Elə məktəblər var ki, onları DİN-in mühafizə polisi qoruyur, eləsi var özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərlə müqavilə bağlayıb məktəbin mühafizəsini təmin edir, bəziləri də qapıya öz işçiləri olan gözətçini yaxud digər sahədə işləyən birini qoymaqla mühafizəni təşkil edir. Hesab edirəm ki, müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə vəziyyətdə onların üzərinə büyük məsuliyyət düşür - xilasetmə qrupları gələnə qədər  vəziyyəti nəzarətdə saxlamaq. 
Universitet və məktəblərdə ehtiyat çıxış qapısının, içəridə fövqəladə vəziyyətdə hərəkəti göstərən traparetlərin, hər mərtəbədə səsgücləndiricinin olması önəmlidir ki, onun sayəsində içəridəkiləri məlumatlandırmaq olar və  bu da insanların təhlükəsizliyini təmin edər. Məktəblərdə mühafizəni həyata keçirən mühafizəçi dərs başlamamışdan qabaq məktəbin həyətini, mərtəbələri yoxlamalı, uçuq-sökük yer varsa, insan həyatı üçün təhlükəli hallar aşkar edərsə, rəhbərliyə məlumat verilib aidiyyatı üzrə tədbirlər görülməlidir”.
 
Ekspert həmçinin bildirib ki, istifadə olunmayan siniflərin otaqlarının qapıları həmişə bağlı saxlanılmalıdır: 
 
"İdman dəsrlərində soyunub-geyinmə otaqlarına, sanitar qovşaqlara xüsusi nəzarət olmalıdır. Bəzi məktəblərdə azyaşlılarla yuxarı sinifdə oxuyanlar eyni sanitar qovşaqdan, geyinmə otağından istifadə edirlər və bu düzgün deyil. Ola bilər, yuxarı sinif şagirdləri orada siqaret çəkir, söyüş söyür, qeyri-etik hərəkətlər edir. Bu isə, azyaşlıların tərbiyəsinə mənfi təsir edə bilər.Əsas məsələlərdən biri də, aşağı sinifdə oxuyan şagirdlərin müəllimləri tərəfindən valideynlərinə birbaşa təhvil verilməsidir”.
 
Günay Rəsulqızı
Sfera.az
neymar.az
0.036617040634155