Ali məktəbləri mühafizəçisiz buraxmayın - Elmar Nurəliyev

Mülki nəzarətçi silahlı terrorçunu necə zərərsizləşdirə bilər?
 
Elmar Nurəliyev: "İçəridə mərkəzləşmiş siqnalizasiya sisteminin olması və yaxınlıqdakı DİN-in polis bölməsinə birbaşa bağlanılması yaxşı olar"
 
 
Azərbaycan universitetlərinin girişində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizəçilər qoyulur. Bəzən isə bu, yalnız formal xarakter daşıyır. Hətta tələbə olmayan şəxslər belə ali təhsil müəssisəsinə daxil olur. Bir neçə il bundan öncə ADNA-da baş verən terror hadisəsi universitetlərdə təhlükəsizlik tədbirlərinin kifayət qədər yetərli olmadığını göstərdi. 
 
 Bu günləri də bəzi universitetlərimizdə bu formallıq hələ də qalmaqdadır. Ötən gün Rusiyanın Perm Universitetində baş vermiş atışma hadisəsi də universitetlərdə təhlükəsizlik məsələsini gündəmə gətirdi. Qeyd edək ki, bu hadisə nəticəsində 10-a yaxın tələbə həlak oldu, 24 nəfər yaralandı. Hadisənin maraqlı tərəfi isə tələbələrə və müəllimlərə atəş açan şəxsin həmin universitetin hüquq fakültəsinin birinci kurs tələbəsi olması idi. Rusiyada yaşanan bu qanlı olayı Rusiya lideri Vladimir Putin fəlakət kimi xarakterizə edib. Qeyd edək ki, tələbələr universitetə qayıdarkən bir-biriləri ilə qucaqlaşaraq ağlaşıblar. Təbii ki, bu  kimi hadisələr gənclərdə böyük travmaya yol açır. Bəs, bizim sayı 50-yə qədər olan ali məktəblərimizdə təhlükəsizlik tədbirləri necədir?  
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, təhsil ocaqlarında təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır. Ekspert qeyd edib ki, heç kim bu cür terror hadisəsindən sığortalanmayıb və ona görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var:
 
 "Nəzərə alaq  ki, universitetdə təhsil alanların yaş həddi yeniyetmə dövründə olduğu üçün onlar bu cür hadisələr zamanı müstəqil qərar qəbul edə bilmirlər. Məhz bu səbəbdən də təhsil ocaqlarında təhlükəsizlik məsələsinə daha ciddi yanaşılmalıdır. Universitetlərdə təhlükəsizliyin təmin edilməsi üçün bəziləri özəl mühafizə şirkətləri ilə müqavilə əsasında bunu təmin edir, bəzilərini DİN-in mühafizə polisi qoruyur. Qeyd edim ki, təhsil ocaqlarında baş verən hər hansı neqativ hadisələr uşaqlara həm mənəvi, həm də psixoloji təsir edir və onlarda silinməz izlər buraxır. Onun üçün baş verə biləcək xoşagəlməz hadisələri minimuma endirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq üçün öncədən zəruri tədbirlər görülməlidir. Buna görə də ali məktəb ərazilərinin ciddi şəkildə qorunmasına ehtiyac var".
 
Elmar Nurəliyev qeyd edib ki, təhlükəsizlik kompleks görülən tədbirlər planıdır: 
 
"Hesab edirəm ki, müəllimlərin təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə vəziyyətdə onların üzərinə böyük məsuliyyət düşür. Təbii ki, vəziyyəti qorumaq üçün onlarda ilkin biliklərin olması vacibdir. Universitetlərdə və məktəblərdə mütəmadi olaraq həyəcan siqnalları verilməklə, praktiki olaraq bu təlimlərin keçirilməsi zəruridir. Deyərdim ki, idman və əmək  dərslərinin aylıq müəyyən saatlarında bu cür təlimlər təşkil edilməlidir.  Çünki bu cür təlimlər uşaqların yaddaşında daha yaxşı qalacaq və fövqəladə vəziyyətdə onlar nə etmək lazım olduğu haqqında məlumatlı olacaqlar".
 
Ekspert Elmar Nurəliyev diqqətə çatdırıb ki, qabağına məqsəd qoyan terrorçunun  qarşısını qapıda dayanan mühafizəçi ala bilməz:
 
 "Çünki mühafizəçi giriş-çıxışa nəzarət edir, kənar şəxslərin buraxılmamasını təmin edir. Sadəcə təcrübəli mühafizəçilər özünü şübhəli aparan şəxsi, yaxud əşyanı diqqətindən buraxmır ki, bu da belə planlaşdırılmış terrorun qabağını öncədən almağa kömək edir. Ona görə də belə yerlərə əsasən təcrübəli mühafizəçilər işə götürülməlidir. Ancaq bu o demək deyil ki, əlimizi-qolumuzu sallayıb deyək ki, hadisə olsa onsuz qabağını ala bilməyəcəyik. Bunun üçün kompleks tədbirlər planı görmək lazımdır. Binanın fiziki olaraq qorunmasını təşkil etmək lazımdır.  Qapıda bir nəzarətçinin qoyulması o demək deyil ki, mühafizə etibarlı təşkil edilib. O nəzarətçi əlində silah ilə gələn terrorçunun qabağına necə çıxa bilər? Çıxsa, terrorçu onu vurub sonra daxil olacaq. Demək ki, təhlükəsizlik məsələsinə daha geniş yanaşmaq lazımdır. İndi texnologiya dövrüdür. Elektron informasiya sistemlərinin, nəzarət-müşahidə avadanlıqlarının, siqnalizasiya vasitələrinin köməkliyi ilə təhlükəsizlik tədbirləri görülə bilər. Təbii ki, cinayəti planlayan şəxs birbaşa ora  gəlmir. Onun üçün günlərlə, aylarla ölçüb-biçir, plan cızır. Həmin yerə dəfələrlə gəlib-gedir, nəyi necə etməyi və harada boşluqlar var, onu özündə müəyyən edir. Baxın, bu əsasdır, terrorçu boşluqları müəyyən edir və daha sonra öz çirkin əməlini həyata keçirir. Demək ki, əvvəl şərait yaranır, sonra hadisə olur. Əgər həmin şəxs ora gələndə  orada mühafizəni təşkil edən şəxslərin istər vizual, istərsə də nəzarət kamerası ilə baxanda diqqətini çəkərsə, onda onu araşdırar və nəzarətçi aidiyyəti üzrə önləyici tədbirlər görə bilər. Yəni beyində terror kimi bir dəhşəti seçmiş adam pəncərədən də içəri girə bilər. Ümumiyyətlə, universitet və məktəblərdə ehtiyat çıxış qapısının olması, içəridə fövqəladə vəziyyətdə hərəkəti göstərən lövhələrin olması, hər mərtəbədə fövqəladə vəziyyətdə səsgücləndiricinin yerləşdirilməsi vacibdir. Çünki onun sayəsində içəridəkiləri məlumatlandırmaq olar ki, bu da həmin şəxslərin təhlükəsizliyi üçün faydalı olar. Yəni Neft Akademiyasındakı hadisədə məlumatsızlıqdan insanlar nə etməli olduğunu bilmirdilər və hətta həmin hadisədə özünü yuxarıdan atanlar da oldu. İçəridə mərkəzləşmiş siqnalizasiya sisteminin olması və yaxınlıqdakı DİN-in polis bölməsinə birbaşa bağlanılması hadisə vaxtı məlumatın daha operativ şəkildə hüquq-mühafizə orqanına ötürülməsini təmin edər. Və qısa zaman ərzində polis əməkdaşları orada olarlar. Ona görə hesab edirəm ki, universitetlərdə bu kimi hallara xüsusi diqqət yetirilməlidir".
 
Aynurə Pənahqızı
sherg.az
neymar.az
0.027943849563599