Diqqət, istirahət ayları başladı: Meşə yanğınları...- Elmar Nurəliyev

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.
Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün də hər il Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd təsərrüfatı nazirlikləri fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə əhaliyə müraciət edir ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. İsti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını daha da artırır. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii,

idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır. İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir. Bəs insanlar hansı təhlükəsizlik qaydalarına riayət etməlidirlər?
Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlama verib. Ekspert vurğulayıb ki, meşə yanğınlarına xüsusən yay aylarında daha çox rast gəlinir: "İnsanlar istirahət etmək üçün meşənin ətrafına gedirlər.

Orada od qalayır, yemək-içmək təşkil edirlər və sonda odu tam söndürmədən, yaxud sönməsinə əmin olmadan gedirlər ki, bu da sonda alışmaya, yanğına səbəb olur. Ümumiyyətlə, meşə ətrafı hər zaman çirkli tullantılardan təmiz olmalıdır. Ora məişət tullantıları atmaq, ətrafı zibilləmək olmaz. Bu, ən birinci yanğın təhlükəsi yaradan səbəbdir. Hətta şüşə butulkalarının quru ot üzərində olması və günəş şüalarının onun üzərinə davamlı düşməsi nəticəsində yaranan istilik səbəbindən alışma ola bilir. Ona görə də mütləq insanlar meşə ətrafında istirahətə gedəndə açıq oddan istifadə etdikdən sonra odun tam sönməsinə əmin olsunlar və daha sonra ərazini tərk etsinlər".
Elmar Nurəliyev əlavə edib ki, siqareti söndürmədən yerə atmaq, nasaz maşını meşə ətrafında təmir etdikdə yerə dağılan yanacaq və yağlar da yanğına səbəb olan amillərdəndir:
"Habelə, meşəyə atılan məişət və kimyəvi tərkibli tullantılar da yanğın təhlükəsi yaradır. Nəzərə almaq lazımdır ki, meşədə baş verən yanğınlar həm ətraf mühitə, həm ekoloji təhlükə, həm də insanların həyat və sağlamlığına təhlükə yaradır. Bir faktı da qeyd edim ki, meşə ərazisinin relyefi mürəkkəb olduğuna görə yanğın zamanı yanğınsöndürənlərin işini çox çətinləşdirir. Ona görə də insanlar bu kimi məsələlər də daha diqqətli olmalı və yanğın təhlükəsi yaratmamaları üçün məsuliyyətli davranış sərgiləməlidirlər".

neymar.az

0.024964094161987