Elmar Nurəliyev :Qarabağı yanğın risqlərindən qorumaq Vətən müharibəsindən sonra yeni ümummilli problem kimi...

Elmar Nurəliyev: “Bu cür ərazilər mürəkkəb relyefli ərazilərdir, bura xilasedicilərin gəlməsi, ağır texnikaların cəlb olunması, təbii ki, çox çətindir, ona görə də, hər kəs yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi özünün bir nömrəli vəzifəsi saymalıdır”

img

Yanğın təhlükəsinin təbiətin, insanların, infrastrukturun və sair məhvinə yol açdığı gizlin deyil. Bu gün qardaş Türkiyədə davam edən yanğınlar nəticəsində baş verən faciələr bütün dünyanı, insanlığı sarsıdır, kədərləndirir. Heç şübhəsiz, yanğının baş verməsinin bir neçə səbəbi var, bu, vətəndaşın ehtiyatsız davranışı ilə də bağlı ola, qəsdən də, məqsədli şəkildə də törədilə bilər. Bütün hallarda insanlar yanğın təhlükəsinə yol açan heç bir hərəkətə yol verməməlidir.

Bildiyimiz kimi, Azərbaycanın bəzi rayonlarında da meşə zolaqlarında yanğın hadisələri baş verib, lakin hələ bu yanğınların vətəndaş ehtiyatsızlığından baş verdiyi, yaxud qəsdən törədildiyi haqqında rəsmi açıqlama yoxdur. Bu hadisə də göstərir ki, yanğın təhlükəsinə qarşı mümkün qədər ehtiyatlı davranmalıyıq. Xüsusən də işğaldan azad edilən rayonların ərazində yanğına səbəb ola biləcək hallara yol verilməməlidir. 

Bilirik ki, işğaldan azad edilən Qarabağda tikinti-quruculuq, bərpa işləri aparılır. Bu baxımdan, Qarabağda çalışan, xidmət göstərən hər bir kəs məsuliyyətli olmalıdır və yanğın təhlükəsizliyi qaydalarına etməlidir. Bu, sadə vətəndaşdan tutmuş fermerlərə, sahibkarlara, biznes strukturlarının təmsilçilərinə, orada işləyən şirkətlərin əməkdaşlarına, bir sözlə, hamıya aiddir. Hər bir vətəndaş yanğın təhlükəsizliyi ilə bağlı bütün qaydalara əməl etməyə məsuliyyət daşıyır.

Xüsusən də nəzərə alsaq ki, Qarabağda minalanmış ərazilər çoxdur, düşmənin minalanmış ərazilərin xəritələrini verməməsi nəticəsində bir çox yerlərdə hələ də çoxlu sayda basdırılmış minalar qalır. Bu halda istənilən kiçik bir ehtiyatsızlıq ərazinin alovlanmasına səbəb olar və o yanğını lokallaşdırmaq, onun qarşısını almaq mümkünsüz hala çevrilər. Odur ki, minalanmış ərazilərdə daha ehtiyatla davranmaq tələb olunur. Əlbəttə, belə ərazilərdə kiçik bir qığılcım böyük fəlakətə gətirib çıxarar, yanğının miqyasının artması risqini yaradar. Ekspertlər deyir ki, Qarabağda, xüsusən də minalanmış ərazilərin yaxınlığında hər kəs ehtiyatlı olmalıdır.

  • “Qarabağın yanğından təhlükəsizlik konsepsiyasının hazırlanması çox vacib bir vəzifə kimi qarşıda durur”

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yanğınların böyük əksəriyyəti yay aylarında baş verir, bunun da, şübhəsiz, insan faktoru ilə əlaqəsi var. E.Nurəliyevin sözlərinə görə, insanlar istirahətə getdikləri vaxt çox zaman təhlükəzlik tədbirlərinə əməl etmirlər, meşədə, təbiətdə açıq oddan istifadə edirlər, yanğın təhlükəsinə səbəb olan hallara yol verirlər. O hesab eidr ki, müvafiq quruimlar vətəndaşlar arasında yanğın təhlükəsizliyi ilə bağlı maarifçilik tədbirlərini gücləndirməlidir, eyni zamanda da qabaqlayıcı tədbirlər görməlidir. “Burada ən vacib məsələlərdən biri hər bir bölgənin coğrafiyasına, relyefinə, şəraitinə uyğun olaraq təhlükəsizlik konsepsiyasının hazırlanmasıdır. Bu gün işğaldan azad edilən Qarabağın yanğından təhlükəsizlik konsepsiyasının hazırlanması çox vacib bir vəzifə kimi qarşıda durur. İşğaldan azad edilən rayonlarımızda, Qarabağda hazırda tikinti-quruculuq, bərpa işləri aparılır. Eyni zamanda da azad edilən ərazilərimizin xeyli hissəsində hələ də mina təhlükəsi var. Bu baxımdan minalanmış ərazilər ən böyük təhlükə mənbələrindən biridir. Vətəndaşlar nəzarətsiz yerlərdən keçib minalanmış sahəyə daxil ola bilər və nəticədə mina partlayışı baş verər, insanlar xəsarət ala bilər, həyatını itirər, nəqliyyat vasitəsinə, əmlaka ziyan dəyə bilər. Eyni zamanda mina partlayışından sonra yanğın təhlükəsi yarana bilər. Aidiyyəti qurumıar bununla bağlı önləyici tədbirlər görməlidir”.

Vətəndaş məsuliyyətinə gəlincə, E.Nurəliyev qeyd etdi ki, bu gün Qarabağda fəaliyyətdə olan hər bir şəxs, qurumun təmsilçisi öz məsuliyyətini dərk etməli və yanğın təhlükəsinə təhlükəsinə səbəb ola bilcək heç bir hərəkətə yol verməməlidir. Ekspertin sözlərinə görə, vətəndaş ehtiyatsızlığı böyük bir yanğın ocağının alovlanmasına səbəb ola bilər. “Vətəndaşlar bilməlidir ki, getdiyi yerin, ərazinin strukturuna uyğun olaraq ilkin təhlükəsizlik biliklərinə malik olmalıdır. Təbii ki, vətəndaşa müvafiq qurumlar tərəfindən təhlükəsizliyə aid ilkin bilgilər verilməlidir. Vətəndaş bilməlidir ki, minalanmış ərazilərə nəzarətsiz yerlərdən keçərək daxil olmaq olmaz. Onun minalanmış əraziyə daxil olması öz həyatını təhlükəyə atması deməkdir. Minalanmış ərazidə od qalamaq, açıq oddan istifadə etmək, siqareti çəkib söndürmədən kötüyünü yerə atmaq yanğın təhlükəsi yaradır. Təsəvvür edin ki, minalanmış ərazidə ehtiyatsızlıqdan baş verən kiçik bir yanğın böyüyərək neçə geniş miqyas ala bilər və söndürülməsi mümkün olmaz. Böyük bədbəxt hadisələrə gətirib çıxara bilər. Ona görə vətəndaşlar da məsuliyyətli olmalıdır. Bu cür ərazilər mürəkkəb relyefli ərazilərdir, bura xilasedicilərin gəlməsi, ağır texnikaların cəlb olunması, təbii ki, çox çətindir, ona görə də, hər kəs yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi özünün bir nömrəli vəzifəsi saymalıdır. Vətəndaş məsuliyyətsizliyi genişmiqyaslı yanğınlara, fəlakətlərə gətirib çıxara bilər”-deyə E.Nurəliyev qeyd etdi.

İradə SARIYEVA

0.032105922698975