Türkiyədəki yanğınlardan hansı nəticələri çıxarmalıyıq? - Elmar Nurəliyev

Məlum olduğu kimi, bir neçə gündür qardaş Türkiyə meşə yanğınları ilə mübarizə aparır. Baş verən hadisə əvvəlcə iqlim dəyişikliyi, qlobal istiləşmə kimi təbii təbiət hadisələri ilə əlaqələndirilsə də, artıq hadisənin terror hadisəsi olması da ehtimal edilir və yanğınları törətməkdə şübhəli bilinən bir neçə şəxs həbs edilib. PKK terror təşkilatına bağlı “Alovun uşaqları” adlı terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürməsi isə fəlakətin təbii hadisədən çıxıb, terror hadisəsi olması ehtimallarını bir az da artırıb.

Baş verənlər həm də Azərbaycanın Türkiyə ilə əlaqələri və münasibətlərin artan xətt üzrə inkişafı baxımından dəstəyi və Azərbaycanı daha çox maraqlandırır. Bu maraq münasibətlər müstəvisindən əlavə həm də bir ortaq problemi də gündəmə gətirir. Belə ki, Azərbaycanın işğal alıtnda olan əraziləri də 30 il ərzində müxtəlif terror aktları ilə yanaşı, ekoloji terror hadisələrinə də məruz qalmış, ərazilərimizə atılan fosfor bombaları, meşələrin qırılması, torpaqlarımızın istsimar edilməsi baş verib. Bəs, belə olan halda, Türkiyədəki yanğından biz hansı nəticələr çıxarmalıyıq? Qardaş ölkədə baş verənlər bizə nə öyrətdi?

 
Elmar Nurəliyev, ekspert

Mövzunu KONKRET.az-a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mənfur niyyətli insanlar çirkin əməllərini həyata keçirmək üçün hər zaman mövcud vəziyyəti nəzərə alaraq münbit şərait axtarırlar ki, planlarını həyata keçirsinlər: “Təbii ki, araşdırmalardan sonra hadisənin hansı müstəvidə, necə baş verməsi məlum olacaq. Əgər, ehtimal olunduğu kimidirsə, bundan o nəticə çıxır ki, bu kimi adamlar niyyətlərini həyata keçirməmişdən əvvəl bu plan üzərində işləyir, boşluqları müəyyən edir və o boşluqları müəyyən etdikdən sonra niyyətlərini həyata keçirmək üçün əlverişli mühiti gözləyirlər. Əlverişli mühit də nələrinsə diqqətdən kənar qalması, boşluqların olması və s-dir. Yəni öz niyyətlərini həyata keçirmək üçün əlverişli şəraitin olması onları bu hadisəni törətməyə sövq edir.

Ona görə də mütləq harda ki, boşluqlar var, diqqətdən kənar qalan amillər var onlar əvvəlcədən nəzərə alınmalı, qabaqlayıcı tədbirlər görülməlidir ki, bu kimi niyyətlərin həyata keçirilməsində əngəllər olsun, yəni çirkin niyyətli şəxslər niyyətlərini böyük miqyasda həyata keçirə bilməsinlər. Yəni keçirə bilsələr belə, görülən tədbirlər nəticəsində hadisənin miqyası kifayət qədə kiçik olsun, ilk fürsətdə qarşısı alınsın. Belə olan halda, insanların zərər çəkməsi də daha az olur, əmlaka, iqtisadiyyata, turizmə və digər sahələrə də daha az zərər dəyir”.

“Ümumiyyətlə, mövsümdən asılı olmayaraq həm insanların, həm də aidiyyəti üzrə müvafiq qurumların ərazi üzrə xarakterik olan təbii fəlakətlərə, fövqəladə hadisələrə qarşı müdafiə tədbirləri, təhlükəsiz təxliyyə planları, təhlükəsizlik qaydalarına aid olan tədbirlər planı olmalıdır. Nəzərə almaq lazımdır ki, hər il ölkədə çox sayda təbii hadisələr baş verir. Məsələn, keçən il təbii və texnogen qəzalarında 14 min 780 təbii və texnogen mənşəli qəza baş verib və bu qəzalarda 87 nəfər həlak olub. 2019-cu ildə isə 16 min 571 qəza baş verib. 2021-ci ilin birinci rübündə isə 6660 təbii və texnogen mənşəli qəza baş verib ki, burda da 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Ümumiyyətlə, 2020-ci ildə respublika ərazisində 2118 yanğın hadisəsi olub ki, hadisə nəticəsində 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb. 2020-ci ildə isə 82 partlayış hadisəsi baş verib. Ümumiyyətlə, hər il istehsalatda 200-dən çox qəza hadisəsi baş verir ki, burda da yüzlərlə insan xəsarət alır. Ona görə də hər ərazinin özünəuyğun xarakteristikası olan təbii fəlakətlər, fövqəladə hadisələr, yəni vulkan püskürməsi, sürüşmə zonası, meşə sahəsi ətrafında yanğınlar, sel-daşqın, zəlzələ, qasırğa, tufan və təhlükə riskli istehsalat sahələrinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşən insanların da mütləq həmin ərazi üzrə təhlükəsizlik qaydalarına riayət etməli olduğuna dair davranış qaydaları, təhülkəsiz təxliyyə planı, təhlükəsiz toplanış məntəqəsi barədə maarifəndirilməsi və fövqəladə hadisə riski olan yerlərlə bağlı təhlükəsizlik təlimatı olmalıdır. Bütün bunlar hamısı insanların və aidiyyəti üzrə müvafiq qurumların öncədən hazırladığı təhlükəsizlik tədbirlər planının bir konsepsiyası olmaldır”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, aidiyyəti üzrə müvafiq qurumlar təhlükə riskli ərazilərin xarakteristikasına nələrin uyğun olub-olmamasını bilməli və insanların mütəmadi maarifləndirilməsi həyata keçirilməlidir: “Fövqəladə hadisə riski olan ərazilərdə insanların təhlükəsiz təlimatları həm evlərdə, həm müvafiq qurumlarda, həm də bu kimi ərazilərdə sahibkarlıq fəaliyyətləri ilə məşğul olan obyektlərdə olmalıdır. Yəni mütləq surətdə insanlar bilməlidir ki, hadisə vaxtı nə edib-etməməlidirlər. Yaxud, hadisədən əvvəl nə etməlidirlər ki, hadisənin baş vermə riski minimuma ensin. Bu, həm müvafiq dövlət qurumlarının konsepsiyasında olmaldır ki, öncədən hazırlıqlı olsun və nəzarət planı həyata keçirsinlər, həm də insanlar bilməlidirlər ki, əvvəlcədən hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, bu cür hadisələr baş verməsin, baş verərsə, özlərini necə müdafiə etsinlər və daha az zərərlə xilas olsunlar”.

“Təbii ki, bütün bunlar da ərazinin yerləşdiyi coğrafi relyefin xarakteristikasına uyğun olaraq həyata keçirilməlidir. Məsələn, meşə ərazisidirsə, burada yanğın təhlükəsi ola bilər. Ona görə də ərazidəki evlər mütləq təhlükəsizlik qaydalarına riayət etməli və bilməlidirlər ki, meşə sahəsində açıq oddan istifadə etmək olmaz. Əgər istifadəyə zərurət yaranarsa, alov tam söndürüləndən sonra ərazini tərk eləmək lazımdır. Həmçinin istirahət mərkəzləri də bu qaydalara əməl etməli və bilməlidir ki, meşə sahəsində yanğınlar baş verə bilər və bu yanğınlar çox geniş miqyasda olar, ərazinin coğrafi relyefinə uyğun olaraq yanğının söndürülməsi çox çətinliklə həyata keçirilə, yəni, əraziyə xüsusi texnikaların, canlı qüvvənin gəlməsi çox çətin ola bilər. Həm buna böyük qüvvə lazımdır, həm də gec vaxta baş tuta bilər ki, bu da əmlaka, insanlara ziyan vura bilər. Ona görə də təhlükəsizlik qaydalarına öncədən riayət olunmaqla, ciddi yanaşılmalıdır”, – deyə Nurəliyev vurğulayıb.

Mütəxəssis əlavə edib ki, müvafiq dövlət qurumları bununla bağlı mütəmadi olaraq maarifləndirilmə və monitorinq həyata keçirməlidir ki, baş verən pozuntuları vaxtında qeydə ala bilsin və qabaqlayıcı tədbirlər görməklə hadisənin daha geniş miqyasda baş verməsinin qarşısını ala bilsinlər: “Təbii ki, bu gün geniş vüsət alan meşə yanğınlarından söhbət gedir, amma təhlükə riski yüksək potensiallı olan başqa sahələr də var. Ona görə, bu məsələlərə kompleks yanaşmaq lazımdır. O ki, qaldı insanların təhlükssizlik qaydalarına, təbii ki, insanlar da bilməldirlər ki, getdikləri yerdə əməl edilməsi lazım olan tədbirlər planı var. Məsələn, məişət tullantılarının əraziyə atılması belə, yanğın təhlükəsi yarada bilər. Şüşə butulkalarının Günəş şüası ilə təmas etməsi yanğın səbəb ola bilər və s. Yəni, bütün ərazi məişət tullantılarından və təhülkə riski olan ləvazimatlardan təmizlənməli, aidiyyəti qurumlar da həmin yerlərin təmiz saxlanılmasına nəzarət etməlidir. Buna görə də bu konsepsiyaya həm də bu yöndən yanaşmaq lazımdır. Təbii ki, insanlar da, aidiyytəi üzrə müvafiq qurumlar da bu qaydalara riayət etməli, nəzarəti və məsələnin məsuliyyətini dərk etməlidir”.

Tural İsmayilov, politoloq

Politoloq Tural İsmayılov isə KONKRET.az-a açıqlamasında PKK terror təşkilatının müxtəlif dövrlərdə Türkiyə dövlətinə qarşı müxtəlif təxribatlar həyata keçirdiyinə toxunub: “PKK “rəhbərləri”nin hələ illər əvvəl verdikləri açıqlamalarında silahları tükəndikdə, döyüşçüləri olmadıqda və üzv elədikləri terrorçular məhv edildikdə Türkiyənin meşələrini yandıracaqları ilə bağlı verdikləri bəyanatlar var.

Son bir neçə gün ərzində PKK-ya bağlı olan sosial media səhifələrində paylaşılan statuslar da bir daha sübut edir ki, meşə yanğınlarının arxasında terror qruplaşması dayanır. Lakin Türkiyə uzun illər ərzində müxtəlif terror hücumlarına məruz qalıb və terrorun müxtəlif hədələrinə baxmayaraq, Türkiyə xalqı dövləti ilə həmrəy olaraq həmişə terror hücumlarından tam olaraq çıxıb”.

“Təəssüflər olsun ki, Türkiyədə meşələrin yandırılması dünya ekosistemi üçün də ciddi həyəcan siqnalı olmalıdır və mən düşünürəm ki, bu terror hücumlarının artıq təkcə siyasi mesajı yoxdur və buna yalnız Türkiyə deyil, eyni zamanda, dünyanın ekoloji təhlükəsizliyi və qlobal fəlakətlərin qarşısının alınması ilə bağlı missiyaları olan qurumlar, təşkilatlar, hətta böyük dövlətlər də reaksiya verməlidir”, – deyə politoloq vurğulayıb.

İsmayılov əlavə edib ki, bu gün Azərbaycan xalqı və dövlətinin də belə həssas məsələdə Türkiyə ilə bir yumruq halında birləşməsi həm də dünyaya siyasi mesaj verməklə yanaşı, hər iki ölkənin və xalqın dünya planetar, ekoloji məsuliyyət şüuruna malik olduqlarını ortaya qoyur: “Çünki biz özümüz də dəfələrlə ekoloji terrora məruz qalmışıq. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi dövründə ermənilər Şuşa meşələrinə fosfor bombaları atıblar, eyni zamanda çaylarımızı çirkləndiriblər və bununla bağlı hələ ki, biz beynəlxalq güclərdən doğru-dürüst cavab almamışıq. Lakin buna baxmayaraq, Azərbaycanın ekoloji terror və ekoloji fəlakətlərə qarşı vahid konsepsiyasi var, bundan əvvəl də bir neçə dəfə təbii fəlakətlər baş verib və Azərbaycan dövlət qurumları hadisəyə çevik və anında reaksiya verib”.

“Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bundan sonra hansısa beynəlxalq təşkilatlardan doğru-dürüst mövqe gözləməsək də, Türkiyə dövlətinin həmişə bütün fəlakətlərdən başı uca çıxdığını və xalqın vəhdəti, həm də qardaş ölkə Azərbaycanın mənəvi, siyasi və texniki dəstəyi ilə bu prosesdən də alnı açıq şəkildə çıxacağını və ümid edirəm. Şübhəsiz ki, belə vəhşiliklərə imza atanlar tezliklə tapılacaqlar və bu hadisələri törədən terrorçulara qarşı dünya səviyyəsində də etirazların göstərilməli olduğunu düşünürəm”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

neymar.az

0.033327102661133