“Narkotik insanı diri-diri öldürür” – Elmar Nurəliyev

“İmkan verməyək ki, bu amansız narkotik genefondumuzu məhv etsin”
 
Daha bir gənc narkotik istifadəsinin qurbanı olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə narkotik vasitə qəbul edən gəncin qeyri-adekvat hərəkətləri əksini tapıb. Özünü idarə etməkdə çətinlik çəkən şəxs yerdə uzanaraq anormal hərəkətlər edib.
 
Təəssüf ki, cəmiyyətimizdə gənclərin narkomaniyaya aludə olması geniş vüsət alıb. Hətta hər gün narkotik qurbanı olanlarla bağlı xəbərə rast gəlirik. Təbii ki, bu durum təhlükənin ciddiliyindən xəbər verir. Maraqlıdır, durumun getdikcə pisləşməsində genefondumuzun məhvində maraqlı olanlar qüvvələrin “əli” varmı?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin “Sherg.az”a açıqlamasına görə, narkotik bəşər tarixinin elə bir bəlasıdır ki, insanı diri-diri öldürür:
 
“Yaşayaraq öldürür insanı. Təəssüflər olsun ki, son vaxtlar bu səpkidə xəbərləri demək olar ki, hər gün eşidirik. Dövlət komitəsinin hesabatında keçən il 4000-dən çox şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunması, onlardan 5 nəfərin 16-18 yaş arasında və 80 nəfərdən çoxunun isə qadın olması vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
 
Sevindirici hal odurki artıq bununla bağlı hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb edilir. İnsanlar özləri də bu işdə sosial məsuliyyəti dərk etməli, ictimai nəzarəti gücləndirməli, belə şəxslər barədə məlumatları dərhal hüquq mühafizə orqanlarına verməlidir.
 
Valiyenlər diqqətli olmalı, övladlarına narkotik, pis vərdişlərin nə qədər zərərli olması barədə məlumat verməlidir. Uşaqların boş vaxtlarını onların sevdikləri işlərlə məşğul olmasına yönəltmək lazımdır. Eyni zamanda gənc yaşlardan idman, rəqs, rəssamlıq və s. kimi sahələrə marağın formalaşması üçün şərait yaradılmalıdır. Düşünürəm ki, uşaqların həvəsi və marağı olduğu sahələrə yönləndirmək onların pis vərdişlərə qurşanmasının qarşısını alır”.
 
E.Nurəliyev vurğulayıb ki, qloballaşan dünyada sosial media, internet resurslarında narkotik vasitərin təbliği ilə bağlı olan musiqilər, video-roliklər, bu kimi videolar çəkən, səsləndirən blogerlərə ciddi nəzarət olmalıdır:
 
“Onlara sosial şəbəkələrdə, internet resurslarında bu kimi hallar tam qadağan olunmalıdır və hüquq- mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilməlidirlər. Nəzərə almaq lazımdır ki, bu, bütün cəmiyyətin bəlasıdır. Gələcəyimiz ancaq sağlam düşüncəli, sağlam həyat tərzi sürən insanlarla gözəl olacaq. İmkan verməyək ki, bu amansız narkotik genefondumuzu məhv etsin”.
sherg.az
neymar.az
0.042214870452881