Vulkanik ərazilərdə tikilən evlər sığortalanıbmı?- Elmar Nurəliyev

Ekspert: “İnsanlar təbii fəlakət baş verən ərazidə yaşayırlarsa, öncə həyati təhlükə ilə bağlı risklər qiymətləndirilməlidir”

Bir neçə gün öncə Daşlı ada yaxınlığında baş verən güclü vulkan püskürməsi bir çox problemləri də aktual edib. Nəzərə alınsa ki, vulkanik ərazilərdə xeyli evlər tikilib, buradakı tikililərin hər an təhlükədə olması qaçılmazdır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli də qəzetimizə açıqlamasında bildirib ki, vaxtilə vulkan püskürən ərazilərdə çoxlu evlər tikilib, bu isə olduqca təhlükəlidir: “Abşeronda palçıq vulkanları olduqca çoxdur. Bunu hər zaman demişik, dünyada 2 min palçıq vulkanı varsa da, bunun çoxu Azərbaycandadır. Haradasa 200-dən də çoxdur. Abşeron, Qobustan, Xəzər dənizində palçık vulkanaları var. Aktiv, passiv vulkanlar var. Elə vulkanlar da var ki, vaxtilə püskürüb, indi heç bir fəaliyyəti yoxdur. Lökbatan, Şıxvərli, Qobu Buzdağ  kimi vulkanlar dəfələrlə püskürüb, amma əhali üçün təhlükə yaradacaq hər hansı fəsadlar da törətməyib. Amma narahat olacaq digər məqamı diqqətdə saxlamaq lazımdır. Palçıq vulkanın üstündə ev tikirlər. Evlərdə çatlar əmələ gəlir. Fikirləşmirlər ki, burada vaxtilə vulkan püskürüb. Xarici ölklərdə zərərçəkənlərə hökumət bir qəpik də vermir. Deyirlər ”gedin sığorta elətdirin". Problem yarananda da onlar ödəyirlər. Amma bizimkilər öyrəniblər, hökumətdən  kömək istəsinlər. Prezident sağ olsun, Zaqatalada, Balakəndə, digər sürüşmə zonalarında zərərçəkənlərin hamısına kömək edib. Amma belə olmamalıdır, birincisi orada ev tikilməməlidir. Heç olmasa, həmin evlər sığorta olunmalıdır". 

Bəs görəsən, Xəzərdəki son partlayışdan sonra o ərazilərlə bağlı nəsə plan olacaqmı?

Elmar Nurəliyev: "Qaz detektorları dövlət qurumlarının nəzarəti altında  quraşdırılmalıdır". - YouTube

 Elmar Nurəliyev

Təhlükəsizlik eksperti Elmar Nurəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu məsələyə biganə yanaşılmamalıdır. Belə hadisələr zamanı insanlar daha az zərər çəkməli, özlərini müdafiə etməyi, qorumağı bacarmalıdırlar. Mütləq şəkildə təhlükə ilə bağlı risklər varsa, aradan qaldırılmalıdır. Vulkan püskürməsi, zəlzələ, sunami bunlar hamısı təbii mənşəli fövqəladə hallar sayılır. Ümumiyyətlə, təbii mənşəli fövqəladə hallar zamanı riayət edilməli bir sıra təhlükəsizlik qaydaları olmalıdır. İnsanlar təbii fəlakət baş verən ərazidə  yaşayırlarsa, ilk olaraq həmin ərazidə həyati təhlükə ilə bağlı risklər qiymətləndirməlidir. Təbii ki, burada dövlət səviyyəsində konsepsiya hazırlanmalıdır. Yəni əgər ərazi seysmik zonada yerləşirsə, vulkan püskürməsi, vulkan yataqlarının yanında yerləşirsə, yaxud da dənizə yaxındırsa, sunami, sel və yaxud elə bir yerdədir ki, orada uçqun, sürüşmə təhlükəsi ola bilər, orada yaşayan insanların hansı təhlükəsizlik qaydalarına riayət etmələri haqqında ilkin bilikləri olmalıdır. Bunu bir neçə qurum həyata keçirməlidir. Tək bir qurum deyil, ən azı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar bu işə cəlb olunmalıdır. İnsanlara ilkin təhlükəsizlik qaydaları haqqında müəyyən məlumatlar verməlidirlər. Yəni onlar bilməlidir ki, məsələn, o gün baş verən  vulkan püskürməsi zamanı nə etmək lazım idi”.

Ekspert qeyd edib ki, bu cür fövqəladə hallarda birinci növbədə insanların çölə çıxmaması lazımdır: “Açıq havada qalmaq olmaz. Hadisə baş verən kimi Operativ Qərargah kimi koordinasiya qrupu yaradılmalıdır, insanlar həmin koordinasiya qrupunun tələb və göstərişlərinə mütləq  riayət etməlidir, yəni ciddi yanaşmalıdırlar. Mütləq göz eynəyi, nəfəslik olmalıdır, nəzərə almaq lazımdır ki, vulkan püskürmələri zamanı  zəhərli qazlar əmələ gəlir. Kül, müəyyən daş süxurların qırıntıları insan sağlamlığı üçün təhlükəli ola bilər. Evə hava axınının daxil olmasının da qarşısı alınmalıdır. Daha sonra qərargahın verdiyi qərarlar əsasında insanlar təhlükəsiz əraziyə təxliyə olunmalıdır. Təhlükə potensialı riski olan ərazidə yaşayan insanların hər birinin evində təhlükəsiz təxliyə planı olmalıdır, yəni bu evdə yaşayan insanlar bilməlidirlər ki, bu cür fövqəladə hadisə baş verərsə, nə etməlidirlər. Hər bir ailə üzvü üçün, hətta ev heyvanlarının da təxliyə planı olmalıdır. Çünki belə hadisələr zamanı insanlar sığınacağa yerləşdirilirsə, ev heyvanları təbii ki, sığınacaqlara aparılmır. Bəs onların taleyi necə olur? Bu baxımdan onların yerləşdirilməsi də nəzərə alınmalıdır. Ona görə hər bir evdə təhlükəsiz təxliyə planı olmalıdır. Ehtiyat çıxış qapısı harada olmalıdır, insanlar harada toplaşmamalıdır, bunları da bilməlidirlər. Hətta uşaqlar bilməlidirlər ki, fövqəladə vəziyyət vaxtı kimə zəng vurmalıdırlar. Ailəyə yaxın bir adamın nömrəsini bütün ailə üzvləri bilməlidirlər ki, eyni vaxtda hara, kimə zəng vursunlar”.

Elmar Nurəliyev digər təhlükəsizlik qaydaları barədə də məlumat verib: “Hadisə baş verən vaxt evdə qaz, elektrik şəbəkəsinin hardan ayrılmasını, qazın hardan söndürülməsini hamı evdə bilməlidir. Evdəki vacib sənədlər, pul, köməyə çağırış üçün fit, fənər, ilkin tibbi yardım vasitələri - dərman preparatları, suyu  yerləşdirmək üçün çanta (su keçirməyən, oda davamlı)  olmalıdır. Çantanı qapının çıxış qapısında bir yerdə saxlamaq lazımdır ki, hadisə vaxtı götürüb tez bir zamanda ərazini tərk etmək mümkün olsun. Yəni bir sözlə, fövqəladə vəziyyət zamanı insanlar daha az zərərlə oradan ayrılmalıdırlar. Bunun üçün mütləq onların ilkin məlumatları olmalıdır.

Vulkan, seysmik zona, sürüşmə, təbii mənşəli fövqəladə halların baş verdiyi yerlərdə bu evlərin tikintisinə icazə verilməsi sual doğurur. Əgər burada həqiqətən də insanların yaşaması, sağlamlığı üçün təhlükə riski varsa, nəyə əsasən icazə verilib. Insanlar yaşayır, işıq, qaz, digər kommunal xidmətləri ödəyirlər, təbii ki, bu qeyri-qanuni tikilməyib. Hansısa qurum deyə bilməz ki, xəbəri yoxdur. Bu torpaqlar bələdiyyənin, müvafiq icra orqanının balansındadırsa, onun ərazisindədirsə, onların xəbəri yoxdurmu ki, burada - palçıq vulkanının yanında hansısa bir tikili var?! Burada məsələyə kompleks yanaşılmalıdır. Həmin qurumların məsuliyyəti olmalıdır. Nə zaman həmin qurumlar insanlara təlim keçdilər? Nə zaman insanlara ilkin məlumatlar verilib? Axı vulkan püskürməsini əvvəldən heç kim xəbər verə bilməz. İnsanlar təhlükəsizlik tədbirlərini bilməlidirlər ki, nə vaxtsa, hadisə olanda  həmin vaxt zərər çəkməsinlər, heç olmasa hadisə baş verən zaman ilkin bilikləri olsun.

Onu da qeyd edim ki, hadisə zamanı avtomobildən istifadə etmək olmaz, avtomobilləri qarajda saxlamaq lazımdır, heyvanları da qapalı yerdə saxlamalıdırlar. Ümumiyyətlə, həmin ərazilərdə yaşayan əhali  gündəlik məlumatlardan xəbərdar olmalıdır. Seysmik proqnozlar olarsa, insanların diqqətinə çatdırılmalıdır, televiziya, radio vasitəsilə xəbərlər ötürülməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

neymar.az

0.02852201461792