Əgər 4-5 dəqiqə keçməyibsə həyata qaytarmaq olar - Elmar Nurəliyev

Yay aylarının gəlməsi ilə hər kəs istirahət üçün çimərliklərdə və göl kənarlarında toplaşır. Xüsusilə çimərliklərə əksəriyyətin ailəvi və azyaşlı uşaqlarla birlikdə getdiyini nəzərə alsaq, təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirmək mütləqdir. Bəs hər kəs təhlükəsizlik qaydalarına düzgün riyaət edirmi? Hər yay baş verən boğulma hadisələrinin qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az saytına açıqlama verib:

Ekspert bildirib ki, yay mövsümü başlayanda çimərliklərə ümumi texniki baxış keçirilməlidir:

“ Hər il yay mövsümü başlayanda çimərlikdə boğulma təhlükəsi ilə üzləşən, boğularaq həyatını itirən insanlar haqqında xəbərlər eşidirik. Burada insanların təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşması, çimərlikdə təhlükəsizlik qaydalarına riayət etməməsi halları olduğu kimi, digər tərəflərin, yəni çimərliyin qeyri-çimərlik olması və orada nəzarətin olmaması da durur. Ümumiyyətlə, çimərlikdə təhlükəsizlik məsələsi kompleks yanaşmalı olan tədbirlər planıdır. Yəni tək xilasedicinin olması təhlükəsizlik tədbirlərinin görülməsi demək deyil. Hər il çimərliyə texniki baxış keçirilməlidir. Yalnız müsbət rəydən sonra çimərliyin fəaliyyətinə icazə verilməlidir. Çimərlik mövsümü başlamamışdan qabaq sualtı baxış keçirilməli, suyun dibinin relyefi, fiziki aşınmaya məruz qalması, sualtı yarğanların, axınların olub-olmaması öyrənilməli, orada insanların həyat və sağlamlığı üçün təhlükə riski yoxdursa çimərliydən istifadəyə icazə verilməli, yox əgər varsa, əlbəttə ki, icazə verilməməlidir.”

Həmçinin o, vurğulayıb ki, dövlət qurumları qanun pozuntusunu aradan qaldırmayan yerlərin fəaliyyətinə icazə verməməlidir:

“Çimərlikdə təhlükəsizlik məsələsinin üç istiqaməti var: İnsanların çimərlikdə təhlükəsizlik qaydalarına riayət etməsi, çimərlik balansında olduğu yerin orada təhlükəsizlik təbdirlərinin görülməsi məsuliyyəti və buna nəzarət edən qurumun nəzarət tədbirlərini həyata keçirməsi. İnsanlar bilməlidirlər ki, günün qızmar vaxtı 12:00-16:00 vaxtları çimərliyə getməməli, çimərlikdə spirtli içki qəbul etməməli, xəbərdaredici nişanların tələbini pozmamalı, suda kobud hərəkətlər etməməli, çimərliyi zibilləməməli, suya qayıq, kiçik gəmi, katamaran, skuter və s. vasitələri özləri ilə gətirib salmamalıdırlar. Çimərlikdə balıq tutmaq və qayaların yaxud suda olan estakadalara yaxınlaşıb suya tullanmaq yolverilməzdir. Çimərliyi işlədən şəxslərdə çimərliyi hər mövsüm başlamamışdan qabaq texniki baxışdan keçirməli, suyun dibinə baxış keçirməli, ərazidə məlumatlandırıcı və xəbərdaredici lövhələrin olmasını təmin etməli, xilasedici və nəzarətçilərin, tibbi yardım briqabasının olmasını təşkil etməli, ərazidə sanitar-gigiyena qaydalarına riayət edilməsi, ərazidə hər 500kv/m bir zibil qabının olması və bu zibil qabının sahildən 20 ən çox 50 metr məsafədə olmasını təmin etməli, hər gün səhər saat 08:00-a zibillər atılmalı və qablar dezinfeksiya olmalıdır. Çimərlikdə olan hər 75 nəfərə 1 sanitar qovuşağ düşməklə sanitar qovşaqlarını bu saya uyğun təşkil etməli və bu sanitar qovşaqlar sahildən 50 metr məsafədən az, 100 metr məsafədn çox olmamalıdır. Çimərliyə nəzarət edən dövlət qurumları nəzarəti həyata keçirərkən aşkar olunan nöqsanların aradan qaldırılmasına ciddi nəzarət etməli, qanun pozuntusunu aradan qaldırmayan yerlərin fəaliyyətinə icazə verməməlidir. Ancaq nə qədər maarifləndirmə işləri aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşır. Çimərlikdə boğulmaya birinci səbəb məhz insanların özləri , digəri isə qeyri çimərlik ərazilərin olması və burada heç bir təhlükəsizlik tədbirlərinin görülməməsidir. İnsanlar isə birinci növbədə insanlar çimərliyə gedərkən hava şəraitini nəzərə almalıdırlar. Baxaq bütün boğulma hadisələrinə .Demək olarki çoxu havanın küləkli olduğu vaxtda çimərliyə gedənlər olub.”

Son olaraq Elmar Nurəliyev çimərlikdə boğulan şəxslərə necə yardım etmək lazım olduğunu qeyd edib:

“Bir məsələni də qeyd edim ki, insanlar həmişə adətən eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini , suyun dibində daş kəsəyin olub-olmamasını bilirlər.Ancaq nəzərə almaq lazımdır ki, hava küləkli olarsa , dənizdə dalğa olarsa dünən ilə bu gün arasında fərq olar. Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar , su axınları əmələ gələr bilər . Bu da həmin insanlar üçün gözlənilməz ola bilər və sonu xoşagəlməz hadisə ilə bitə bilər. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar. Ümumiyyətlə, qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni çimərlik varsa orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb ondan sonra insanların ixtiyarına buraxılmalıdır. Bununla bağlı bir neçə dövlət qrumu müştərək işləyə bilər. Hazırda çimərliklərə Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları nəzarət edir. Demək olar ki, hər gün boğulma təhlükəsi ilə üzləşən onlarla insanı xilas edir. Onu da qeyd edim ki, boğulma hallarının demək olar ki, heç biri Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarının xidmət apardığı yerlərdə baş verməyib. Demək nəzarət olsa, çimərlikdə boğulma halları baş verməz. Yadda saxlamaq lazımdır ki, əlverişsiz havada yəni, dumanlı, yağışlı, küləkli havada dənizə girmək çox təhlükəli ola bilər. Boğulmaya məruz qalan şəxs ilk növbədə panikaya düşməli deyil. Suda boğulmanın ilk səbəbi panikadır. İnsan panikaya düşəndə çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan göyə qaldırır, ayaq barmaqlarının uclarını aşağı eləməkə yerə vurmaq istəyir. Bu da insanın suyun dibinə çökməsinə gətirib çıxarır. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxsin əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə olmaq şərti ilə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başının suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulan şəxsin müddəti 4-5 dəqiqəni keçməyibsə ilkin yardım göstərməklə həyata qaytarmaq olar. İlk yardım kimi qəbul etdiyi suyun xaric olmasını təşkil edə bilərik. Ən əsası təcili həkimə aparmaq lazmdır.”

Aytac Aslan

bakivaxti.az

neymar.az

0.030339002609253